Onlar könüllü olaraq seçdikləri qorxunc səfərə on nəfər yola düşmüşdülər. Çəkinmədən, tərəddütsüz... Qarşıdakı yolları aşıb keçməyin asan başa gəlməyəcəyini, hər cür əngəllərin, müxtəlif maneələrin boy verəcəyini, önlərinə keçilməz sədlərin çıxacağını bilsələr də.
Söz vermişdilər ki, məqsədlərinə çatmaq üçün əllərindən gələn hər şeyi edəcəklər. Nəyin bahasına oursa-olsun, nə özlərini, nə də onların bacaracaqlarına inananları, yaxınlarını, doğmalarını "bacarmadılar" peşimançılığına uğratmayacaqdılar. Axı gənc, inadcıl idilər, qarşıda hələ onları nə qədər sınaqlar gözləyirdi...
Amma onlarıdan heç biri bilmirdi ki, başladıqları bu səyahət dillərdə dastana çevriləcək, həm də insanlıq üçün çözülməsi mümkün olmayan bir tapmayaca çevriləcək, on illər boyu üzərində baş sındırılsa da həqiqəti özündə əks etdirən bir məntiqi cavab tapılmayacaq. Hər şey ortada olsa belə yarım əsrlik müəmma elə müəmma olaraq qalacaq.
Onlar on nəfər yola düşmüşdülər, amma heyətdən bircəciyi geri döndüyü üçün hər şey doqquzunun başına gəldi...
Bilmirəm, bu haqda eşitmisinizmi? Mən məşhur Dyatlov qrupunun yürüşündən bəhs edirəm...
(Əvvəli qəzetin 5 may sayında)
ÖLDÜRÜLMÜŞDÜLƏRMİ?..
Xeyli təcrübəyə malik xizəkçilər niyə çadırda və ya tonqal qalayıb ətrafında toplaşmamışlar. Halbuki soyuqdan, şaxtadan qorunmaq üçün onların bütün imkanları olmuşdu. Çadırın divarları nədən bir neçə yerdən kəsilmişdi? Özü də ən maraqlısı da bu idi ki, cadır içəridən bıçaqlarla kəsilmişdi. Təsadüfən qarşılaşdıqları və ya pusqu qurularaq hansısa kriminal adamlar tərəfindən öldürüldüyü də ağılabatan görünmürdü. Nə çadırda, nə də ətrafda dava-dalaş, müqavimət, qan izləri yox idi. Hətta xizəkçilərin şəxsi əşyalarına, ərzaq ehtiyatlarına toxunulmamışdı da.
Ən çox üzərində dayanılan versiyalardan biri də bu idi ki, onların öz aralarında dərin bir mübahisə baş vermiş, sonra isə olay ölümlərlə müşayət olunmuşdu. Lakin kiçik bir təhlil həmin fikri absurd hala gətirməyə kifayət edirdi. Çünki ilk aşkarlanan cəsədlərlə təxminən bir neçə ay sonra tapılan sonrakı meyitlər bir-birindən bir neçə yüz metr aralıda idi. Belə çıxırdı ki, ölümcül çarpışma fərqli yerlərdə getmiş və sağ qalan olmamışdı. Onda ölümünə gedən çarpışmadan sonra meyitlərin heç birində hər hansı zərbə izinin aşkarlanmaması necə başa düşülməlidi?
Yerli ovçular tərəfindən öldürüldüyü variantı da ilk dövrlər xeyli müzakirələrə səbəb olsa da gerçəkləri əks etdirmirdi. Çünki ovçuların vaz keçməsi inandırıcı görünməyən əşyalara, isti geyimlərə toxunulmamışdı. Belə bir versiya da danışılırdı ki, onlar bilinməyən səbəblərə görə, xüsusi xidmət orqanları əməkdaşları tərəfindən öldürülüb. Onda təbii bir sual ortalığa çıxır: xüsusi xidmət orqanının əməkdaşları doqquz nəfəri öldürəndən sonra cəsədləri niyə eləcə ortalıqda buraxaraq çıxıb gediblər. Halbuki onlar geridə heç bir iz buraxmamaq üçün hər şey edə bilərdilər. Xüsusi xidmət orqanlarının əməkdaşları ən azı macəra axtarışına çıxan məsuliyyətysiz gənclər deyillər axı...
HƏQİQƏT GÖRÜNMÜRDÜ
Bəziləri də söyləyirdi ki, yürüşçülər qar uçqunu altında qaldıqları üçün donaraq həlak olmuşlar. Əvvəla, belə bir uçqunun baş verdiyini göstərən heç bir fakt gözə dəymirdi, ikincisi də uçqun altında qalan iki şəxs o vurhavurda paltarlarını niyə tam şəkildə soyunmuşdular ki? Yaxud, tam isti geyimdə ilan Zinaida ayağındakı valenkaları niyə çıxarmışdı? Bütün bunların bir məntiqi var idimi?
Bununla yanaşı çılpaq halda tapılmış yürüşçülər elə ən doğru grünən bir başqa versiyanı da mənasızlaşdırırdı. Belə ki, bəzilərinin fikrinə görə xizəkçilər çadırda olduqları zaman həmin ərazidə tektoinik təkanlar olmuş və dərin təlaşa düşən adamlar çadırı kəsərək tələsik çölə qaçmış və orada donaraq ölmüşlər.
Onda da sual olunur: əynində isti paltarlar olan bir neçə xizəkçi ehtimal edilən həmin tektonik təkanlardan sonra sakitcə yoldaşlarına nə üçün kömək etməyiblər? Yaxud niyə geriyə qayıtmayıblar? Axı hər kəs bilir ki, zəlzələ ən qısa müddətdə baş verən təbii fəlakətlərdən biridir. Və hər şey onlar üçün yaxşı bitəndən, qorxu və həyəcan çəkiləndən sonra geyimli xizəkçilərin də oturub öz ölümlərini gözləməsi heç inandırıcı deyil. Lap belə olsa da sağ qalanlar dostlarının ikisini niyə cılpaq soyundursunlar ki?..
Hamının hansısa qidadan zəhərləndiklərini və ya hansısa vəhşi heyvanın hücumuna məruz qalmalarını düşünmək də doğru deyildi. Çünki həm faciənin ümumi mənzərəsi, həm də aparılan məhkəmə-tibbi ekspertizasının təhqiqi bunları büsbütün inkar edir. Elə isə bu doqquz gənc yürüşçünün ölümünə nə səbəb olmuşdu? Onlar niyə qəribə vəziyyətdə həyatlarıyla vidalaşmışdılar?
Yeri gəlmişkən, onu da vurğulamaq vacibdir ki, diqqətli araşdırmalardan sonra rəsmi sənədlərdə dyatlovçuların doqquzunun da donvurmadan öldükləri yazılıb. Məhz ölümün səbəbi kimi. Amma niyə? Qarlı-şaxtalı Ural dağlarına yürüşə çıxan təcrübəli adamların şaxtadan, soyuqdan qorunmaları üçün bütün imkanları, isti paltarları, kifayət qədər ərzaqları, tonqal qalamaq üçün hər şeyləri olduğu halda onlar niyə donaraq ölməli idilər ki? Hələ üstəlik qurduqları etibarlı çadırın içərisində daldalanmaq da mümkünkən…
SAĞ QALAN YEGANƏ DOSTDAN MƏDƏT
Təhqiqat qrupu ən son anda dyatlovçulardan ayrılaraq geriyə dönən, Yuriy Yudini də bu işə cəlb edərək onun vasitəsiylə hansısa ipucu tapacağına ümid edirdi. Lakin Yuriy Yefimoviç dostlarından ayrılarkən onların əhval-ruhiyəsinin əla olduğunu, hər birinin sağlam düşüncəylə yürüşə qatıldığını söylədi.
Ekspertlər, ən müxtəlif sahələrin mütəxəssisləri, yüksək təcrübəyə malik alpnistlər bu müəmmanı çözə bilmədi. Hələ də "Dyatlovçular tapmacası” sirr olaraq qalır. Həmin vaxt bəziləri yürüşçülərin yad planetlilər tərəfindən məhv edildiklərini söyləsələr də sovet düşüncə tərzi bunları qəti olaraq rədd etdi. İdeoloji prinsiplər bu qənaətlərə yol verə bilməzdi.
Əlbəttə, yad planetlilər haqqında Yer insanının çox şey bilməməsi, davranışları, fəaliyyət prinsipləri barədə məlumatsızlığı belə bir qənaəti formalaşdırırdı. Başqa nə düşünmək olardı ki? Amma faciə məkanında yad, qeyri-adi izlərə, kənar, fərqli görünən elementlərə də təsadüf edilməmişdi...
DOQQUZ NƏFƏRİ UDAN UÇURUM
Doqquz insan həyatını udan Uralın həmin uçurumuna «Dyatlov uçrumu» adı verildi. Əslində isə bu adın düzəlişə ehtiyacı vardı. Çünki həmin yerdə təkcə İqor Dyatlov deyil, 9 nəfər həyatını itirmişdi. Bəlkə də həmin yer elə ölüm uçurumu adlandırılsaydı daha düzgün, daha ədalətli olardı. Və qeyd edim ki, çoxları elə sövq-təbii şəkildə oranı "Ölüm uçurumu” adlandırır.
Bütün işlər başa çatdıqdan sonra partiya (kommunist partiyası) və hökumət yürüşdə həlak olanların təttənəli dəfnini öz üzərinə götürmüşdü. İlk təklif belə olmuşdu ki, onlar həlak olduqları ərazidə torpağa tapşırılsınlar və orada bir memorial tikilsin. Lakin dytalovçuların valideynləri, doğmaları bu fikrə qəti etiraz etdikləri üçün onları Sverdlovskda dəfn etdilər: səkiz nəfəri Mixailovsk, birini isə valideynlərinin yanında İvanovsk qəbiristanlığında. Beləcə faciəli bir daşatana çevrilərək uzun zaman dillərdə dolaşan bu sirli hadisə sonluğuna çatdı.
P.S. Ölənlərin şəxsiyyətini ilk təsdiqləyən, əşyalarını tanıyan, təsadüf ucbatından qrupdan ayrılaraq sağ qalan Yuriy Yudin isə uzun illər "Polyus” turist klubun sədri vəzifəsində çalışdı. Və 2013-cü il, aprelin 27-də dünyasını dəyişdi. Özünün vəsiyyətinə görə, onu da Mixayılovsk qəbiristanlığında, dostlarının yanında dəfn etdilər.


Bakı -°C
