14 Avqust 2025 07:22
225
İDMAN

PSJ tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub

Fransa təmsilçisi PSJ İngiltərənin "Tottenhem" klubuna qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub.

Adalet.az-ın məlumatına görə, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

39-cu dəqiqədə Mikki van de Ven hesabı açaraq londonluları önə çıxarıb. Kristian Romero 48-ci dəqiqədə "Mahmızlar"ın üstünlüyünü iki topa çatdırıb.

Bununla belə, Paris kollektivi qarşılaşmada dönüş yaratmağa müvəffəq ola bilib.

85-ci dəqiqədə Li Kan İn, 90+4-cü dəqiqədə isə Qonsalu Ramuş fərqlənməklə qarşılaşmanı penaltilər seriyasına daşıyıblar.

Burada daha dəqiq oynayan (4:3) Luis Enrikenin rəhbərlik etdiyi komanda Superkuboka sahib çıxıb.

Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.

Ötən il UEFA Superkubokunu İtaliyanın "Atalanta" komandasını 2:0 hesabı ilə məğlub edən "Real" (İspaniya, Madrid) qazanıb. "Kral klubu" UEFA Superkubokunda ən çox qələbə qazanan komandadır. Madridlilərin muzeyində 6 belə kubok var.