adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Aprel 2023 11:51
1128
MARAQLI

“Qadın taleyi” rubrikası: “Uşağa görə məni boşadılar, amma ərimin ürəyi hələ də...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Naibənin (adı şərtidir) həyat hekayəsini təqdim edirik. Naibə övladı olmadığına görə ərinin adamları tərəfindən boşandığını bildirib. O, olanları belə nəql edib:

“Ailədə bir qardaşı və iki bacıyıq. Bacımla mən əkiz doğulmuşuq. Böyüdük həm bacım, həm də mən ailə qurdum. Mən anamın qohumuyla ailə qurdum. Bacım isə özgə adama ərə getdi. İki il ailəli oldum, amma övladımız olmadı. Düşdüyüm ailə çox çətin, problemli idi. Bununla yanaşı, övladımın da olmaması  problemi daha da böyütdü. Bir müddət sonra isə söz-söhbətlər başladı”. 

“Evdə uşaq söhbəti düşəndə məni döyürdü...”

“Qayınatam, qayınanam, baldızlarım məni gözümçıxdıya salmağa başladılar. Həyat yoldaşım da söz-söhbətə görə həmişə içki içirdi. Evdə uşaq söhbəti düşəndə məni döyürdü. Deyirdim ki, problem məndədir, incimirəm, ver məhkəməyə boşanaq. Amma ona da razı olmurdu. Zaman gəldi və burda yaşamağın mümkünsüz olduğunu bildim. Ondan sonra qardaşıma və anama xəbər etdim. Onlar gəlib ərimin adamlarıyla söhbət edəndən sonra məlum oldu ki, konkret olaraq məni istəmirlər və məni boşamaqda qərarlıdırlar”. 

“Özümə fikir verməyim, yaxşı gün-güzəran görməyim boşansaq da...”

“Ondan sonra ata evimə qayıtdım. Keçmiş ərim sonradan ailə qurdu, övladı oldu. Amma bir müddət sonra məlum oldu ki, uşaq şikəstdir. Mən isə şəhərə qardaşlarımın yanına qayıtdım, işə düzəldim və yaşamağa başladım. Bir müddət sonra şəhərdə olmağımdan keçmiş ərim xəbər tutdu və yanıma gəldi. Yalvardı ki, barışaq, ürəyi məndədir, onu uşağa görə başqasıyla evləndiriblər. Amma razı olmadım. Bu işin mümkünsüz olduğunu bilirdim. Özümə fikir verməyim, yaxşı gün-güzəran görməyim boşansaq da onu içdən yeyirdi, məni qısqanırdı. Elə indi də qısqanır, bilirəm”.  

“İndi buna görə Allahıma şükür edirəm...”
  
“Sonuncu dəfə qohumların toyunda keçmiş ərimin adamları məni gördü. Çox tərs-tərs mənə baxırdılar. Hiss edirdilər ki, Naibə artıq həminki deyil, çox dəyişilib, gün görür indi. Mən də ailəsi dağılmış bir adamla tanış oldum. Övladımın olmadığını ona dedim ki, sonra problem çıxmasın. Bununla da mənim də həyatımda yeni bir səhifə açıldı. İndi buna görə Allahıma şükür edirəm. Uşağa görə məni boşamaqla bir şey əldə edə bilmədilər. Gərək insan həmişə Allahı yadına salsın”. 

Vasif Əlihüseyn