11 Oktyabr 2025 12:07
108
DÜNYA

HƏMAS: İsraillə əsir mübadiləsi bazar ertəsi başlaya bilər

HƏMAS İsraillə əsir mübadiləsinin bazar ertəsi başlaya biləcəyini deyib. 

Adalet.az xarici mediaya istinadla xəbər verir ki, bu haqda HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuq televiziya proqramında deyib. 

Əbu Mərzuq onu da bildirib ki, HƏMAS əsirlərin təhvil-təslim prosesində heç bir hərbi mərasim və ya şənlik keçirilməyəcəyi ilə bağlı mövqe tutub.

İsrail ordusunun atəşkəsdən sonra "sarı xətt" kimi tanınan sərhədə çəkildiyini qeyd edən Əbu Mərzuq ordunun Qəzzanın təxminən 53 faizinə nəzarəti saxladığını vurğulayıb.

“İsrailin təyin etdiyi geri çəkilmə xətləri nə doğru, nə də planlaşdırılmışdır. Onlar təsadüfən müəyyən edilib. İşğalın indiki mövqelərini qoruyub saxlamasını heç vaxt qəbul etməyəcəyik”, - deyə o bildirib. 

Əbu Mərzuq həmçinin atəşkəsin icrasına nəzarət etmək üçün ABŞ əsgərlərinin bölgəyə göndərildiyini, lakin bu qoşunların Qəzza daxilində deyil, İsrail tərəfində yerləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, qarşıdakı dövr milli bir layihənin və Qəzza və İordan çayının qərb sahilində sülhməramlıların mövcudluğunun müzakirə ediləcəyi bir proses olacaq. 

Vasif ƏLİHÜSEYN