Ən qorxulu silah- bıçaq! - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
307 | 2025-05-31 13:23

Adamın yadına avtomat düşəndə, tüfəng düşəndə və digər silahlar düşəndə istər- istəməz qorxu hissi keçirir, həyəcanlanır! Amma bıçaq deyəndə bir o qədər də  narahat olmur və deyir ki, əşi, bıçaqdır da , heç bir qorxusu yoxdur. Belə baxanda 🗡️ odlu silah deyil və onun heç bir qorxusu olmur.

Yəni tüfəng kimi, avtomat kimi ehtiyatsız davrananda  açılıb insan heç  bir xəsarət yetirmir!  Amma bu gün ölkəmizdə bıçaq adını çəkdiyimiz odlu silahlardan daha təhlükəlidir! Az qala hər gün məmləkətimizdə  bir bıçaqlanma hadisəsi baş verir. Təbii ki, bunu da doğuran obyektiv və subyektiv səbəblər var. Bax o səbəblər aidiyyatı qurumlar tərəfindən araşdırılmalı və bu qəbil cinayətlərin nədən qaynaqlandığı aydınlaşdırılmalıdır!  Deyirlər ki, belə cinayət hadisələrini  yeniyetmələr və gənclər törədir!  Amma bu məsələyə  birmənalı yanaşmaq olmaz!  Məsələn, ər arvadını bıçaqla qətlə yetirir, qardaş- qardaşı bıçaqla öldürür.

Bəs bunu necə qiymət verək! Gəlin onunla razılaşaq  ki, yeniyetmələr və gənclər arasında dava zamanı bıçaqdan daha çox istifadə olunur! Xəzər Universitetində baş vermiş son hadisə isə daha narahatedici və həyəcanlıdır. İki tələbənin davası sonda  bıçaqla  bitib. Tələbənin biri bıçaqla digər tələbəni ölümcül vəziyyətə salıb.Onun biri polis tərəfindən saxlanılıb, dıgəti isə ölümlə çarpışır.

Bir anın səbrsizliyi bax  belə bir durum yaradıb. Bəs bu qədər bıçaqlanma hadisələrinin qarşısını almaq üçün nə etmək lazımdır?! İlk növbədə hər şeyi polisin üstünə atmaq ədalətsizlik olar. Polisdən öncə o uşaqların tərbiyəsi ilə məşğul olan ailə, məktəb , cəmiyyət var. Və onların heç biri məsuliyyətdən yaxalarını  çəkə bilməz. Bax elə götürək çətin tərbiyə olunan uşaqları.  Yeniyetmə həftələrlə , aylarla dərsə getmir və bu barədə məktəbdən ailəsinə məlumat verirlər, ancaq ailə uşaqla maraqlanmır.

Deyir ki, qoy onun tərbiyəsi ilə məktəb məşgul olsun. Hətta belə şagirdlərin valideynləri məktəbə dəvət olunur, yenə gəlmirlər. Onda məktəb rəhbərliyi nə etməlidir! Məktəbin çıxış yolu hüquq- mühafizə orqanlarına müraciət etmək də qalır və məktəb də bunu edir! Ümumiyyətlə, belə ipə- sapa yatmayan uşaqlar, davamlı olaraq ailənin, məktəbin və polisin nəzarətində olmalıdır.

Və bəzən görürsən ki, belə çətin tərbiyə olunan uşaqların öhdəsindən nə ailə, nə məktəb, nə də polis  gələ bilər. Və nəticədə  belə bıçaqlanma  hadisəsi baş verir. Bəs onda kimdir günahkar??? Bax əsas məsələ də  elə budur. Amma gəlin günahkar axtarmayaq  və bir vətəndaş olaraq bu işdə hərə üzərinə düşən yükü, məsuliyyəti anlamalıdır. Ki, nə edək ölümlə nəticələnən belə qanlı  hadisələr  baş verməsin!

Bütün cəmiyyət əlbir olmalı, uşaqlarımızı və gənclərimizi  belə ölümün pəncəsindən xilas  etməliyik! Və bıçaqla zarafat etmək olmaz! Uşaqlar ciblərində bıçaq yox, bir- birinin qəlbini ələ almaq üçün  konfet, şokolad gəzdirməlidirlər  ki, mehribanlıq və  şirinlik olsun!!!

TƏQVİM / ARXİV