adalet.az header logo
  • Bakı -°C
18 Avqust 2026 12:02
76
ƏDƏBİYYAT
A- A+

"Nağdı qoyub nisyə uğrunda savaşmağın heç bir mənası yoxdur"

"Çoxtanrılığın bir işi yaxşı idi ki, tanrılar çox olanda öz bölgələrindən kənara çıxmazdılar. Şumerlilərin, assuriyalıların, yunanların, misirlilərin, fələstinlilərin və s. hərəsinin öz tanrıları vardı və heç biri iddia etmirdi ki, bizimkilər sizinkilərdən daha yaxşıdır". 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib 

O, bildirib ki, çoxtanrılıq dövründə savaşlar olurdusa da qız-gəlin üstündə, mal-qara uğrunda, arpa, buğda kisələrinə görə olurdu:

"Heç kim də bir-birinə demirdi ki, siz kafirsiniz, biz mömin, gəlin dalaşaq. Tək tanrı dünyaya süvari olaraq gəldi, ata, dəvəyə minib dünyanın dörd bir tərəfinə çapdı, ona inanmayanları kafir elan edib öldürülməsini əmr etdi. İnsanları bir-birinə qarşı qoydu. 

İnsanlara metafizik ayın-oyun uğrunda bir-birilərinə hücum etməyi tək tanrı öyrətdi. İnsanlıq nağdı qoyub nisyə uğrunda savaşmağa başladı. 

Beş yüz il öncə avropalılar ayıldılar və anladılar ki, nağdı qoyub nisyə uğrunda savaşmağın heç bir mənası yoxdur, yenidən gerçək dünyaya qayıtdılar. Bu gün dünyada iki cəbhə var: nağd və nisyə uğrunda savaşanların cəbhəsi. 

Bizdə bu cəbhələr cəmiyyəti ikiyə bölüb. Bir tərəfdə nağdı qoyub nisyə uğrunda savaşmağın mənasız olduğunu söyləyənlər dayanıb, digər tərəfdə "vur öldür, bizimki nisyədir ki nisyə" deyənlər. 

Hətta mənə elə gəlir ki, o gün Masazırda araq üstündə düşən kütləvi dava da nisyə üstündə düşmüşdü; satan nağd istəmişdi, alan nisyə".

Vasif ƏLİHÜSEYN