adalet.az header logo
  • Bakı -°C
25 Iyun 2026 09:21
69
GÜNDƏM
A- A+

“Oğul var ki, atasına sağlığında hörmət etməyib...” - İlahiyyatçı

“Bir ölünün urvatı-hörməti ona verilən yasın təbdbəbəsi, qoyulan qəbir daşının təmtərağı yaxud yasda neçə mollanın iştirak etməsi ilə ölçülmür. Oğul var ki, atasına sağlığında hörmət etməyib, baxmayıb, onun nəsihət - vəsiyyətinə məhəl qoymayıb, tərbiyəsindən kənara çıxıb. Lakin öləndə atasına cürbəcür yeməklərdən ehsan süfrəsi açır, beş molla gətirib Quran xətmi oxutdurur, qəbrinin üstünə italyan mərmərindən daş qoyub çarhovuz tikdirir”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, hər il də vəfat günündə özünü göstərmək üçün məclis təşkil edib tox və imkanlı dostlarını yığıb "il" adı ilə qonaqlıq verir:

“Bəzi adamlar da İmam Hüseynin getdiyi yolu, tərənnüm etdiyi dini qaydaları, riayət etdiyi ibadətləri, əxlaq prinsiplərini, uğrunda şəhid olduğu zəngin mənəvi dəyərləri kənara qoyub sadəcə onun vəfatının il dönümündə müəyyən xurafatları və mövhumat xarakterli işləri həyata keçirməklə kifayətlənir. Halbuki İmam Hüseynin ruhu onda şad olar ki, onun uğrunda şəhid olduğu dini olduğu kimi yaşayasan. Sosial şəbəkələrdə başqalarını söyüb, təhqir edib, ixtilaf, nifaq salıb, heç bir dini vacibata əməl etməyib, günahlara məhəl qoymayıb sonra da yas saxlamaqla Hüseyn məhəbbəti olmaz. Sağlığında özlərini İmam Hüseynin tərəfdarları, aşiqləri adlandıranlar ona tələ qurub, çağırıb sonra da şəhid etdilər, ailəsini əsir etdilər. Şəhadətindən sonrakı xələflər də onun şəhidliyini, irsini, obrazını istismar etdilər. İmam Hüseynin özü kimi tarixi, irsi, bu günkü orbazı də şəhiddir, bu gün də əsirdir. O zaman Yezidin, Kufə əhlinin əsiri idisə bu gün də mövhumatın, xurafatın, istismarçı feodal ruhani sinfinin təsiridir.Bir şəxsin yolu ilə getmək, onu təqlid etmək həmin şəxsin yaşam tərzini təkrarlamağa çalışmaqla, onun amalını əmələ çevirməklə olur. Fərqli həyat yaşayıb yalnız xüsusi günlərdə özünü ona aid etməyə cəhd etməklə deyil. Hüseyn aşiqi dinməz, səs salmaz, özünə diqqət çəkməz. Elə yaşayar, elə həyat sürər, əməlləri, xeyirxahlığı ilə elə nümunəvi insan olar ki, hamı təəccüb edib sual edər: bu kimdir ki, belə təmiz, şəffaf həyat yaşayır, cəmiyyətə fayda verir? İnsanlar isə cavab verər: o şəxs Hüseynin yolçusu, davamçısıdır!”.

Vasif ƏLİHÜSEYN