adalet.az header logo
  • Bakı 21°C
14 Fevral 2023 11:21
1086
MƏMLƏKƏT

Sürücülər operativ xidmət avtomobillərinə yol verməlidir - Faiq QİSMƏTOĞLU yazır

 

Bu gün respublikamızda əvvəlki vaxtlarla müqayisədə nəqliyyat vasitələrinin sayı dəfələrlə artıb. Təbii ki, avtomobillərin çoxluğu Bakının küçə və prospektlərində tez- tez sıxlıq yaradır. Biz bu sıxlığı səhər və axşam saatlarında daha çox hiss eləyirik. Ən azından ona görə ki, hamımız ya şəxsi avtomobildən, ya da ictimai nəqliyyatdan yararlanırıq. Belə anlarda isə saatlarla bəzi hallarda sıxlıqda qalan və vaxt itirən çoxlu sayda hərəkət iştirakçıları var.

Sözümün canı heç də ayrı- ayrı avtomobil sahiblərinin bu sıxlıqda qalmasından və vaxt itirməsində deyil. Sözümüzün canı odur ki, bu sıxlıqdan əziyyət çəkən Bakı şəhərində əhaliyə xidmət göstərən təcili tibbi yardım, yanğınsöndürən, operativ xidmət sahələrinə məxsus olan avtomobilləri idarə edən sürücülərdir.

Heç kəsə sirr deyil ki, şəhərin küçə və prospektlərində yaranmış sıxlıq zamanı adını çəkdiyimiz operativ xidmət sahəsinin avtomobilləri hadisə yerinə vaxtında çatması mümkün olmur. Yəni təcili yardım avtomobilinin və eləcə də yanğınsöndürən maşının bir neçə dəqiqə ləngiməsi ya xəstənin həyatına son qoyur, ya da yanğının daha geniş yayılmasına şərait yaradır. Dünyanın hər yerində operativ xidmət avtomobillərinin hərəktəti üçün xüsusui yollar var. Onlara digər maşınlar maneçilik törədə bilmir.

Çox təəssüflə qeyd etməliyik ki, yolda sıxlıq olmayanda belə, bir çox məsuliyyətsiz sürücülər həmin maşınlara yol vermir, səslənən siqnallara belə diqqətli olmurlar. Sanki bu adamlar düşünürlər ki, elə belə də olmalıdır. Amma hansı ki, həmin operativ xidmət maşınlarının siqnalını eşidən kimi, ya da görən kimi hər bir nəqliyyat vasitəsinin sahibi digər zolağa keçib, ona yol verməlidir.

Bu məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli ilə əlaqə yaratdıq. Cənab kapitan T. Nəsirli bu mövzu ilə bağlı bildirdi ki, çox aktual bir problem gündəmə gətirmisiniz. Buna görə sizə təşəkkürümüzü bildiririk. O dedi ki, birmənalı olaraq bütün hərəkət iştirakçıları sürücülər və piyadalar operativ xidmət avtomobillərinə yol verməyə borcludurlar. Əgər arxadan həmin nəqliyyat vasitəsi gəlirsə, sürücü idarə etdiyi avtomobili digər zolağa keçirməklə hərəkət etməlidir. Ən azından ona görə ki, həmin avtomobillərin bir neçə dəqiqə ləngiməsi hadisə yerində ağır nəticələrin yaranmasına səbəb olur. Belə bir film də var: Sürücü təcili yardım maşınına yol vermir sonra evinə gedir, görür ki, uşağı ağır vəziyyətdədir. Həmin təcili yardım maşını da onların çağrışına gedirmiş. Nəticədə həkimlər hadisə yerinə gec çatdığı üçün onun övladı dünyasını dəyişir. Görürsünüzmü, sürücünün məsuliyyətsiz hərəkəti başqasına yox, elə özünə ağır zərbə vurur. Və övladını itirir.

Bir sözlə, bu gün hər bir hərəkət iştirskçısı- sürücü və piyada daha diqqətli olmalı, yollarda operativ xidmət avtomobillərini görərkən onların hərəkətinə maneçilik törətməməli, hadisə yerinə vaxtında çatmalarına əlverişli şərait yaratmalıdır. Belə olarsa, operativ xidmət avtomobillərini idarə edən sürücülər də çətinlik çəkməz, onları köməyə çağıran insanlar da!