adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Mart 2023 09:49
452
HADİSƏ

“Ondan ayrıldığım üçün məni şantaj etməyə başladı...”- İki uşaqla ata evinə qayıdan qadın...

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Həqiqətin (adı şərtidir) ağrılı taleyindən bəhs edəcəyik. Həqiqət deyir ki, boşandığı üçün həyat yoldaşı onu şantaj etməyə başlayıb:

“Düz 15 il bundan öncə bizi yaxınlarımız tanış etdi və evləndik. Amma necə bir çətin, ağılsız bir insanla ailə qurduğumu o evə düşəndən sonra anladım. Ailəsi də çətin adamlar idi. Amma ata evinə qayıtmaqdansa, elə bu əzablara qatlaşmağı üstün bildim. Çünki qardaşlarım, bacılarım var, onların yanına qayıdıb başlarını aşağı salmaq istəmirdim. Bu 15 il ildə iki övladımız dünyaya gəldi. Qızımın artıq 13 yaşı var. Bu illər ərzində döyüldüyüm günlər də çox olub. Buna qonşularımız da şahiddir, çünki çox vaxt onlar harayıma gəliblər”. 

“Həyat yoldaşımın siqaretinə kimi alırdım...”

“Özüm də kəndin qadınlarına qoşulub kartof sahələrində fəhlə işləməyə getmişəm. Namusumla, qeyrətimlə işləmişəm. Heç kim deyə bilməz ki, mənim nəsə başqa bir hərəkətim olub. Həyat yoldaşımın siqaretinə kimi alırdım. O, isə ancaq avara-avara gəzirdi. İki il bundan öncə həyat yoldaşım məni döyüb küçəyə atdı. Artıq bu son məqam idi, hər şeyə tüpürüb ata evimizə qayıtmağa qərar verdim. Çünki bir qadın olaraq ayaq üstdə durmağı bacarırdım, bilirdim ki, ayrılsam da işləyib övladlarımı saxlayacam”. 


“Məni şantaj etməyə, namusumu gözdən salmağa başladı...”

“Qardaşıma zəng vurdum və gəlib uşaqlarımla məni götürüb apardı. O vaxtdan indiyə kimi işləyib övladlarımı saxlayıram. Uşaqlarım da atalarının necə bir pis adam olduğunu bilirlər. Bu üç ildə bir dəfə də olsun övladlarına köməklik etməyib. Rəsmi nigahımız olmadığına görə heç boşanmaq üçün məhkəməyə də müraciət etməmişəm. Bircə onu istəmişəm ki, o insandan xilas olum. Düzdü, evə qayıtmağım üçün çox cəhd elədi, amma mən istəmədim. Belə olanda isə o başqa yola əl atdı. Məni şantaj etməyə, namusumu gözdən salmağa başladı”.


“Yalandan bacısını, anasını üzümə durğuzdu...”

“İş yerimi tapıb ora gəldi və 200 nəfər fəhlə qadının içində mənə dedi ki, “evə qayıtmadığın üçün bilirəm mən səni neyləyəcəm. Sən sahəsində çalışdığın sahibkarla gəzirsən və ona görə də evə gəlmirsən”. Təbii ki, bütün bunlar hamısı böhtan və mənə qarşı atılan şər idi. Həm də ondan ayrıldığım üçün məni şantaj edirdi. Buna görə onu məhkəməyə verdim və dediklərini sübut etməsini tələb etdim. O isə çarəsiz vəziyyətə düşdü. Yalandan bacısını, anasını üzümə durğuzdu. Amma təbii ki, bu da sübut deyildi. Məhkəmə onun məndən üzr istəməsini tələb etdi və cərimələdi. Bundan sonra isə onu alimentə görə məhkəməyə verməyə hazırlaşıram. Bizim ölkədə kişilər qadınların hüquqlarını çox tapdalayır. Döyürlər, söyürlər, yeri gələndə alçaldırlar, şantaj edirlər. Amma indi elə bil yuxudan oyanmışam, heç vaxt ona tabe olmayacam. Ondan ayrıldığım gündən elə bil həbsxanadan azad olunmuşam”. 

“Artıq üç ildir ki, özüm ayrıca işləyirəm, övladlarıma baxıram. Qardaşlarım da mənə kömək edir. Birlikdə yaşayırıq. Amma uşaqlarının anası olan bir qadını ondan boşandığı üçün şantaj edən “kişi” dünyanın ən axırıncı adamıdır”. 

Vasif Əlihüseyn