adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ORUC BAYRAMI

MƏMMƏD DƏMİRÇİOĞLU
26762 | 2013-12-21 00:59
Oruc bayramı kəndimizin ən mutlu, qəlblərin ən sevincli, könüllərin ən nurlu günü olmaqla bərabər, insanın insana həmrəylik, küsülülərin barışan, maddi əxlaqın mənəvi əxlaqa, ölənlərlə qalanların ruhən bir-birinə qovuşan müqəddəs bir bayram günüdü. İlin hər bir fəslinə düşən Orucluq bayramı bu il yayın qızmar günlərinə təsadüf etsə də, axşamdan hava bulanmışdı.
Qalaça tərəfdən eşilə-eşilə burmalanan qara buludların arasından boz-bulanıq şimşək işığı göründü, arxasınca sərin-sərin göy gurultusu eşidilirdi. Nəhəng orduya bənzəyən bir topa bulud Qayalının qaşından sıyrılaraq iki hissəyə bölündü, bir hissəsi Qurumsu, Sarı yoxuş istiqamətdən Çılpaq dağa, Avey tərəfə, bir hissəsi isə Kəmərli kəndini sulayaraq Kəmənd dağının üstündən burularaq üzü Gürcüstana tərəf axın eylədi. Əsən külək özüylə gətirdiyi cisəyi əli çatan yerlərə səpələdi, istidən bürüşmüş yarpaqların qırışlarına sığal çəkdi.
Əslinə qalanda belə yağışlar yayın qızmarında tütyə hesab edilər, saralıb-solmuş boz təpələr bir göz qırpımındaca yamyaşıl fərəhləriylə adamın üzünə gülərdilər.
Axşam selləmə yağış yağmasa da bozarmış ruzigar elə qaşqabaqlıda gecə yuxusuna getdi və sanki səhərin açılmasını gözlədi.
İncə Dərəsi orucluqda ən gözəl günlərini yaşayar, köksündən pərvazlanıb uzaq-uzaq ellərə oxumaq, işləmək dalınca gedən, aylarla, illərlə qayğılar içində itib-batan oğul, qız balaları kəndə dönər, qohum-qardaşla bayramlaşar, kəndin qucağındaca uyuyan dədə-baba qəbirlərini ziyarət edər, ölənlərinin ruhunu yad etmək üçün quran oxutdurarlar. Qəbiristanlığı, elə kəndin özünü də tən ortadan bölüb üzü yuxarı uzanana yolun kənarları insan axınıyla bəzənər, maşın əlindən tərpənməyə yer olmaz. Əli torbalı uşaqlar əlvan kəpənəklər kimi qəbirlərin arasıyla oyan-buyana uçuşar, qəbirlərin üstünə tökülmüş qalet-qanfeti, meyvələri döyşürüb çantalarına doldurarlar. İncə dərəsi bu bayramda ən mutli, ən fərəhli günlərini yaşayar.
Könül dostum, dəyərli alimimiz Rüstəm Kamal da bu bayramda mənimlə İncə dərəsinə qonaq gəlmiş, Göy Türbədə ata-babasına quran oxutdurmuş, səhəri gün də İncə dərəsinin bu bayramı necə qutlamasının seyirçisi olmaq istəmişdi.
Gecəni əmim qızı Xədicə gildə gecələmək qərarına gəldik. Axşam havanın belə çisəkləməsi əhvalları ona görə pozmuşdu ki, səhəri gün yağış yağsaydı, bayramın növrağı pozula bilərdi.
Elə belə də oldu, səhərimiz yağışla açıldı .Hamıdan erkən durmuş Rüstəm müəllim havanın çisəkli olmasına məhəl qoymadan kəndin bir-birinə oxşamayan səhər mənzərəsinə, çəpərlin arasıyla mal-heyvan, qoyun-quzu aparan adamlara, alçaqlı hündürlü təpələrin üstünü bəzəyən evlərə, bağlara, bağçalara xeyli tamaşa edibmiş. Məni görən kimi:
- Dəmirçioğlu, kəndiniz yağışlı havada da gözəl görünürmüş. Könlüm yaman açıldı, amma o miskin duruşlu, divarları quzulayıb tökülmüş, kirəmiti mırıqlamış, şüşəbənd eyvanı sınıq-sınıq olmuş o ikimərtəbəli evi gördüm, ürəyim kabab oldu - deyib, növrağı pozulmuş, bir zaman kəndin ən yaraşıqlı, indi isə çökmək ərəfəsində olan evi mənə göstərdi.
Tanıyırdım o evi. Dərdini içinə salıb zaman-zaman əsən ruzigarlardan kərpic-kərpic sökülən, doğma yurd yerində və qərib-qərib yol gözləyərək quzulayan, əlvan rəngləri bozaran, bağı-bağçası quruyan, ağzındaca qıfılı paslanıb çürüyən o evi yaxşı tanıyırdım.
Xeyli susduqdan sonra: - Gəl, bu evi dindirməyək, dostum, dərdini təzələməyək, olan qalanı da uçulub dağılacaq, göz yaşları tökəcək, - dedim.
Maraq qəlbinə hakim kəsilmişdi dostumun. Gözlərini o evdən çəkə bilmirdi. Ev onu duyurmuş kimi dil açmışdı sanki.

***
Söz vaxtına çəkər. Elə Orucluq bayramıydı. Alı müəllim həmişə olduğu kimi, bu dəfə də balaca ailəsiylə dədə-baba yurduna gəlmişdi. Bakı şəhərində ən nüfuzlu alimlərdən biri olan Alı müəllim, mehriban xasiyyəti, qonaqpərvərliyi, səxavəti, xüsusən də, biliyi, zəkası ilə hamının sevimlisi idi. Yeganə qız balalarından sonra uşaqları olmadığından balaca Nərgizi dünyanın varlığı hesab edər, üstündə nanə yarpağı kimi əsərdilər.
Kənddən əlaqəsini kəsməyən Alı müəllim, hər bayramda kəndə dönər, ölülərlə, dirilərlə əhvallaşar, bir xeyirdən-şərdən qalmazdı.
Bu novruz bayramında da balaca Nərgizini bahar çiçəkləri kimi bəzəmiş, balaca hörüklərinə topa-topa bant bağlamışdılar.
Qonşuluqlarında yaşayan balaca, yaraşıqlı oğlan uşağı Nərgizdən olsa-olsa 3-4 yaş böyük olardı. Yeddi yaşlı Nərgizin totuş yanaqları, əlvan geyimi hamının diqqətini çəkərdi. Balaca Şirxan aylarla onların Bakıdan gəlişini gözləyər, Nərgizi görəndə ürəyi çırpınar, gözləri alacalar, canını titrətmələr alardı. Möhkəmcə vurulmuşdu Nərgizə Şirxan. Kim deyir ki, belə yaşda sevgi olmaz? Elədirsə bəs gecələr səhərəcən Nərgizini düşünüb, səhərin açılmasını intizarla niyə gözləyir, səhər onu yenidən görəcək deyə səhəri niyə diri tuturdu Şirxan? Gözünü yumanda da, açanda da ancaq onu görür, onlar Bakıya gedəndən bir də gələnədək niyə onların getdiyi yoldan gözünü çəkə bilmirdi? Uşaq təfəkkürüylə, uşaq eşqiylə əsil Məcnuna bənzəyirdi bu dolu bədənli, sağlam cüssəli, qıvrım saçlı, od-yoloy parçası olan balaca Şirxan.
Bu oruc bayramında ondan çox sevinən yox idi. Nərgiz də ona qarşı çox mehriban idi. Amma Şirxanın bu dəli sevgisindən xəbəri yox idi. Nə biləydi sevmək necə olur, balaca Nərgiz. Nə bilirdi onlar Bakıya dönəndən sonra dünya Şirxanın başına uçacaq, günləri, ayları sayacaq ki, Nərgizi nə zaman Bakıdan gələcək. Bunları bilməsə də Şirxana çox isinmişdi, onunla bağa-bağçaya düşər, Şirxanın özündən uydurduğu "macəralarına" maraqla qulaq asar, hətta Şirxanı hərdən nağıl qəhrəmanlarına bənzədərdi. Onu inandırmağına çox sevinən Şirxan, necə ov etməyinə, canavar vurmağına, sərrast tüfəng atmağına, göydə quşu necə nişan almağına özü də inanardı. Əlbəttə, bunları uydursa da, içində bir əminlik var idi ki, Hasan babası təklülə ov tüfəngini ona versəydi, uydurduqlarından daha çox igidliklər edərdi. Nərgizin ona igid kimi baxmasından xoşhallanar, kəmərinə sancdığı qamçısını çıxararaq möhkəmcə şaqqıldadır, cibində gəzdirdiyi bıçağıyla ceviz ağacının şüyündən Nərgizə fışqıraq düzəldib məharətini təsdiqləməyə çalışardı.
Bu gün o da bəzənmişdi. Güllü torbasını da çiynindən asıb Oruc bayramına, qəbiristanlığa tərəf gedən Nərgiz gilə qoşuldu.
Alı müəllimi görən hər kəs onunla salamlaşır, bayramlaşır, Alı müəllim isə fərəhlə öz növbəsində illərlə görmədiyi həmkəndliləri ilə qucaqlaşıb öpüşür, ölüləriyçün mollalara quran oxutdururdu.
Şirxan balaca Nərgizin totuş əllərindən tutub qəbiristanlığın arasıyla gəzdirir, qəbirlərin üstünə səpələnmiş mer-meyvələri, şirniyyatları döyşürərək, güllü torbasına doldururdu. Dünyanın ən xoşbəxti idi Şirxan. Bu anlarda Nərgizi onun idi, əlindən tutub istənilən səmtə çəkib aparırdı. Hər ikisi dünyanı unutmuşdular. Dost-tanışlar, qohum- əqrəbalarla şirin-şirin bayramlaşan Alı müəllim də unutmuşdu hər şeyi, elə balaca Nərgizini də.

(ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV