adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ÜRƏK DİLLƏNDİRƏR SÖZÜ AŞIĞIN

ƏLÖVSƏT BƏŞİRLİ
82023 | 2016-10-15 09:02
Bir elə şöhrətdi sənəti onun
Hüsnünə gündə bir nəğmə qoşardı.
Günəşli, çiçəkli Muğan oğlunun
Bahar təbiətli xoş səsi vardı.
Ağacavad Əlizadə

Sahil boyu sıralanan söyüdlərin kölgəsində durub sakit, səssiz-səmirsiz axan sulara baxıram. Mənə elə gəlir ki, çayın dupduru suyunda yaz səhərinin tərtəmiz səmasını güzgü kimi əks etdirən, ətrafı yaşıllıqla haşiyələnən nəhəng bir tablonun önündə dayanmışam...
Birdən sahilin əsrarəngiz sükutu içində qulağıma səs gəlir, ürəyimi riqqətə gətirən aşıq mahnısının təranələri dalğa-dalğa ətrafa yayılır:

Saz tutubdur ləpələrin
Nəğmələrin şirin-şirin
Bəzəyisən sən bu yerin
Ay mənim, Ana Kürüm!

Sahil boyu pərvazlanan məlahətli səs, mahnı sona çatanda elə bil sakit axan sulara qarışıb uzaqlaşır. Və sanki məni uzaqda qalan, xatirəyə dönən illərə aparır...
O zaman Pənah orta məktəbin özfəaliyyət dərnəyində qol-qanad açırdı, balaca sazı vardı. Qəlbində yazıb-yaratmaq eşqi artdıqca sazı da böyüyüb dilə gəldi, xoş avazla, şirin səslə oxuduğu mahnılarla ürəklərə yol tapdı. Onu həmyaşıdı, məktəb dostu Ağacavad Əlizadə ilə birlikdə Salyan Dövlət Dram Teatrına dəvət etdilər. Teatrın repertuarında operalar, operettalar, musiqili komediyalar əsas yer tuturdu və yapışıqlı səsi olan Pənah Məcnun, Qərib, Kərəm, Əsgər rollarını oynayırdı...
Aynurə Pənahqızı nəhayətsiz ata məhəbbəti, ürək yanğısı ilə qələmə aldığı "Aşıq Pənah dastanı"nda yazır: "Məhz teatr səhnəsi Pənaha gənc yaşlarından qol-qanad açıb, dinləyicilər qarşısında sıxılmadan, sərbəst çıxış etmək vərdişi aşılayıb. Elə ona görə də Aşıq Pənah hər məclisdə meydan açıb söz deməkdə, saz çalıb oxumaqda öz həmkarlarından sayılıb-seçilib".

Yenə söz mənimdir, meydan mənimdir,
Ellər sənətimdən zövq alsın gərək.
İlhamım coşanda, sazım dinəndə
Səsim pərdə-pərdə ucalsın gərək!..

Aşıq Pənah ömrü boyu bu amalına sadiq qalıb, yorulmaq bilmədən çalışıb, axtarıb, klassik ənənələrdən yaradıcılıqla istifadə edib.
Ustad aşıq haqqında vaxtilə oçerk hazırlayarkən mən bunun canlı şahidi olmuşam.
Özünəməxsus xoş təbəssümlə, mehribanlıqla məni evində qarşılamağı, suallarıma könül xoşluğu ilə ürək dolusu cavab verməyi, bədahətən söylədiyi qoşmalar, yeri gələndə sədəfli sazını sinəsinə sıxıb məlahətli, şirin səslə həzin-həzin oxumağı yaddaşıma həkk olub.
Aşıq Pənah öz həyat və yaradıcılığından danışarkən bir vacib məsələni xüsusi vurğulayıb dedi: "Lap cavan yaşımda başa düşdüm ki, təkcə şirin səslə, xoş avazla oxumaqla əsl aşıq olmaq, ürəklərə yol tapmaq çətindir. Bunun üçün zəngin xalq ədəbiyyatını öyrənmək, aşıq poeziyasının həmişəyaşar ənənələrinə yiyələnmək lazımdır. Aşıq Qurbani, Aşıq Alı, Sarı Aşıq, Aşıq Ələsgər kimi ustadlar bu axtarış yolunda mənə bələdçi oldular".
İllər keçəcək Aynurə Pənahqızı "Aşıq Pənah dastanı"nda yazacaqdı: "Atamın öz sənət dostlarına münasibəti də səmimi idi. Xüsusilə Aşıq Şakirə böyük məhəbbəti vardı, ona "aqqa" (ağsaqqal) deyərdi... Qazax-Borçalı aşıqlarından ən çox Hüseyn Saraclını sevirdi. Dəfələrlə gözlərimlə görmüşəm ki, Hüseyn kişinin səsi radioda, ya televiziyada eşidiləndə necə riqqətə gəlir, uşaq kimi kövrəlir. Kamandarı da, Aşıq Hüseyn Cavanı da beləcə sevirdi".

***
Azərbaycan el ədəbiyyatının ən qədim və zəngin qolu ozan-aşıq sənətinə tükənməz məhəbbəti, fitri istedadı və yorulmaq bilməyən zəhməti, çalışqanlığı, səyi illər keçdikcə bəhərini verirdi. Özünün təbirincə, Dədə ustad Ələsgər sənətin çətin, dolayı yollarında dəstəyi, ilhamının pərvaz elədiyi ənginlikdə qanadı oldu:

Əlim saz götürüb, mizrab tutandan
Sən oldun ən böyük ustadım mənim.
Pərvaz eləməzdim uca göylərə
Əgər olmasaydın qanadım mənim.

Beləliklə, böyük ustadından "dərs alıb" şagirdlikdən saz-söz sənətinə yiyələnən Pənah Pənahov Azərbaycan yeni dövr aşıq poeziyasının görkəmli nümayəndəsi kimi şöhrət qazandı. Aşıq poeziyasının bütün növlərində (qoşma, gəraylı, gözəlləmə, ustadnamə, təcnis, dodaqdəyməzlər, qıfılbəndlər) yazıb yaratdı, bəstələyib oxudu, məlahətli, şirin, xoş avazlı səsi könülləri riqqətə gətirdi.
Aşıq şeirimizin inkişaf tarixini, mənşəyini, şəkli xüsusiyyətlərini, dil və ifadə zənginliklərini qoruyan ustadın "Saz və söz", "Məhəbbətdən danışaq", "Təzə söz", "Mənim sazım", "Yeni mahnılar" kitabları nəşr olundu. Yaratdığı məşhur "Kür" aşıqlar ansamblı vətənimizin hüdudlarından uzaqlarda da şöhrət tapıb, tanındı.
Aşıq Pənahın sərhədlər aşan böyük uğurlarından hədsiz sevinən şair həmyerlisi Oqtay Rza ürək sözlərini dilə gətirdi:

Hamı sevir səni bizim Muğanda,
Ay şərəf-şanımız, ay ad-sanımız!
Aşıq sənətini qədim Muğanda,
Zirvədən-zirvəyə ucaldanımız!
Yalnız Muğandamı?
Uzun illər Salyan Rayon Mədəniyyət Şöbəsinə rəhbərlik etmiş, "Azərbaycan Mədəniyyəti və İncəsənətinin inkişafına göstərdiyi xidmətlərə görə "Mədəniyyət əlaçısı" fəxri adına layiq görülmüş gənclik dostum Fərəc Dadaşov mənim sualıma özünəməxsus tərzdə, ətraflı, yerli-yerində cavab verir:
- Ustad Aşıq Pənahın şöhrəti təkcə Muğana, Şirvana, Arana, Milə deyil, bütün Azərbaycana yayılmış, sərhədlər aşmışdı. O, mahnıları, sədəfli sazı ilə xalqını, Vətənini Hindistanda, Finlandiyada, Bolqarıstanda, Polşada, Rumıniyada, Çexoslovakiyada, İspaniyada, Avstriyada, keçmiş SSRİ respublikalarında layiqincə təmsil etmişdi. Mən bunun canlı şahidi olmuşam. Pənahın aşıqlar ansamblı folklor qrupu ilə qədim el sənətimizi dünyanın neçə-neçə ölkəsində tanıdıb, mədəniyyətimizi şöhrətləndirib, mükafatlara layiq görülüb. Mənim fikrimcə, ən yüksək mükafat, tamaşaçıların, sənətsevərlərin məhəbbəti, alqışlarıdır. İndi də o alqış sədaları qulağımdan getmir, xüsusən xatirə şəkillərini görəndə.
O, böyük bir şəkli mənə göstərir: tamaşaçılar ayaq üstə səhnədəkiləri alqışlayırlar. "Kür" aşıqlar ansamblının rəhbəri Pənah Pənahov, folklor rəqs qrupunun üzvləri əllərində gül dəstələri xoş təbəssümlə tamaşa salonuna baxırlar...
***
Aşıq Pənah çox ünsiyyətcil və xoşəhval insan olub. Çətin gündə, dar ayaqda dost-tanışdan, ehtiyacı olandan köməyini əsirgəməyib. Elə sənətkar kimi sevilməsinin, nüfuz qazanmasının bir səbəbi də onun nəcib insani keyfiyyətlərə malik şəxsiyyət olması ilə bağlıdır.
Saz, söz, qələm sahibləri, dəyərli insanlar onun haqqında səmimiyyətlə, dərin hörmətlə söz açıblar...
Xalq şairi Zəlimxan Yaqub:
- Mirzə Bilalla çiçəklənən, dövrümüzdə daha böyük şöhrətə və hörmətə minən Şirvan aşıq məktəbinin ən çox sevilən, seçilən nümayəndələrindən biri heç şübhəsiz Aşıq Pənahdır. Yüksək səhnə mədəniyyətinə, daxili və xarici gözəlliyə, şirin səsə, şux və oynaq ruha, güclü ritmə və ahəngə malik olan Aşıq Pənah haqqında böyük sənətkarlarımızdan, el ağsaqqallarımızdan, sənət vurğunlarından, aşıq və xanəndələrdən həmişə ürək dolusu xoş sözlər və bol təriflər eşitmişəm. Bunun əsas səbəbi şübhəsiz birinci onun insanlığı, sonra sənətkarlığı ilə bağlı olub...
Borçalının ustad aşığı rəhmətlik Aşıq Kamandarın Aşıq Pənahla bağlı bir söhbətini ehtiramla xatırlayıram. Aşıq Kamandar danışırdı ki, "Moskvada Azərbaycan Mədəniyyəti günlərinə getmişdik. Burada Azərbaycanın bütün aşıq məktəblərini təmsil edən ən istedadlı aşıqlarımız da iştirak edirdi. O cümlədən Aşıq Pənah. 10 günlük bir səfərdə gözəl yol yoldaşlığı, mehribanlığı, şuxluğu, zarafatları ilə bir yerdə Aşıq Pənahı "Hatəm səxa" "bir səxavət sahibi" kimi tanıdıq. Elə ilk gündən dedi ki, aşıq dostlarımdan xahiş edirəm kimin nə qədər pulu varsa, evə-eşiyə, uşaqlara bazarlıq eləsin. 10 günlük bütün qonaqlıqlar mənim boynuma. Dedi və elədi. Bu xoşbəxtlik, bu səxavət şairlərdə Səməd Vurğuna, aşıqlarda Aşıq Pənaha nəsib olub"...
Necə ki, xalqımız var "Aşıq Ələsgərin sazı məndədir" - deyən Aşıq Pənah həmişə xalqın ürəyində yaşayacaq!
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli:
- Bolqar yazıçısı G.Strumski günlərin birində Azərbaycana gəlir, Odlar yurdunu gəzib-dolaşır və iş elə gətirir ki, şair dostları Səyavuş Məmmədzadə və Mustafa İsgəndərzadə ilə Pənahın qonağı olurlar. Pənahın oxumaları Strumskini valeh edir və o, sonralar qələmə aldığı "Odlar yurdu" kitabında bu barədə böyük məhəbbətlə söz açır: "Nəğmə daim insanları başına yığır, ürək dilli, sevgi dolu nəğmə! Pənah sazının qiyməti min manat olsa da, ustad əlində o sazın qiyməti yoxdur".
Bu, Bolqar yazıçısının ürək sözləridir və beləcə Aşıq Pənah öz sənətiylə hamının ürəyinə yol tapırdı.
Şair Əlisəmid Kür:
- Bu sinədəftər kişi, məclislərin damarını tutan el aşığı sözün əsl mənasında böyük ürək sahibi olub...
Yaddaşımda qalan, qulağımda səslənən ustad Pənahın sözləri, onun məlahətli səsidir.
Əməkdar müəllim Vəli Məmmədov:
- Aşıq Pənahın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, şeirlərinə mahnılar qoşub oxuyurdu. Qoşduğu mahnılar ürəyə yatımlılığı ilə yaddaşlara həkk olunurdu.
Xeyirxah və səmimi ustad aşığın dostları çox idi. Ən yaxın dostu gözəl şairimiz Əliağa Kürçaylı öz sənət və ürək dostunun uğurlarına sevinir, doğma yerləri aşıqla birlikdə tərənnüm etməkdən xüsusi zövq alırdı. O, dostuna həsr etdiyi şeirində yazırdı:

Aşıq, qocalırıq el deyə-deyə,
Təki bu anamız el qocalmasın...
Təki Kürçaylının şeirindəki söz,
Pənahın sazında tel qocalmasın.

Aşıq Pənah:

Şair, qocalıqdan yazma amandır,
Zəhmətlə ucalan qocalarmı heç?!
Saçım ağarsa da ürək cavandır,
Elindən güc alan qocalarmı heç?!

Əfsuslar ki, hər iki dost nakam, 52 yaşında dünyasını dəyişdi...

***
Telefonda eşitdiklərim, sanki quyunun dibindən gələn hüznlü səs yayın qorabişirən ayında məni üşütdü, soyuq tər puçurlandı alnımda.
Gözəl insan, etibarlı dost, həkim Hüseynağa Hüseynovla o vaxt işlədiyimiz qonşu rayondan əlüstü Salyana gəldik. Böyük qardaşım əvəzi, əmim oğlu Səfərlə qarşılaşdıq. Qamətli, cüssəli, ləngər yerişli kişini don vurmuşdu elə bil. Həmişə iti, qətiyyətlə baxan gözlərinə ələm çökmüşdü. Sanki əsəblərini tarıma çəkmişdilər. Bunu baxışlarından hiss edirdim.
Gözləri köz kimi yanırdı.
Səfər kimi kişilər ağlamır, göz yaşları içinə tökülür. Bu daha ağrılı olur. Daxilə tökülən göz yaşları içərini yandırır, ürək boşalmır.
O, inana bilmirdi eşitdiklərinə, gördüklərinə, qəm-qüssə dolu hüzr mərasiminə. Ustadın adına "məşum" sözü yaraşdırmırdı. Özüylə, əzizləri ilə bir sırada, məclislərin yuxarı başında görürdü Onu. Həmişə, hər yerdə!
Yeganə qız övladına xeyir-dua verib Pənahlı ocağına gəlin köçürəndə də! "Qoy ulu babalarımızın ocağı qoşa, gur yansın!" - özlüyündə düşünürdü...
İlk nəvəsi dünyaya gələndə baba zirvəsində Onu gördü!
Nəvəsinə Pənah babasının adını ləyaqətlə daşımağı, uca tutmağı tövsiyə, nəsihət, ... vəsiyyət etdi.
***
Qədim turk ellərindən baş alıb yurdumuza bərəkət gətirən, Muğana, Şirvana, Arana, Milə həyat verən, dağlarda, dərələrdə kükrəyən, coşub daşan, Salyanda sakitləşən, Xəzərə qovuşub ümmana dönən Kürün sahillərində pərdə-pərdə pərvazlanan aşıq mahnısının xoş avazı ətrafa yayılır:

Sən Pənahın çörəyində,
Arzusunda, diləyində,
Sərinliksən ürəyində,
Ay mənim, Ana Kürüm!

TƏQVİM / ARXİV