adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ

ƏLÖVSƏT BƏŞİRLİ
39208 | 2014-09-13 01:17
(əvvəli ötən şənbə sayımızda)

Deyirlər, Allahverənin kəndxudalığı dövründə Cəngən elə abadlaşıb, böyüyüb ki, Kürün Salyan tayına (rayon mərkəzi tərəfinə) sığmayıb. Onda Kürü keçib qarşı sahildə evlər tikiblər. Beləliklə, Kürün hər iki sahilində eyni adlı kənd belə yaranıb. El içində indi də belə deyirlər: o tay Cəngən, bu tay Cəngən.
Kərbəlayi Bəşirin törəmələrinə - övladlarına, nəvə-nəticə-kötükcələrinə - bütün soyadına el içində Kəlbə Bəşirlilər deyiblər. İndi də belə deyirlər. Bir də deyirlər ki, Kərbəlayi Bəşirlilər "əkib-becərən", "tikib-quran" adamlardır, "üzü çörəkli"dirlər.
Tikib qurmaq, yaratmaq elə bil alın yazısıdır bu nəslin. Bu sahildən o sahilə qanad açan Cəngəndə keçən əsrin 34-cü ilində Bəşir kişinin ailəsində bir oğul dünyaya gəldi. Elə oğul ki, zaman keçdikcə boylu-buxunlu bir kişi oldu, babalarının gözəl ənənələrini yaşatdı, tikib-qurdu, yaratdı və sığmadı Cəngənə: yollar uzandı Muğana, Milə, Şirvana, Arana. O, bir-birindən gözəl, yaraşıqlı, müasir binalar ucaltdı. İllər ötdükcə bütün ölkədə tanındı, sıravi işçidən tikinti trestinin rəisi, nazir müavini vəzifəsinə yüksəldi, səlahiyyətinə baxmayaraq öz inşaatçı peşəsindən qürur duyan, adi fəhlə, bənna, sıvaqçı, qaynaqçı ilə çiyin-çiyinə çalışan əsil zəhmət adamı, tikib quran, yaradan, xeyirxah İnsan kimi böyük hörmət sahibi oldu.
Onu el gözündə ucaldan, fəxri ada, dövlət təltiflərinə, mükafatlara layiq edən səriştəli təşkilatçılığı, peşəkarlığı, bacarığı ilə birlikdə böyük zəhməti idi. Bu ağır zəhmət yoluna o, müharibə illərində qədəm qoymuşdu. Cəbhədə vuruşan atalarımızı analarımız əvəz etdikləri, övladlarını yaşatmaq naminə kişi qeyrətilə çalışdıqları məşəqqətli illərdə! Mən anamın tək uşağı idim. Mədinə xala isə çörəyin qəhətə çıxdığı, aclığın qənim kəsildiyi bir zamanda dörd övladını dolandırmalı idi. Belə çətin vaxtda Səfər ailənin böyük oğlu kimi uşaqlığına "əlvida" deyib, həddi-büluğa çatmamış ağır zəhmətə qatlaşdı. Dövranın sərt sınağının sındıra bilmədiyi anasına gündüzlər tarlada, bağ-bostanda kömək etdi, gecələr Kürdən balıq tutub sübh çağı kasıb süfrələrinə çatdırdı...
Və mən uşaqlığı arxa cəbhədə puç olmuş atasız yaşıdlarımın mənəvi valideyni, Səfərin ehtiramla "dədə" dediyi əmisi, ev-ev, kənd-kənd ayaq döyüb yarıac şagirdlərindən son tikəsini əsirgəməyən Əjdər müəllimi xatırlayıram. Adı böyük hərflərlə ömürlüyünə yazılan əsil İnsan, müəllim, ziyalı, cəfakeş maarif xadimi idi Əjdər Bəşirli! Uşaq, yeniyetmə çağlarında insan çox həssas olur, necə deyərlər, tükü tükdən seçir. Bizlər - müharibə illərinin uşaqları görürdük ki, Əjdər müəllim dərs dediyi şagirdlərini öz övladlarından, cəbhədə döyüşən qardaşının balaları - Səfərdən, Feyruzdan, onların bacılarından ayırmır, hamısına bir gözlə baxır, qayğı göstərirdi. Kənd camaatı onu Allah adamı bilir, el ağsaqqalı kimi hörmətini saxlayırdı.
Sinədəftər idi, söz-söhbəti bitib-tükənməzdi Əjdər müəllimin. Nəslimizin, soyadımızın canlı şəcərəsi kimi ulularımızdan danışar, ibrətamiz söhbətlər edərdi.
* * *
Palıd torpağın dərinliyinə kök atdığı kimi o da öz elinə, ata-baba yurduna qırılmaz tellərlə bağlı idi. Ömrü boyu harada, hansı vəzifədə işləyir işləsin həftəsonu doğma kəndinə, ata-baba ocağında ucaltdığı bağlı-bağatlı evinə gəlib, Kürün bu axarlı-baxarlı sahilində rahatlıq tapardı. Kəndin abadlaşmasına, ev tikib sar-sahman düzəldənlərə köməyini əsirgəməzdi, yol çəkdirərdi. İllər uzunu rayon mərkəzinə, şəhərə, qəsəbələrə gedib-gəlməkdə əziyyət çəkən kənd camaatı geniş, rahat asfalt yola indi "Səfər yolu" deyir, rəhmət diləyir dünyasını dəyişənlərə...
...Kür sakit axanda baxdıqca rahatlanır, tamaşasından doymursan. Amma yatağına sığmayanda kənd-kəsəyə, el-obaya müsibət gətirir, adamları səksəkəyə salır. Belə vaxtlarda onun da yuxusu ərşə çəkilirdi. Tikinti işçilərini, texnikanı Kürün qırağına yığır, daşqının qarşısına sədd çəkə-çəkə gecəni gündüzə qatırdı.
Neçə il əvvəl Kür yenə yatağından çıxmış, daş-kəsəkli bulanıq sular beton bəndin son həddinə çatmışdı. Rayonda bütün qüvvələr səfərbər edilmişdi, hamı həyəcan içində idi. Çayın "bənd-bərəni" dağıda biləcəyi yerlərdə tikinti işçiləri - fəhlələr, sürücülər, betonçular, buldozerçilər, ekskavatorçular işləyirdilər. Onlara başçılıq edən Səfər Bəşirli bütün təcrübəsini, səriştəsini, biliyini, bacarığını, kollektivin qüvvəsini ortaya qoymuşdu. O, təxirəsalınmaz işlərdə çaşqınlıq yaranmasına imkan vermir, qarşıya çıxan hər bir maneəni vaxt itirmədən yerində aradan qaldırırdı. Belə bir gərgin vaxtda mərkəzdən göndərilmiş "bilmədiyi işə burnunu soxan" səlahiyyət sahibi ilə sözü çəp gəldi. Bu ona bənzəyirdi ki, musiqi aləmindən bixəbər naşı birisi dirijor çubuğunu maestronun əlindən almaq istəyir. Səfər də öz işinin ustad dirijoru idi, kollektivi məharətlə idarə edir, kimsənin müdaxiləsinə yol vermirdi. Bu, mərkəzdən göndərilənin xətrinə dəymiş, dərhal yuxarıya xəbər çatdırmışdı...
Nəhayət, fəlakət sovuşdu, Kür ram oldu. Tikinti işçiləri mükafatlandırıldılar. Səfər Bəşirlinin işi lazımınca qiymətləndirildi, incik düşüb yuxarıya narazılığını bildirən də təhlükə sovuşandan sonra etiraf etməli oldu: "Səfər müəllim öz işinin ustasıdır, yaxşı təşkilatçıdır, ancaq bir qədər sərtdir, ötkəmdir".
O, yeri gələndə sərt, ötkəm olurdu. Amma eyni zamanda qətiyyətli, obyektiv, ədalətli idi. Heç vaxt "yoruldum" deməzdi. Yaxınları, birlikdə çalışdığı həmkarları yaxşı bilirdilər ki, bu söz ona yaddır. Təbiətən narahat adam idi. Elə bitib tükənməyən işləri də belə tələb edirdi. Rəisi olduğu idarənin, sonralar Baş idarənin, nazirliyin tikinti obyektləri az qala bütün respublikaya "səpələnmişdi". Belə genişmiqyaslı işə rəhbərlik edən adam rahat ola bilməzdi. Bir-birindən uzaq tikintilərə sadəcə baş çəkməzdi, qarşıya çıxan problemləri yerindəcə həll edər, çətinlikləri aradan qaldırardı. Tikinti ləngiyəndə, işdə səhlənkarlığa yol veriləndə sərt, ötkəm, qətiyyətli olurdu. Özünə də, həmkarlarına da eyni dərəcədə tələbkar, həmçinin sadə zəhmət adamlarına münasibətdə həmişə obyektiv, ədalətli, xeyirxah idi. Saxtalıqdan, yalandan, riyadan, yaltaqlıqdan zəhləsi gedirdi. Onunla çiyin-çiyinə işləmək, gərgin iş rejiminə tab gətirmək asan deyildi. Həmkarları bunu açıq-aşkar etiraf edirdilər.
İş-gücdən vaxt tapanda, imkan olanda görüşürdük, söhbətmiz tuturdu. Ağıllı, maraq doğuran söhbətlərinə, dəyərli məsləhətlərinə özümdə mənəvi ehtiyac hiss edirdim. Onun müdrik, ibrətamiz söhbətləri, məsləhətləri mənə dünyalarını dəyişmiş ağsaqqallarımızı - Əjdər müəllimi, Allahverən kişini, Əmir əmini, Qardaş dayını xatırladırdı...
Bir dəfə gözümə yorğun, bir qədər üzgün, nasaz dəydi. Neçə illərdə ilk dəfə onun dilindən "yorulmuşam" kəlməsini eşidəndə təəccübləndim. Onda nikbin ovqat oyatmaq üçün ərkyana söz atdım:
- Deyirlər, Səfər bu qədər tikir-qurur, heç yorulmaq bilmir, maşallah, polad kimidir.
Sakit axan Kürün sularından gözlərini çəkmədən dərin fikrə getdi. Həmişə sapsağlam, uca, düz qaməti sanki sustalmışdı. Seyrəlmiş çal saçları, üzündəki qırışlar diqqətimi cəlb etdi. O, handan-hana özünəməxsus səmimiyyətlə:
- Vaxt vardı iş-gücdən doymazdım, - dedi. - Bilməzdim yorulmaq nədir. - Gözləri yol çəkdi, dərin köks ötürüb etiraf etdi. - Amma axır vaxtlar yaman yoruluram. Özüm də məəttəl qalıram. Axır ki, həkimə getdim. Dedi ki, özünü çox yormusan, sənin dərmanın istirahətdir.
Qayğılı gözlərini üzümə zillədi, qoluma girib sirr açırmış kimi pıçıldadı:
- Gecəni yaxşı yata bilməmişəm. Özümə söz vermişəm ki, bir il də dözəcəyəm, düz 70 yaşım tamam olan gün vəzifənin daşını atacağam. Sonra Allah verən ömrün qalan günlərini burada, öz həyət-bacamda, Kür qırağında, ailəm, nəvə-nəticələrimlə keçirəcəyəm.
O, Səmədə tərəf dönərək nəvazişlə başına əl çəkib mənə razılığını bildirdi:
- Yaxşı eləmisən, oğul balanı gətirmisən. Övlad gərək əsil-kökünü tanısın, dədə-baba yurdunu qarış-qarış gəzsin.
Onun bir qədər kövrək, lakin qürur dolu inamla dediyi sözlər şair həmyerlimizin məşhur misralarını yadıma saldı:

Sən mənə ömrüm boyu
Bir bulanıq Kür suyu
Bir söyüd yarpağı ver.
Canımdan əziz olan
Üstündə çiçək solan
Şor Muğan torpağı ver.

O, astadan dediyim misralardan təsirləndi:
- Gözəl deyib. Baxın, Kərbəlayi Bəşir gicovundan bir az irəli Kürqaraqaşlıdır, Əliağa Kürçaylının kəndi. Dədə-baba yurduna tez-tez baş çəkərdi. Deyərdi ki, dünyanın çox yerində olmuşam, bizim bu yerlərə tay görməmişəm. Bura mənim cənnətimdir.
Yenə gözləri yol çəkdi, dərindən köks ötürdü:
- Kənddə ev tikdirirdi, yarımçıq qaldı, ömrü kimi. Fələyin namərdliyinə bax, o cür sağlam adam qəfildən elə xəstəliyə tutuldu ki...
O vaxt kimin ağlına gələrdi ki, az sonra, yetmişə çatmamış onun həyatı da gözlənilmədən qırılacaq...
Ömür boyu mənə dayaq, doğmadan-doğma, böyük qardaş əvəzi, əsil sirdaş, etibarlı dost, müdrik ağsaqqal olan, adı böyük hərflərlə tərcümeyi-halıma yazılan İnsanın faciəsindən nələr çəkdiyimi yazmaq çox ağırdır...
"Əfsus, gedən vaxt deyil, bizik".
Bu müdrik kəlamı yaşa dolduqca tez-tez xatırlayıram. Doğma yerlərə baş çəkəndə xatirələr ümmanına qərq oluram. Bu gün də belədir. Kür qırağında, yaşıllığa bürünmüş sahildə ata-baba yurdumuzu seyr edirəm. Adətən onunla birlikdə gəzərdik bu yerləri. Qədim türk ellərindən mənbəyini götürüb dağlar, yarğanlar aşan, Muğanda Arazla qol-boyun olan, Salyanda sakitləşib sahillərə sığal çəkə-çəkə Xəzərə can atan Ana Kürün bir vaxtlar əsəblərə məlhəm olan qeyri-adi sükutu bu gün qəlbimi sıxır. Xatirələr burulğanından çıxa bilmirəm. Səfərin yeri görünür.

(ardı gələn şənbə
sayımızda)

Xatirə-povest

TƏQVİM / ARXİV