Dünya deyəcək!
Unuda bilməzsən məni heç zaman,
Sənin ürəyini alacaq duman.
İnan, qışqıracaq bütün el-cahan,
Ürəyin ağlayıb “Dünya!” deyəcək.
******
Elə düşünmə ki, sən qüvvəlisən,
Sən mənim eşqimdən, inan, dəlisən.
Gecə də yuxunda səksəkəlisən,
Qəlb səni dağlayıb "Dünya!" deyəcək.
******
Neçə ki, mən varam, bil, sən də varsan.
Mən olmasam əgər, yaz vaxtı qarsan,
Sən əriyib gedən anı sayarsan,
An səni saxlayıb "Dünya!" deyəcək.
******
Səndən uzağa gedərəmsə, əgər,
Səndən uzaqlaşıb itərəmsə, əgər,
Başqa bir məkana yetərəmsə, əgər,
Hiss gözü bağlayıb "Dünya!" deyəcək.
******
Bir daha Dünyaya gəlməyəcəksən,
Ürəklə danışıb, gülməyəcəksən.
Ölmək istəsən də, ölməyəcəksən,
Ürəyin çağlayıb "Dünya!" deyəcək.
******
İnan, dəli kimi gəzəcəksən sən,
Bil, özün-özünü əzəcəksən sən.
Dərdi ürəyinə düzəcəksən sən,
Əl,qolu bağlayıb "Dünya!" deyəcək.
******
Bir gün əcəl çatıb öləcəyəm mən,
Hər an xəyalına gələcəyəm mən.
Bütün sevincini siləcəyəm mən,
Ruhun qəm saxlayıb "Dünya!" deyəcək.
******
Gözlərin baxacaq,qan ağlayacaq,
Dərd-kədər əlindən can ağlayacaq,
Günün qaralacaq,dan ağlayacaq.
Həyat qəm saxlayıb, “Dünya!” deyəcək.
******
Öləndə baş daşın çatlayacaqdı,
Buludlar qəbrini sulayacaqdı,
İnan, sümüklərin ulayacaqdı
Qəbrin qəm saxlayıb, “Dünya!” deyəcək.
******
Gözündən qanlı yaş töküləcəkdi,
Qəlbinə dərd-kədər əkiləcəkdi,
Dərdimdən belin də büküləcəkdi.
Həyatın ağlayıb, “Dünya!” deyəcək.
******
Özünə zülm edib bil əzəcəksən,
Adımı qəlbinə sən düzəcəksən,
Sən məni axtarıb,hey gəzəcəksən.
Hər sözün,söhbətin “Dünya!” deyəcək.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.


Bakı -°C

