İnsanlar nə qədər təcrübə qazanırlarsa qazansınlar, nə qədər çox informasiyaya malik olurlarsa olsunlar, elmin hansı dərəcəsinə yüksəlirlərsə yüksəlsinlər… yenə də zaman-zaman təəccüb içərisində qalmağa, yaşadıqları mühitdə təkrar–təkrar heyrətlənməyə məhkumdurlar.
Əslində bütün bunlar insan oğlunun bacarığının, istedadının nə qədər tükənməz, nəhayətsiz olmasına sübutudur. Və bu, elə bir nəhayətsizlikdi ki, şedevr əsərlərin, dahiliyə çatmış yaradıcı şəxslərin varlığı belə müəyyən məqamlarda aciz görünür. İndi hər kəsin təəccüb qalacağı bir şəxsin haqqında söz açacağam. Yaradıcılığı ilə qeyri-adiliklərə imza atan bir rəssamdan. O rəssamdan ki, çəkdiyi qiymətli əsərlərə görə onu həbs edib türməyə salmışlar. Elə qəribəliyinə görə də insanlar bu sənətkarı sevib-cevməyəcəklərinə bir qərar verə bilməyiblər. Hətta sözün əsl mənasında onu rəssam hesab etməyənlər də az deyil…
Yəqin bilmədiniz söhbət kimdən gedir. Çünki həmin yaradıcı adam bir çoxlarını heyrət içərisində buraxsa da rəssam kimi çox da məşhurluq qazanmayıb.
Mən Volfqanq Beltrakkidən bəhs edirəm...
*****
BÖYÜK SƏNƏTKAR, YOXSA BÖYÜK SAXTAKAR?
Əslində Volfqanaq Fişer-Beltrakkinin böyük rəssam deyil, əksinə möhtəşəm bir saxtakar olduğunu düşünənlər daha çoxdur. Onlar belə hesab edirlər ki, bu fenomen istedad sahibi başaqalarının ideyasını özününküləşdirərək, həm də onlardan böyük məbləğdə pul qazanın peşəkar bir fırıldaqçıdır. Çünki məşhur rəssamların əsərlərini yenidən olduğu kimi çəkib satmaqla insanları da aldatmışdır. Əsərlərin orijinal müəlliflərnin məşhurluğundan yararlanmaqla onların adına olan hörməti də zədələmişdir.
Lakin bütün bunlara baxmayaraq Beltrakkinin inanılmaz istedadını qəbul edənlər, bir yaradıcı insan kimi böyük zəhmət müqabilində, təkrar olsa belə, onun qüsursuz əsərlər yarada bildiyini deyirlər. Bəli, bu qism insanlara görə həmin əsərlərin ərsəyə gəlməsində inanılmaz zəhmət, böyük istedadın gücü və kifayət qədər uzun zaman sərf edilmişdir. Və elə bu faktlar üzündən də Beltrakkini saxtakar adalnadırmaq haqsızlıqdır, onun istedadını görməzdən gəlməkdir. Böyük istedaddan doğan yaradıcılıqsa saxtakarlıq ola bilməz...
VOLFQANQ
Bəlkə də elə belə fərqli iddialara görə idi ki, bu qəribə sənət sahibi haqda birmənalı münasibət formalaşa bilmədi... Bəs kim idi, hansı yollardan keçib gəlmişdi bu adam?..
Əslində milliyyətcə alman olan Volfqanqın əsl familyası Fişer idi. Və o, 1990-cı illərdə həyat yoldaşı Helena Beltrakkinin soyadını götürərək Volfqanq Beltrakkiyə çevrildi.
Ata Fişer dini obyektlərdə, məbədlərdə qiymətli əşyaların, naxışların, şəkillərin bərpasıyla məşğul olan yüksək səviyyəli bir sənətkar idi. Öz işinə bütün varlığı ilə bağlı Fişer haqqında deyilənlərdən məlum olur ki, o həm də XVII əsrdəki məşhur Hollandiya rəssamlarının əsərlərinin üzünü çıxarmaqdan böyük zövq alırmış. Və bu, onda kifayət qədər uğurlu alınırmış. Yeniyetmə yaşlarından atasına kömək etməyə başlayan Volfqanqda bu sənətə, xüsusiylə rəssamlığa beləcə böyük həvəs oyanmışdı.
Sonralar Beltrakki özü də xatirələrində yazırdı ki, rəssamlığa, təsviri sənətə böyük marağın, sevginin oyanmasında atasının inanılmaz təsiri olub. Maraqlıdır, 15 yaşına çatan Vofqanq atasının köməyi sayəsində artıq bir çox "köhnə rəssamlar”ın yaradıcılıq maneralarını, üslubunu mənimsəyə bilmişdi ki, bu da istənilən əsərin bənzərini çəkməkdə ona çox yardımçı olurdu. Əlbəttə, bir yeniyetmənin belə işlərin öhdəsindən gəlməsi sıradan bir şey deyildi.
SƏNƏTƏ DOĞRU…
Ata Fişer də oğlunun fövqaladə qabiliyyətə malik olduğunu çoxdan hiss etmişdi. Və övladının bu sənətin ardınca getməsini çox təbii qarşılamışdı. Volfqanaq 17 yaşında Aaxenadakı incəsənət məktəbinə daxil olaraq orada heykəltəraşlığı, illüstrasiyanı və şəkil çəkməyi öyrənməyə başladı. Və istedadı, bacarığı sayəsində həmyaşıdlarını arxada qoydu.
Təhsilini tamamladıqdan sonra özünü bir sıra qədim ideyalar üzrə kompozisiyalarda sınayan Volfqanq hiss edirdi ki, bu sahədə onun istədikləri daha yaxşı alınır. Lakin çoxlu çalışmaları, yeni-yeni ideyalar axtarışları, klassik sənətkarların fantaziyalarını mənimsəməsi gənc rəssamın daha çox inkişafına səbəb olsa da təəssüf ki, o, yaşadığı cəmiyyətdə diqqət çəkə bilmirdi.
Günlər, həftələr sərf edərək böyük zəhmətlər hesabına ərsəyə gətirdiyi əsərləri və bu əsərlərdə insanlara çatdırmaq istədiyi ideyaları, fikirləri tamaşaçılar çox vaxt laqeyd qarşılayırdılar. Belə baxanda hər şey əslində yaxşı, yeli-yerində görünürdü, çəkdiyi şəkillər nə daxili enerjidən, nə sənətkarlıqdan, nə də optimal ideyalardan əskik deyildi. Hətta belə demək mümkünsə, daha yaxşıydı. Amma...
Amma Volfqanq Fişer bütün bu nəticələrə görə ruhdan düşmədi, rəssamlığın ona görə olmadığını ağlına belə gətirmədi. Əksinə gənc rəssam inanılmaz bir həvəs və enerjiylə işləyir, içərisində olduğu kölgədən qurtulmağın yollarını arayırdı...
AİLƏ QURDUQDAN SONRA…
Rəssamın həyat və yaradıcılığından xəbərdar olanlardan bəziləri deyir ki, Volfqanqın həyatı məhz evləndikdən sonra istiqamətini dəyişmişdir. Və bunun da nəticəsində cəmiyyət onun böyük saxtakar və ya böyük rəssam olması delemması qarşısında qalmışdır. Yoxsa hər şey çox fərqli olacaqdı. Bu adamlara görə, Volfanq Fişer Helen Beltrakki ilə ailə həyatı qurmasaydı nə vaxtsa orijinal rəssam kimi ad qazanacaqdı. Bəlkə də bunu düşünənlər haqlıydılar, kim bilir...
Belə ki, firəvan, rahat yaşamağı sevən Helen ərinin istedadının boş yerə sərf olunduğunun fərqindəydi. Gənc rəssamın özünə aid işləri, həmçinin başqa bir əsərin üzünü köçürə bilmə bacarığını görən Helen bu labrintdən çıxmağın yollarının mümkünlüyünə inandı. Və cütlük həyatlarını dəyişmək, yaşamlarını daha yüksək səviyyəyə çıxarmaq, cəmiyyətdəki mövqelərini sanballı həddə gətirmək üçün bütün tərəddüdlərə son qoyub mövcud imkanlardan yararlanmağa qərar verdilər.
İlk növbədə insanların maraqları təhlil edildi, sonra yararlanacaqları müəlliflər araşdırıldı, ardınca da əsərlər müəyyənləşdirildi. Yerdə qalan artıq sənətkarlıq, texnika və zaman məsələsiydi ki, bunların da hər biri yetərincə Folfqanqda yığılıb qalmışdı...
Rəssam əslində əvvələr də bu sahədə özünü çox sınamışdı. Hətta klassik, şedevr müəlliflərin də əsərlərini çəkmiş, gözəl nəticə əldə etmişdi. Amma o anlayırdı ki, bütün dünyanın tanıdığı, çoxlarının əzbərdən tanıdığı bu əsərlərin üzünü köçürüb satmaq çox risqlidir. Əgər onlar belə bir işə girişsəydilər çox qıssa zamanda hər şey korlanardı. Məhz bu üzdən də Volfaqanq bir qədər ağıllı tərpənərək maraqla qarşılanan, amma sənət dünyasında "ikinci sırada” duran müəlliflərin əsərlərini təkrar, yəni eynisini çəkməyə qərar verdi.
ƏSL SƏNƏTDƏN AYRILAN YOL
Onda hələ 1980-cı illərin ortalarıydı. Köhnə çərçivələri, köhnə kətanları əldə edə biləcəkləri yerlərə baş vurub onları almağa, bir sıra rəsm qalareyaların rəsmi nişanı, damğası hazırlanmağa başlandı. Çünk hər şey seçilmiş rəssamların dövrünə uyğun və inandırıcı olmalıydı. Çünki vasvası rəsm kolleksionerləri almaq istədikləri əsərin ora-burasını yoxlamağı xoşlayırdılar. Və belə texniki detalllar heç bir şübhə oyatmamalıdı.
Bütün bunlardan sonra Volfqanq Avropanın ən öndə gedən bir neçə klassik modernist rəssamlarının əsərlərinin saxtasını yaratmağa başladı. Əlbəttə, bu o qədər də asan bir şey deyildi. Hətta demək olardı ki, bu cür iş orijinal əsərin özü qədər çətin idi.
Çünki müəlliflər tablo yaradarkən nə qədər sərbəst, ideyaların ifadəsində nə qədər azad seçim imkanlarına malik idilərsə, bir o qədər də Volfqanq bütün ştrixləri, bütün cizgiləri istisnasız təkrarlamaq məcburiyyətindəydi. Bundan başqa o, həm də əsərini işlədiyi rəssamların daxili enerjisini, koloritini də, psixoloji effektini də tamaşaçıya çatırmağa borcluydu. Çünki bunlarsız onun gördüyü işin heç bir dəyəri olmayacaqdı.
Hələ erkən vaxtlarından başlayaraq bir sıra tanınmış rəssamın yaradıcı və texniki maneralarını mükəmməl şəkildə öyrəməsi Volfqanqın uğurlarına təminat verə bilərdi. Və o, arvadıyla birlikdə bu yola çıxdı…
(Ardı qəzetin 30 iyun sayında)


Bakı -°C
