adalet.az header logo
  • Bakı -°C
08 Sentyabr 2026 15:32
43
İQTİSADİYYAT
A- A+

“İran iqtisadi böhrana yuvarlanır...”

“İrana qarşı ABŞ-nin avqustun 24-dən elan etdiyi hərtərəfli və ağır sanksiyalara Avropa İttifaqı da qoşuldu. İran uzun illər Avropa İttifaqı, qonşu ölkələr və strateji tərəfdaşları ilə iqtisadi əlaqələrini davam etdirirdi. ABŞ-nin İrana tətbiq etdiyi iqtisadi müharibənin ölkənin defolta düşməsinə gətirib çıxarması mümkündür”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, uzun müddət tətbiq edilən sanksiyalara duruş gətirən İranın bundan sonrakı sanksiyalar qarşısında necə idarə olunacağı sual doğurur:

“Çünki əvvəlki sanksiyalar müəyyən dərəcədə İrana əlavə imkanlar tanıyırdı. İran qonşu ölkələr və Avropa ölkələri ilə də iqtisadi əlaqələr qurmuşdu. Hazırda tətbiq edilən sanksiyalar çərçivəsində İranın qonşu ölkələri və strateji tərəfdaşları da hədəfə gələ bilər. Artıq Pakistan və Türkmənistan İran TIR-larının tranzitinə icazə vermir. Həmçinin Türkmənistanla İran arasındakı dəmir yolu xətti ilə daşınan yüklərin hərəkəti dayanıb”. 

Politoloqun sözlərinə görə, ABŞ-nin İrana tətbiq etdiyi sanksiyalar Tehranda ciddi fikir ayrılıqlarını dərinləşdirir:

“Artıq benzinin qiyməti bahalaşıb. Yanacaq və enerji çatışmazlığı, rialın devalvasiyası, ölkədə çörək problemi xalqın getdikcə narazılığını artıracaq. SEPAH müqavimətin davam etdirilməsini, keçmiş liderlər və hökumət isə ABŞ sanksiyalarının İranda xaosa gətirib çıxaracağını və iqtisadi defolt yaşanacağını önə sürərək razılaşmaya getməyi təklif edirlər. Prezident M.Pezeşkian İslamabad memorandumuna qayıtmağı qeyd edir. İrana tətbiq olunan ağır və hərtərəfli sanksiyalar SEPAH-ı danışıqlar masasına əyləşdirməyəcək. SEPAH Venesuela və Kuba ssenarisini tətbiq etməyə çalışır. Amma İranın yerləşdiyi region ona kifayət qədər müqavimət göstərməyə imkan vermir. Həmçinin SEPAH-a qarşı prezident, keçmiş liderlər və xalq da müxalif mövqeyə keçir. Belə olan təqdirdə İranda yenidən etirazların baş verməsi istisna deyil. İran sonu bilinməyən bir yola çıxıb. Çin və Rusiya SEPAH-a dəstək verməklə ABŞ-ı regionda saxlamağa çalışır. Amma Vaşinqton İran ətrafında bataqlığa qərq olmayacaq.Azərbaycan İranla qonşu ölkədir. Rəsmi Bakı İran böhranın danışıqlar yolu ilə həllində maraqlıdır. Azərbaycana qarşı daima qeyri -konusturiktiv siyasətini həyata keçirən SEPAH İranı da çətin vəziyyətə salıb”.

Vasif ƏLİHÜSEYN