QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
Bu gün bütün regionlarda bir-birindən möhtəşəm tikinti-quruculuq və abadlıq işləri görülür. Təbii ki, bu işlərin həyata keçirilməsi üçün öncə maliyyə qaynaqları tələb olunur. Və heç kimə də sirr deyil ki, son illər Azərbaycan sosial-iqtisadi cəhətdən daha da inkişaf edib, onun neftdən, qazdan və digər təbii sərvətlərdən gəliri artıb. Aydındır ki, bu maliyyə mənbələri olmadan heç daşı daş üstə qoymaq mümkün deyil. Əlbəttə, ölkəmizin belə sürətlə sosial-iqtisadi və hərbi cəhətdən inkişafı bizim bir çox möhtəşəm layihələrin həyata keçirilməsinə münbit şərait yaradır.
Onu da qeyd edək ki, həm Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, həm də prezident İlham Əliyevin fəaliyyət göstərdiyi 20 ildən çox bir zaman kəsiyində birmənalı olaraq ölkəmizin bütün regionlarında möhtəşəm quruculuq, abadlıq işləri həyata keçirilir. Heç kim deyə bilməz ki, bu işlərin gerçəkləşməsində Azərbaycana hansısa xarici ölkədən bir dəstək olub. Bütün bunların hamısını ölkəmiz öz daxili imkanları hesabına reallaşdırmağı bacarıb.
Böyük abadlıq və quruculuq işləri görülən rayonlardan biri də Qubadır. O Quba ki onun saf havası, bulaq suyu, gözəl meşələri və istirahət mərkəzləri var. 30-40 il bundan əvvəl Qubada indiki kimi tikililər, sosial obyektlər, istirahət mərkəzləri, xəstəxanalar, uşaq bağçaları, olimpiya idman kompleksi, sanatoriyalar mövcud deyildi. Amma bu gün Qubaya yolunuz düşsə görərsiniz ki, orda hansı böyük işlər həyata keçirilib. Və bu böyük işlər də heç də birdən-birə gerçəkləşməyib. Yəni həmin işlərin görülməsi üçün müəyyən illər, zaman tələb olunub.
Bu yaxınlarda yolum Qubaya düşmüşdü. Hardasa 15 il bundan əvvəl həmin şəhərdə olmuşdum. Onda da Qubada bir çox yeniliklər gördüm. O yeniliklərdən biri Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi idi. Amma bu dəfə isə bir-birindən gözəl sosial obyektlər, xəstəxanalar, məktəblər, uşaq bağçaları, parklar və xiyabanlar göz oxşayırdı. Havanın isti keçməsinə baxmayaraq, Qubada çox sakit və sərin hava mövcud idi. Hiss olunurdu ki, regionlardan, o cümlədən Bakıdan Qubaya çoxlu sayda insanlar istirahətə gəliblər. Bu da təsadüfi deyildi. Çünki Quba həm Bakıya yaxındır, həm də ab-havasına görə insanların daha çox xoşuna gəlir. Amma bir məsələ var ki, bir də görürsən ki, göy üzünü bulud aldı və yağış yağdı. Bu yağış da yağanda insanlara ləzzət edir, çünki yağış həm havaya sərinlik gətirir, həm də tozu-torpağı küçələrdən təmizləyir. Elə ağacların budaqlarında hopan tozu-torpağı bu yağış yuyur. Və biz orda olanda belə bir gözəl yağış yağdı. Yağışın yağmasına da çoxları kimi mən də sevindim, amma sabahı günü Qubada bir gün çıxdı ki, gəl görəsən. Hardasa havanın temperaturu müsbət 36 dərəcəni keçmişdi. Bax onda da camaat özlərini sərin yerə və istirahət mərkəzlərinə çatdırır.
Qəçreşdəki istirahət mərkəzi isə çox unikal və gözəldir. Burda çoxlu sayda insanların istirahət etdiyini gördüm. Hətta Rusiyadan gələn, İsraildən gələn turistlərlə rastlaşdım. İsraildən gələn bir vətəndaş dedi ki, mən Azərbaycana – Qubaya tez-tez gəlirəm. Özüm orda yaşasam da, atam-anam Qubanın «Qırmızı bazar» qəsəbəsində anadan olub, orda yaşayırlar. Amma mənim özüm Təl-Əvivdə yaşayıram, ana-atama görə ən azı ildə bir dəfə üç ay gəlib burda istirahət edirəm. Son illər Quba daha da gözəlləşib. Heç adam gözlərinə inanmır. Bir çox küçələr yenidən asfalt örtüklə və müasir stildə təmir edilib. Ən çox da tamet daşlarından istifadə olunub.
Ümumiyyətlə, Qubada milli-memarlıq abidələri çoxdur. Xüsusən də orda soyqırım abidəsi ilə bağlı yaradılmış muzey bizim diqqətimizi xüsusilə cəlb elədi. Çünki ermənilər tək azərbaycanlılara qarşı soyqırımı etməyiblər, həm də Quba qırğını zamanı çoxlu sayda yəhudiləri də amansızcasına qətlə yetiriblər. Bu abidə-muzey tarixi baxımdan çox dəyərlidir. Çünki Azərbaycan və yəhudi xalqlarının faciəsini dünyaya çatdırır. Şəhəri gəzməyə çıxmışdım, bir neçə yeni xiyabanın inşa edildiyini gördüm və sevindim. Mən həmişə Qubadan Təl-Əvivə qayıdanda Azərbaycan xalqının böyüklüyündən, qonaqpərvərliyindən və Qubanın gözəlliyindən qohum-əqrəbama danışıram.
Qubanın ən gözəl yerlərindən biri də Heydər Əliyev adına parkdır. Ümumiyyətlə, Qubada bir-birindən yaraşıqlı, gözəl və füsunkar parklar və xiyabanlar kifayət qədərdir. Həmişə də isti yay günlərində orda çoxlu sayda insanların istirahət etdiyini görürük və biz də axşamüstü həmin parka baş çəkdik. Orda bir neçə yaşlı nəslin nümayəndəsi ilə rastlaşdıq və onlarla səmimi söhbət etdik. Onlardan biri uzun müddət Quba məktəblərinin birində idman müəllimi işləmiş Əlikram Əliyevdir. Onu qubalılar çox yaxşı tanıyır və çox vaxt ona «müəllim» deyirlər. Təbii ki, müəllim adını el-oba arasında qazanmaq və onu yaşatmaq hər ziyalının işi deyil. Çünki Əlikram müəllim həm də gözəl ziyalı və səmimi insandır. Onunla söhbət zamanı bir daha məlum oldu ki, «müəllim» deyilən adam yəhudilərlə uzun müddət dostluq edib və həmişə də onların etibarından, sədaqətindən və səmimiyyətindən razı qalıb.
Əlikram müəllim bizimlə söhbətində onu da qeyd etdi ki, Quba gözəl, füsunkar və ecazkar bir məkandır. Amma insanları ondan da gözəl və mehribandır. Burda mənim yanımda əyləşənlər hamısı təqaüdçülərdir. Ümumiyyətlə, Qubada belə istirahət mərkəzləri az deyil. Biz burda söhbət edir, nərdtaxta, şahmat oynayır, günümüzü mənalı keçiririk. Vaxtınız olsa bizim qonağımız olarsınız, özü də bunu ağızucu demirəm ha, ürəkdən deyirəm. Şükür Allaha, evimiz-eşiyimiz, ruzumuz və bərəkətimiz kifayət qədərdir. On qonağımız olsa hamısını qarşılaya bilərik.
Qubada çoxlu sayda iş yerləri açılıb, kəndlərdə, qəsəbələrdə sosial obyektlər, xəstəxanalar, uşaq bağçaları və istirahət mərkəzləri inşa edilib. Əvvəllər insanlar müalicə üçün Rusiyaya üz tuturdu, amma indi Quba şəhərində iki-üç yerdə ən müasir müalicə metodu ilə insanlara şəfa verən sanatoriyalar fəaliyyət göstərir. Yəni bütün bunlar insanların işini daha da asanlaşdırıb. Və rayonda bu gün birmənalı olaraq deyə bilərik ki, möhtəşəm abadlıq və quruculuq işləri davam edir. Hər ay hansısa bir yeni sosial obyekt istifadəyə verilir. Bütün bunlar isə rayonda insanların daha yaxşı və firavan yaşaması üçün əlverişli şərait yaradır. Buna görə qubalılar cənab prezident İlham Əliyevə öz təşəkkürlərini bildirirlər.
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Bakı -°C

