adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ proyektinə epiloq

TOFİQ ABDİN
22570 | 2011-10-01 03:58
"Röyalar gerçək olsa... "
   
   Röyalar gerçək olmur...
   
   
   
   Yenə də bilgisayarın arxasına keçirəm. Və "bu mənim son yazım olacaq", -deyirəm özüm-özümə. Əslində nə zamandı bu barədə düşünürəm və bir yerə çıxa bilmirəm.
   
   "Bu yazı işi də bir xəstəlikdi. Əstəğfürüllah eroin, nəşə kimi bir şeydi, bu yazı işi... "
   
   Bu son sözləri mən bir tanışa demişdim çox-çox illər öncəsi. Bu bəladan bəzən yuxuda da yazı yazıram. Növbəti bir yazı uzun illər qabaq itirdiyim bir dost kimi yuxuma girir, onunla baş-başa oluram....
   
   ... evə gəldiyimdə qızım mənə bir dəvətnamə gəldiyini söylədi. Və uzatdı mənə dəvətnaməni. Mən də dəvətnaməni almaq üçün ha əlimi uzatdım, ha uzatdım... ala bilmədim ki, ala bilmədim. Və nəhayət, bir cür aldım dəvətnaməni.
   
   Baxdım. Mənim uzun illər əməkdaşlıq etdiyim bir təşkilatdan idi. Kim göndərdiyi yazılmamışdı. Bir Allah bəndəsi deyək. Yaxşı insanlar hər yerdə var. Niyə düşünməyək ki, bu təşkilatda yaxşı insan yoxdu. Mən heç insan tanıyan deyiləm. Ona görə də adamlarda elə hey yaxşı tərəfləri görməyə çalışan bir insanam. Oralarda olan insanların da yaxşı olduğunun, pis olduğunun fərqinə belə varmadım bu vaxta kimi.. Bu təşkilatın əlinin altında olan, yazılarımı çap eləyənlər tamam başqa adamlar idi.
   
   Bəli, mənim yazılarımı çap eləyən başqa adamlar idi. Yazılarım xoşlarına gəlirdi, gəlmirdi bilmirəm. Amma çap eləyirdilər. Mən də bu adamların yazılarını həmişə oxuyurdum. Sevirdim bu adamları. Güzaranları mənim kimi çox çətin olsa da, bu məsləyin insanlarını çox sevirəm.
   
   "Pis-yaxşı tarix yaradırlar"-düşünürəm. Ölümlə burun-buruna yaşayırlar. Qazandıqları maaş az olsa da, uşaqlarının yanında başları aşağı olsa da,bəzən...
   
   Bütün bunlara baxmayaraq işləyirlər bu məsləkdə....
   
   Dəvətnaməyə baxdım. Məni, bəli məni, o böyük təşkilatdan şəxsən məni yazarlarla və işçilərlə görüşə dəvət eləyirdilər.
   
   Öz-özümə düşündüm: nə zamandı mən varam və yazılarım çap olunur. Niyə indi məni xatırladılar? Niyə şəxsən mənimlə maraqlandılar? Mən kiməm ki... O böyüklükdə adamlar mənimlə görüşmək istəyirlər?
   
   Düşündüm ki, cümleyi-aləm bilir ki, mən nə zamansa Türkiyədə olmuşam. Bəlkə buna görə yeni bilgilər almaq istəyirlər... Buna görə eləyirlər bunu.
   
   Düşünürəm... düşünürəm... düşünürəm...
   
   Və bir də görürəm ki, toplantı salonundayam...
   
   ... Yazılarım çap olunan qəzetin sahibi, bir neçə yazar və mən keçirik yuxarı başa. Otururuq yuxarı başda. Başqa yoldaşlar da məni çox mehriban və isti bir baxışla seyr eləyirlər salondan. Hamısı da gülərüz, hamısı da çox mehriban...
   
   Bir an düşünürəm: bəlkə də, mənə görə belə mehribandılar və gülərüzdülər.
   
   Bütün bunları düşünə-düşünə bir ay qabaq bir qəzetdə çıxan bir araşdırma yadıma düşür və orada bir sual vardı. Beləydi bu sual:
   
   "Küçədəki insanar nədən belə qaraqabaq və düşkündü?"
   
   Bu sual həmən ağlıma gəldi. Və mənimlə görüşməyə gələn yazarların və qəzet işçilərinin belə gülərüz və mehriban olduqları bir az bir təhər gəldi mənə.
   
   Amma, nə olsun. Bu birtəhər ortama heç bir səbəb yox. Bunlar ağıllı insanlardı, cəmiyyəti idarə edirlər hardasa, insanları və dövləti istədikləri zaman tənqid edirlər və tərifləyirlər. Niyə belə görünməmilidilər ki..?
   
   Mən bu görüşə çox böyük bir məmnunluqla və böyük bir sevinclə gəlmişəm. Belə də olmalıdı, -düşünürəm. Heç vaxt mənə belə dəvətnamə gəlməyib. Gəlmədi... Məni bu qədər saymadılar. Amma, indi mənə bu intelektual hörməti eləyirlər. Və heç şübhəsiz,düşünürəm ki, məni tərifləyəcəklər. Daha nə cür ola bilər ki?. . Qonaq çağırıb, görüş eləyib, söyməyəcəklər ki... pisləməycəklər ki... heç görünməmiş bir şey olar bu... Bir yazarı dəvət eləyəsən, sonra da söyəsən, tənqid eləyəsən.
   
   Əslində mənim yazılarım da buna əsas vermir...
   
   "Suallar yağmur kimi yağacaq"-düşünürəm. Mən də çox sakit, çox məmnun və çox möhtərəm cavablar verəcəyəm. Cavablarım etkili olduğu zaman məni alqışlayacağlar...
   
   Vah... vah... Mənim ən qorxduğum və ən pis şey budur bax... eyni səviyyədə insanların biri-birini alqışlaması. Gəncliyimdən heç sevmədim bunu. Gördüm ki, sevim...
   
   "Allahım, - düşünürəm, - bu alqışlar olmasa nə gözəl olar".
   
   Amma, yox mən qonağam. Onlar mənə hörmət eləmək məcburiyyətindədirlər. Alqışlamaq məcburiyyətindədirlər.
   
   Olsun, canım. Bunu bu qədər şişirtməyə nə hacət. Bu bəlkə də bir insanlıq borcudu. Bunu bu qədər ürəyə salmağa nə gərək. Dəvət edirlərsə,deməli bütün şərtlərə əməl olunmalıdı.
   
   "Nə istərlərsə eləsinlər, - düşünürəm. Sağ olsunlar. Mənə olan bu hörmətin heç əvəzi yoxdu. Belə bir ortama qonaq çağırılmaq hər kişinin işi deyil....
   
   ... Dəvətnamənin bir o üzünə baxıram, bir bu üzünə baxıram. İnana bilmirəm ki, inana bilmirəm.
   
   Ağlım bir şey kəsmir.
   
   Düşünürəm: nə olsun ki, yazıdır yazıram. Mənim kimiləri çox. Düşünürəm: mənim heç bir işim yox, vəzifəm yox... millət vəkili deyiləm... nazir deyiləm... heç parti başkanı da deyiləm... heç bir yetkim yox... o yox... bu yox...
   
   Xeyr, amma, bir şey var: mən yazaram.
   
   Bəli, mənim üstünlüyüm budur.
   
   Bəzi yazılarımda mən öz şəxsi həyatımı anlatsam da, çox zaman gözdən qaçmış ola bilər bu anlar. Bu insanlar bütün işini-gücünü buraxıb mənim yazılarımın hamısını oxuyan deyillər ki... Heç öz yazılarını belə oxumurlar. Sağ olsunlar, məni şəxsən görüşə dəvət eləyiblər. Heç şübhəsiz, şəklimi çəkəcəklər və bir xəbər də yazacaqlar: Tanınmış şair və publisist Tofiq Abdinlə dünən olduqca sıcak və şakalı-makalı keçən bu görüşdə yazar sorğuları cavablandırdı, yeni yazılarıyla oxucuları tanış etdi və məmləkətimiz üstünə danışdı.. Oxucuların təkidi ilə köhnə, yeni şeirlərini oxudu.
   
   Heç şübhəsiz, belə bir xəbər çap eləyəcəklər. Təkrar eləyirəm: belə bir dəvətin özü mənə çox böyük bir hörmətdi, sayqıdı, müqayisə olunmayan bir yanaşmadı və hətta heç gözləmədiyim bir şeydi.
   
   Ədəbiyyatın, şerin, sənətin, musiqinin bir zamanlar öncülü olan dünyaya Füzuli, Nizami, Xəyyam kimi insanlar verən bir məmləkətdə, indi sənəti və ədəbiyyatı çox bədbəxt bir vəziyyətdə olan ölkədə, mənə olan bu hörmət məni xoşbəxt etməyə bilməz. Bunu anlamayan gərək nankor olsun.
   
   Və mən də bunu çox gözəl anlayıram...
   
   ... İrəlidə də söylədiyim kimi bu təşkilatda çalışanlar cana yaxın adamlardı. Və məni də çox sevirlər və bir də yazılarımı da bəyənirlər deyəsən. Üstəlik də çox zaman onların tələblərinə uyğun yazılar da yazıram. Sağ olsunlar. Həmişə şeirlərimi də çap eləyirlər. Bu da məni çox məsud eləyir. Əfsuslar olsun ki, bəzi yazılarım mənim istəyimin xaricində də olur bəzən. Bir başqa yazımda yazdığım kimi, mən heç zaman azad və müstəqil olmadım, bu sözün həqiqi mənasında. Hətta buna fırsat belə tanımadılar. Elə qorxu içində yaşadım.Arvadımın, oğlumun, qızımın qardaşlarımın, bacılarımın bu azad torpaqda, bu gözəl məmləkətdə, ağrılarını-acılarını qorxaraq içimə alıb yaşadım və yazdım. Bəzən həyatıma, mərdliyimə, şəxsiyyətimə xəyanət edib yaşadım. Yazarlığıma (bəzən) xəyanət edib yaşadım. Bunları bilə-bilə elədim.
   
   ... Dəvətnaməyə bir də baxıram: yox. Vallah, bu bir yanlışlıq olmalı. Bəlkə birisi məni dolayır. Zarafat eləyirlər mənimlə. Yox, canım mənim kimim var ki, elə yaxın adam yox ki, mənimlə belə bir zarafat eləsin.
   
   Yox, bu bir zarafat və dolamaq, ələ salmaq kimi bir şey deyil. Hardan ağlıma gəldi bu zarafat və dolamaq. Yox, baxıram dəvətnaməyə və canımı soyuq tər basır. Bu soyuq tər get-gedə istiləşir və mən sanki od tutub yanıram.
   
   Nəfəsim tıxanır. Ağlıma soxulan bu "dolamaq", "bu zarafat" məsələsi məni təngənəfəs eləyir. Düşünürəm: bu işin sonuna varmaq üçün,ən yaxşısı təşkilata telefon açım. Soruşum,varmı belə bir şey. Amma, olmasa nə eləyərəm. Biyabır olaram onların yanında... Ayıb olar mənə... Qan-tər içində qalxıram və yavaş-yavaş telefona yaxınlaşıram.
   
   Nömrəni yığıram. Gözləyirəm. Kimsə cavab vermir. Saata baxıram. "Saat.... Niyə kimsə cavab vermir, Allahım! Demək yalanmış bu. Demək mənimlə oyun oynayırlar bu məmləkətdə... Demək məni dolayırlar".
   
   Bir dəfə də nömrəni yığıram... Gözləyirəm... Səs-səda yox. Yenə də kimsə cavab vermir. Amma, görürəm ki, kimsə mənə tərəf gəlir. Ayaq səsləri get-gedə yaxınlaşır və bu ayaq səsləri get-gedə sıxlaşır. Üstümə tökülür bu ayaq səsləri... Mən qan-tər içindəyəm. Ayaq səsləri yaxınlaşır.
   
   -Ata, -deyə birisi məni səsləyir.
   
   Qızımın səsidi bu.
   
   -Nə var qızım, mənə dəvətnaməmi gətirdin?
   
   -Qalx, ata, qalx, vaxt keçir... Nə dəvətnamə...
   
   gMən qan-tər içindəyəm. Uzaqdan, çooox... çooox uzaqdan azan səsi ucalır. Səs ucaldıqca... ucalır...
   
   "Ya Rəbb, şükürlər olsun sənə, - deyirəm. Nədən bu gözəl röyadan oyandım?"
   
   Son illərdə gördüyüm ən gözəl röya idi bu...

TƏQVİM / ARXİV