11 Oktyabr 2025 16:46
126
SİYASƏT

“Prezidentin Tacikistan səfəri Bakı ilə Düşənbə arasında münasibətlərin ardıcıl inkişafını göstərdi”

Prezident İlham Əliyevin Tacikistana səfəri Bakı ilə Düşənbə arasında münasibətlərin ardıcıl inkişafını göstərdi. İki ölkə rəhbəri bir daha dostluğa, qarşılıqlı dəstəyə əsaslanan əlaqələri bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirdi. Azərbaycan və Tacikistan beynəlxalq tədbirlər çərçivəsində görüşlər keçirir, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verir. 
MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən toplantısı isə yeni əməkdaşlıq perspektivlərinin gündəmə gəlməsi ilə yadda qaldı. Azərbaycan MDB platformasında hər zaman fəallığı ilə seçilir. Belə ki, ölkəmiz hər il keçirilən MDB Dövlət Başçıları, Hökumət Başçıları, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.
Rəsmi Bakı yalnız Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir. Heç şübhəsiz, Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur. 
Prezident İlham Əliyev Düşənbə sammitində əsasən humanitar sahədə əməkdaşlığa əsas diqqəti yönəltdi, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsini bir daha xatırlatdı. Eyni zamanda dövlət başçımız Azərbaycanın uğurla ev sahibliyi etdiyi III MDB Oyunlarını birliyin həyatında daha bir mühüm hadisə kimi qiymətləndirdi. Bu qəbildən olan tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda əməkdaşlığı möhkəmləndirməklə yanaşı bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir. Bu mənada Azərbaycan Oyunları yüksək səviyyədə təşkil etməklə bu prosesə töhfə verdi.