31 Yanvar 2024 14:11
1838
ƏDƏBİYYAT

ÖLÜM HÖKMÜ VƏ YA YOLUNU AZMIŞ QADININ ETİRAFI - Qəşəm İsabəyli yazır

Hərdən bəxtəvər eləyərdi məni. Qolumdan yapışıb, ərklə itələyib stulda oturdar – qayçını əlinə alıb, qarşımda bardaş qurub, ayaq dırnaqlarımı tutardı. Sonra da başını əyib, marçıltıyla barmaqlarımı öpərdi. Mən də, beş eşşəyi sağına gedən Türkmən xocaları kimi yayxanardım stula. Sonralar onun şübhəli hərəkətləri ürəyimə xal salanda, gördüm Tereza ananın xeyirxahlığı yadına düşməyir daha.

–Belə getsə caynaq çıxardacağam, – deyə, bir görüşümüzdə iradımı bildirdim.

Ağzını büzdü:

–Qayçını gətirməmişəm.

–Dırnağı olan hər kəsin qayçısı yanında olmalıdır.

Mızıldadı:

–Hanı?!

Başımla əl çantamı göstərdim.

O dəqiqə çəpiş kimi tullanıb, çantanın ciblərini eşələməyə başladı.

–Neyləyirsən?!

–Görüm pulları harda gizləmisən?! Bıy... bu nədi... əlimə yapışıb çıxdı?!

–Nədi?!

–On manatdı, deyəsən, içində manatlar da var.

Pula həris olduğunu bildiyimdən belə hərəkətlərindən xoşum gəlməzdi:

–Bayaq verdiyim 100-lük bəs eləmədi sənə?!

–Neyləyim, əlimə yapışıb çıxdı. Qaytarım qoyum yerinə, deyirsən?!

–Üzünə üz qaralığı çəkib, götürmüsən, qalsın, yoxsa barmağımdan eləyərsən məni.

Qayçını da tapdı, guppadan özünü çırpdı yerə. Acığı hiss eləməyə nə var. Yapışdı sol ayağımdan. İki dırnağımı tutar-tutmaz başını dala atıb güldü.

–Xeyir ola?!

–Heç.

–Gənə də?

–Nə pis ayaqların var!

Yadıma L.Tolstoyun “Anna Karenina” əsəri düşdü. Evlərinə dönərkən, qatarda cavan oğlanla tanış olan Anna, onu qarşılamağa gələn həyat yoldaşı qoca generalı görəndə, mat qalır: “İlahi, nə yekə qulaqları varmış bunun!”.

“Nə pis ayaqların var!” şübhəmin əsassız olmadığına əminlik yaratdı məndə.

–Nə tez unutdun dırnaqlarımı tutub, barmaqlarımı öpdüyünü?!

–Pisə pis deyərlər!

–Nə yaxşı onda pis deyildi?!

–Pisə pis deyərlər!

***

“İşimlə əlaqədar Moskvaya getmişdim, – rəhmətlik şair Teyyub Qurban danışırdı, – həmyerlimiz yazıçı Çingiz Hüseynov hər nahardan sonra otağıma gələr, kres¬loda oturub, mürgü-ləyərdi.

–Bu nə adətdi, ustad? – Soruşdum bir dəfə.

–Toyuqlara fikir verməmisən? – Dedi. – Dən dənləyib, çinədanlarını dolduran kimi, gün-döyən yerə çəkilib, ayaqlarını qoşalayıb, yanı üstə uzanır, qanadını da salır üstünə, başlayır dincəlməyə.

–Toyuqda ağıla bax, ey!

–Yox, bu toyuğun ağlı deyil, instinktdi. O instink ki, insanlar çoxdan unudub onu.”.

Çingiz müəllim kimi mən də nahar eləyib, təzəcə kürəyimi dirəmişdim stulun söykənəcəyinə, birdən telefonum səsini atdı başına: “Hansı mərdümazardı, görəsən?!” gözucu baxdım, nömrə tanış gəlmədi. Hər şeyə maraqlı biri kimi “cavab ver” düyməsini basdım:

–Bəəəliii?!

–Salam, müəllim.

–Sala-a-am?!

–Sizinlə danışan Günaydı.

–Güna-a-y?!

–Çiçəyin qızı.

–Çiçə-ə-ək?! Çiçəəək. Yadıma sala bilmirəm.

–Anamın başqa adları da vardı, – biri gül, o biri də müqəddəs...

–Həəə?! Həəə... yadıma düşdü... yadıma düşdü. Nə yaxşı zəng eləmisiniz?!

–Anamın sizə məktubu var.

–Məktubu?! Mənə?! 15 ildən sonra?! Nə məktub?! Mənim bir-iki aya, Allah qoysa, 90 yaşım olacaq.

–Yox, sizi görüşə-zada dəvət eləmir.

–Bəs nə məqsədlə mənə məktub yazıb?!

–Yəqin ki, bilmirsiniz?

–Nəyi?

–Anamın rəhmətə getdiyini!

–Necə-ə-ə?! – Qaşlarım dartıldı. – Haçan?

–40-ı dünən çıxıb.

–Deməli, 40 gün əvvəl...

–Bəli.

–60 yaşının tamamında?

–Bəli!

–Böyüklüyünə şükr, İlahi!

–Niyə şükr eləyirsiniz?!

–Necə də düz gəlir!

–Düz gələn nədi?

–Dünyanın gözə görünməz qanunlarından biri də öz təsdiqini tapdı!

–Anamın xəstə olduğunu bilirdiniz?!

–Xeyr.

–Bəs hansı qanundan danışırsınız?!

–15 il idi bu günü gözləyirdim.

–Arzu eləmişdiniz ki, anam ölsün?!

–Arzu deyəndə...

Sözümü ağzımda qoydu. Qızlığ çağında gördüyüm həyasızlığı bu dəfə vulkan kimi püskürdü:

–Nə pisniyyət adamsınız!

–Ananız ölməyimi istəyirdi, şəxsən üzümə demişdi. Bu istəkdən sonra mən də ölüm hökmü kəsmişdim ona!

–Siz, nəüzzi billah, Allahsınız bəyəm?!

–Allah olmasam da, nitqimdə var.

–Deməli, öncəgörənsiniz?!

–Mən yox, Budda.

–Budda kimdi?

–İnternetə baxarsınız. Məsləhətdisə, məktubu da yollayarsınız ünvanıma!

–Düzü məktubu sizə vermək istəyində deyildik. Deyirdik, olan olub, keçən keçib. Çox fikir eləyəndən sonra, qardaşımla razılaşdıq ki, anamızın son arzusudu, yerinə yetirməsək, ruhu bizdən inciyər.

***

Cavanlıqda adamın dili uzun olur, üzü susuz – xoşuna gələn qız-qadına him-cim eləyə bilirsən. Qocalıq ki, qapını taqqıldadır, görürsən, həəə... nə sənə baxan var, nə də ki, bəpbo kimi gözlərini dörd açıb bərəltdiklərindən səni sayan. Pak ruhlu bir nazirimiz vardı. İstefaya gedəndən sonra naşirliklə məşğul olurdu. Bir gün mənə zəng elədi.

–Necəsiniz, – dedim,– ey böyük insan?!

–Necə olacağam, cavan qızları yığmısan başına, demirsən, bəs qoca kişilər də var. – Hiss elədim ki, istəyini dilinə gətirmədi.

Onda rəhmətliyin sözünün ağrı-acısını duymamışdım. Gülmüşdüm ürəyimdə: “Ay səni... qoca...” .

Yalnız illər sonrası onun yaşına çatanda, əhvalımənə əyan oldu. Başa düşdüm ki, artıqmənim ovlayıb-quşlayan vaxtım keçib. Odur ki, “quşu quşla tutarlar” məsəlinə söykənib, bir gün də belə işlərdə səriştəsi olan Vəfa xanımın qarşısında boynu bükülü dayandım.

–Tanımadım səni, ay qardaş, nə yazıq olmusan?!

–Olaram da...

–Aşıq Molla Cümə “Arifə işarə nə lazım demax?!” deyərdi. Ağzını açanda dərdin mənə əyan oldu, qardaş!

–Həəə, vallah!

–Kababla aran necədi?!– Soruşdu.

–Ayda bir dəfə olar, – dedim.

–Könlünə xanım düşübsə, xanımın da könlünə kabab düşüb. Elə mənim də.

–Tikə, lülə?

–İkimizə də lülə...

Əlimi qoydum gözümün üstünə.

–Unutma ki, təkcə şahlar deyil şairlərə cariyə bağışlayan, – ürəkdən güldü, – dahi Nizamiyə kəniz ərməğan eləyən hökmdar olmasam da, adı da Çiçək, özü də çiçək bir xanımın əlini verəcəyəm sənin əlinə. Bəri başdan deyim ki, sonra peşman olmayasan, ilanın ağına da lənət, qarasına da... ipini bərk saxlayasan gərək. Düşdüyü yol hər an onu çəkib köhnə sahillərə apara bilər.

***

Vədələşdik ki, 3-cü mikrorayon körpüsünün altında görüşək. Maşınla yaxınlaşanda, gördüm Vəfanın yanında arxası yola bir xanım dayanıb, uzun don geyib, ayaqları da əyridi. Öz-özümə güldüm: “Ay səni, Vəfa! Köhnə-kürüş mallarını işə keçirtməsən ürəyin soyumaz. Deməli, bu g... əyrini də mənə sırıyacaqsan!”.

Maşını saxladım, birinci Çiçək mindi, on ilin tanışı kimi mehriban salamlaşdı.

Xırdalanda, yol kənarında bir restoranda oturduq. Baxırdım ki, Vəfa başını salıb aşağı, iştahla yeməyini yeyir, amma Çiçək hər qapı açılanda iştahla gözünü zilləyirdi içəri girən adama. İlk baxışda bu xoşuma gəlmədi. Düzdü, mədəni danışığı və davranışı vardı. Sir-sifətində əyri yola düşmüş, hər kişidən bir xasiyyət öyrənən qadınlara məxsus sırtıqlıq, biclik və heç nə ifadə eləməyən kütlük gözümə dəymirdi. Yeməyə az meyilli olması təqdirəlayi idı. Güclə bir-iki tikənin dadına baxdı-baxmadı, deyərdim.

Vəfa kabab qonağlığını yeyib, Çiçəyi verdi qoltuğuma. Çiçək də elə üzüyola düşdü yanıma – nə naz, nə qəmzə, elə bil nəzir deyibmiş, mənimlə görüşsün!

Lap Şəhriyarın qəzəlindəki kimi:

Çoxlar incikdi ki, sən onlara naz eyləmisən,

Mən də incik ki, mənim nazımı az eyləmisən!

Görüşdük. Təəssüf ki, ilk görüşün ağzımda dadı qalmadı. Bir həftə sonra təkrar bir yerdəydik. Bu dəfə ruhumu oxşamaq nədi, hətta ağzımın olan-qalan ləzzətini də zay elədi.

Elə səhəri günü Vəfa tumanını atdı başına:

–Nə verirsən Çiçəyə?

–20 dollar.

–Başqasına 50 verirsən?!

–Bacı...

–Ağzımı açdırma, 20 dollarlıqdı o?!

–Bacı, bunun dadı-tamı yoxdu, ey... vaxtı keçmiş duzlu xiyar kimidi. Vallah, adamın barmaqlarının arasından sıyrılıb tökülür.

Bir gün də, Vəfadan xəbərsiz, Çiçək özü zəng elədi mənə – görüşək. Ağzımı sürüdüm. Bununla

da əlaqəmiz kəsildi. Çünki 3 il idi bir xanımla münasibətim vardı. Hər cəhətdən Çiçəkdən yaxşıydı. Sonralar bu xanımdan üzülüşmək qərarına gəlmişdim. Bu da olsa-olsa yarım il etibarlı çıxmışdı mənə. Aramızda mübahisələr yaranmışdı. Tez-tez telefon nömrəsini bloka atırdım, gah xalasının telefonuyla tapırdı məni, gah da qadın bərbərlərin. Şirin dilini işə salıb, yenidən qayıdırdı qulluğuma. Amma ürəyim qırılmışdı ondan. Canımı caynağından qurtarmaq üçün yeni bir qadının axtarışına çıxmışdım. Əlim heç yana çatmırdı. Birdən Çiçək düşdü yadıma. Fikirləşdim ki, Vəfa deyirdi, müəllimədi, nizam-intizamlıdı, küçələrə düşməz. Nə qədər zəng elədim, cavab vermədi. Vəfa xanıma da istəyimi bildirdim, faydası olmadı. Hiss elə¬dim ki, Çiçəyə izn verməyən də odur. Allahdan olan kimi, Vəfanın böyük bir işi düşdü mənə, həll elədim. Heç 3-4 gün keçməmiş məni yığdı:

–Qarda-a-aş, Çiçəyə zəng elə. Konturu yoxdu.

–Bacı, bu q....-in 3 xarakterik xüsusiyyəti var. Birincisi – bahalı telefonları olar, konturları olmaz, ikincisi – dillərinə doğru gəlməz, üçüncüsü də kişiləri saqqız kimi dəyişərlər!

–Ha... ha... ha... necə də düz bilmisən!

Yerimi şirin salmaq üçün 10 manatlıq kontur yollayıb, sonra da özünü yığdım:

–Salam, Çiçək xanım.

–Salam, necəsiniz?!

–Darıxmışam sizdən ötrü!

–Darıxmısınız?!

–Özü də necə!

–Deməli, dünyanın ən şanslı qadını mənəm ki!

Vədələşib, tezliklə atı sürdüm Vəfa xanımgilə. Çiçək də ordaydı. Sevgi dolu baxışlarını zilləmişdi üzümə. Bu odun-alovun qabağında duruş gətirə bilmədim – başı¬mı saldım aşağı.

–Nə utancaq oğlan olmusan, 70 yaşlı cavan?!

Gülümsədim.

–Ərimdən boşanım, al məni!

Bu sözləri eşidəndə necə qorxdumsa, dilim söz tutmadı. Çiçək qalxıb, çay dəmləmək üçün mətbəxə keçəndə, tez özümü verdim Vəfanın yanına:

–Bu nə deyir, ay qız?!

–Nə deyir?!

–Deyir, al məni!

–Qorxdun?!

–Qorxdun da sözdü?!

–Qorxma, zarafat eləyir.

–Bu boyda zarafat?!

–Allah saxlamış, zarafat elə bu boyda olur da!

Gəlki, zarafatla deyilən bu fikir arı neştəri kimi sancıl¬dı bey¬nimə. Beləcə görüşməyə başladıq. Bir gün dilim dinc durmadı:

–Sevgilin olub?

–Atam deyərdi, at yıxılana qədər elə bilər yıxılsa – ölər. Yıxıldımı, ondan sonra qorxmaz. Bu sözlər mənə dərs olmadı. Özümdən 6 yaş kiçik bir oğlanla eşq oyunu oynamağa başladım. Bir gün də yarı yolda qoydu məni – gül pöhrəsi kimi sındım. Taleyin bu oyunu olmasaydı, nə ürəyim istəməyənlə ailə qurardım, nə də bu yola düşərdim. Haqdı, ərə getdim, nikah bağlasaq da, molla kəbinindən imtina elədim.

–Uşağınız var?

–Bir oğlan, bir qız.

–Bilirsənmi onlar Allahın yanında zina sayılır?!

–Zina nədi?

–Bic, yəni qanundankənar!

–Allah saxlamış, özüm qanuni arvad olmuşdum ki, uşaqlarım da qanuni uşaq olaydı?!

***

Çiçəyin mənim yanıma düz yoldan gəlmədiyi mə¬lum idi. Amma mənim xasiyyətimdi, gözümlə görmədiyim bir ləkəni kiməsə yaraşdıra bilmirəm. Bir də ki, Vəfanın Çiçəyi tərifləməsiydi məni aldadan: “Bəxtəvər başına, qardaş, yaman vurulub sənə!”.

Ayda 4 dəfə görüşərdik. Bir dəfə sözarası:

–Vəfa kimisə təklif eləməyib ki, sənə?! – Soruşdum.

–Eləyib, – dedi.

Tez səhvini anlayıb, günahını yumaq üçün nəsə mızıldadı. O sözlər artıq məni maraqlan-dırmırdı. Axı “eləyib” deməklə o, özünün əyri keçmişini təsdiq eləmişdi.

Buna baxmayaraq hiss eləyirdim ki, hələ də mənə etibarlıdı. Bunlar bir yana, axı mən də ona az qala öz qadınım kimi yanaşırdım. Tez-tez deyirdi:

–İstəyirəm səndən bir oğlum olsun!

–Necə çıxardacaqsan üzə?!

–O, mənlikdi.

–Ərin deməyəcək, bu hardandı?!

–Nə çətin işmiş?! Gecənin birində sürüşüb girəcəyəm yanına, ora-burasına sürtəcəm özümü, elə biləcək balaca-bapbalacamın atasıdı.

Fikirləəşdim: “Bu nələr bilirmiş, İlahi!”.

Gündən-günə bağlanırdım ona. Düzdü, aramızdakına məhəbbət demək olmazdı, sadəcə bir-birimizə vərdiş eləyir, təzə ailə quranlar kimi “can” deyib, “can” eşidirdik. O, bir az da istəyinin rəngini tünd eləyərdi – “sən mənim aldığım nəfəsimsən”. Amma belə bənzətmələr tükümü də tərpətməzdi. And içərdi ki, aramızdakı yaş fərqini görmürəm. Sən məndən ötrü 15 yaşlı oğlandan da cavansan. Təbii ki, buna da inanmazdım.

O da yadımdadır – məhrəm anlarımızda dua eləyərdi:

–Allah mənim ömrümdən kəsib, sənin ömrünə calasın!

–Niyə elə deyirsən, ay qız?!

–Deyirəm ki, bərabər illəri yaşayaq.

Təxminən Çiçək mənə 5-6 ay sadiq oldu. Bir gün duydum ki, könlünün quşu uçub. Başladım sorğu-suala. O da məni qısqanclıqda günahlandırdı:

–Nədi, keçilərin gəlib, deyəsən?!

Eşitdiyimə görə artıq Vəfaya da məni pisləyirmiş. Hətta işlədiyi liseydə belə dalımca danışırmış! Müəllimə yoldaşları deyirmiş, ay qız, fikir vermə, özünə yaraşdıra bilmir səni, axı yaş fərqiniz böyükdü. O da var ki, Çiçəyin ağzında söz duran deyildi – bunları özü xəbər verirdi mənə.

Görürdüm ki, həm məndən ayrılmaq istəyir, həm də hər həftə dəyərindən ikiqat artıq verdiyim puldan keçə bilmir.

Son dövr sırtılmışdı yaman. Birdən zəng gəlirdi ona. Rədd eləyib, “oğlum Elxandı” deyə, atılıb yanımdan durur, pəncərənin qabağına gedib, mesaj ya¬zırdı.

Axırda başa düşdü ki, iki kişinin arasında qalıb. Belə davam eləyə bilməz. Mənim sorğu-sualım da o biri yandan kefini pozurdu. Qocanı cavana qurban vermək lazım idi. Odur ki, bir gün üzü-üzümə, gözü-gözümə məni sındırmaq istədi:

–Sənin ölüm xəbərini eşitmək istəmirəm!

Bu qəfil qarğışdan özümü necə itirdimsə yalnız mızıldaya bildim:

–Nəəə?!...

–Sənin ölüm xəbərini eşitmək istəmirəm!

–Niyə ölürəm?! – Hələ də özümə gələ bilməmişdim.

–Axı sən məndən 30 yaş böyüksən!

–Onda adam ölür bəyəm?!

Gülümsər gözlərini dikdi gözümə.

Ac vaxtı çörəyi, susuz vaxtı suyu, kasıb vaxtı əyni-başı olduğum qadının mənə ölüm arzu-laması fikrə saldı ürəyimi. Bu boyda nanəcibliyin hayıfını ondan çıxmalıydım. Girəvə gəzirdim ki, onu atım, qalsın yana-yana. Qadın üçün atılmaqdan böyük təhqir yoxdu. Onda dərk eləyir ki, dəyərsizdi.

Bir gün də, adəti üzrə liseydən çıxıb, zəng elədi mənə. Metroya düşənəcən danışdıq. Birdən:

–Qatar gəlir, qoy görüm minə bilərəm...

Baxdım ki, 20 dəqiqə keçib, məni yığmayıb. Bu vaxtacan metrodan çıxmalıydı. Zəng elədim, gördüm kimləsə danışır. Təkrar zəng elədim, eyni vəziyyət. 44 saniyədən sonra... düşdüm.

–Hardasan?

–Avtobusla gedirəm.

–Avtobusla?

–Hə.

–Metrodan çıxandan sonra niyə yığmadın məni?

–Xudafahizləşdik da.

–“Xudahafiz” nədi, hərmişə zəng eləmirdin bəyəm?!

–Dedim...

–“Dedim” nədi?! – Söhbəti uzadırdım ki, vaxt keçsin, qızını yığa bilməsin. Yoxsa sonra deyəcəkdi, bax, qızımla danışırdım. – Kimlə danışırdın?

–Qızımla – Günayla.

Telefonu söndürdüm.

İki dəqiqə sonra məni yığdı:

–Niyə söndürdün telefonu?

–Danışdıq da.

–Sözümüz yarımçıq qaldı axı.

–Evə çatanda zəng eləyərsən.

Yarım saatdan sonra:

–Evdəyəm, – yazdı.

–Qızınla danışdığın vaxtı çək at mənə.

Atdı.

–Qıza de, o da atsın.

Qız da atdı. Aşkar fərqli dəqiqələr idi. Başladım sorğu-suala:

–19.24-də kiminlə danışırdın?

–Günayla.

–Günayla 19.26-da danışmısan. 19.24-də kiminlə danışırdın?!

–Danışmadım. Mənim boş işlə aram yoxdu.

–Adamı belə ifşa eləyərlər!

–İfşa nədi?! Həyatımızı zibilə çevirmə. Çox yorucu olmusan, düşün.

–Səninlə mənimki 19.24-də bitdi.

–Anlamadım.

–Qurtardım səninlə!

–Kafadan xarab. Özünü boşuna yorma, həkimə get!

–Özünü təmizə çıxara bilmirsən, mənə də başı xarab deyirsən. Haram olsun duz-çörəyim sənə!

O da mənasız bir cavab yazdı:

–Haram nədi? Yığıb düşə bilməmisən. Sən gözlə, sənə halallıq verim.

Artıq cavab yazmağın mənası yox idi.

Səhər tezdən zəng səsinə oyandım – Çiçək idi.

Zəngini rədd eləyib, nömrəsini bloka salıb, sinə dolusu nəfəs aldım. Canımı onun əlindən xilas eləsəm də, “sənin ölüm xəbərini eşitmək istəmirəm” qarğışı bir an belə məni rahat qoymurdu.

***

Qadınlar nadir hallarda ateist olur. Onların zəif yeri də Allaha sidqi-ürəkdən inanmağıdı. Odur ki, Çiçəyin pis niyyətini zərərsizləşdirib, ona ölüm hök¬mü kəsmək istəyinə düşdüm. Telefonunu blokdan çıxardıb, yazdım: “Yuxuda nurani bir kişi gördüm:

–Çiçəyi niyə atdın?–Soruşdu.

–Mənə xəyanət eləyirdi!

–Nə idi xəyanəti?

–Başqa bir kişiylə də aşiq-məşuq idi!

–Məhəbbətdə azadlıq var! Səni sevib, indi də başqasını sevir.

–Bu,sevgi deyildi, ikili oyun idi, oynayırdı.

–Görmüşdün?

–Görmüşdüm!

–Lap gözünlə?

–Allah hissi niyə verib bizə?! Onlarla kitab oxuyub, saytlara baxmışdım: “Kişi qadından şübhələnirsə, deməli qadın ona xəyanət eləyir.”. Niyə 4-5 ay əvvəl şübhələnmirdim?!

Nurani kişi razılıqla başını tərpətdi.

–Olar bir sual verim sizə? – Soruşdum.

–Buyurun!

–Allah dərgahında xəyanətin cəzası yoxdur?

–Allah heç nəyi cəzasız qoymayır.

–Çiçəyin cəzası nədir?

–Onsuz da Allah onun cəzasını verib!

–Necə?!

–Birincisi bakirə olmadığına görə Allah onu kişilərin ən eybəcəri ilə bir damın altına salıb. O ər ki, onu üz qaralığından qurtarıb, gəlki, ona da xəyanət eləyir. Ərinə xəyanət eləyən, bilməliydin ki, sənə də xəyanət eləyəcək. Sən axı ona həyat qoldaşından daha yaxşı baxırdın. Üstəlik də onu kiminləsə dəyişməyirdin. Ona görə də Allah onun ömründən kəsib, sə¬nin ömrünə calayacaq?

–Necə?

–Çiçək 60 il yaşayacaq, sən 120.”.

40 gün hər həftə telefonunu blokdan açıb, bu söhbəti yolladım ona.

Budda deyir – söz hərəkətdi.

Çiçəyin məktubu

“Bu məktubu son nəfəsimdə yazıram sənə. “Çiçək 60 il yaşayacaq...” sözləri beynimə mismar kimi sancılan 15 ildə bu fikirlə oturub-durmuşam. Sevinə bilərsən, axır ki, arzuna çatdın. Həyat həvəsim kimi həyat enerjim də tükənib. Eşitdiyimə görə xaçpərəstlər son günlərində keşişi çağırıb, günahlarını etiraf eləyir. Mən də Allahın bir günahkar bəndəsi kimi sənə etiraf eləmək qərarına

gəldim. Yəqin ki, sir-sifətim kimi adımı da unutmusan. Sən mənə deyəndə:

–Qadının 40-dan sonra bəxti yatır, 45-dən sonra da bədəni.

–Mən cıram, qocalmayacağam, – deyərdim. – İllər öz işini gördü. 45 yaşıma qədər nəinki üzümə, hətta çevrilib dalımca da baxırdılar. Sonra gördüm ki, bir vaxtlar gözəlliyimdən ötrü ölən kişilər heç gözünün ucuyla da nəzər yetirmir mənə.

İndi isə 60-a yaxınlaşıram. Hiss eləyirəm ki, ölümün astanasındayam.

Gənclikdə elədiyim səhvin ucundan, buna qadınlar adətən “aldanmaq” deyir, ailə qurmaq arzum gözümdə qalmışdı. Nə illah eləyirdim, özümə gələ bilmirdim. Axırımın nə olacağı fikri günümü qara eləmişdi. Axı atam el içində hörmətli bir kişiydi. Onu xar eləmişdim.

Yay səhəriydi, anamla həyətdə oturmuşduq. Xəbər verdilər ki, bəs qonşumuzun oğlu Rusiyadan qayıdıb. Səhəri günü anası balaca bir bal bankasıyla darvazamızdan girdi:

–Yetər, – anama dedi, – əlimdəkini görürsən?

–Görürəm.

–Bilirsən, bu nədi?

–Onu bilməyə nə var, baldı da.

–Səhvin var.

–Niyə?

–Bu, şirinlikdi. Gətirmişəm dəyişəm.

–Dəyişmək nədi, ay qız?!

–Bunu verim sənə, sən də bu qızını ver mənə.

Anam bunu gözləyirmiş kimi qaqqıldayıb güldü:

–Ver bura, – alıb bankanı qoydu yanına, – götür,

apar, bu qız, bu da sən!

Öz günahı üzündən ucuz olmuş Çiçəyə bundan bahalı elçilik ola bilməzdi ki?!

Elə səhəri günü nişan üzüyü taxdılar barmağıma. Nə barmağım sevindi, nə ürəyim. Tezliklə toyumuz da oldu. Soruşa bilərsiniz – necə?! Oğ¬lanın sağdışı xalam qızının həyat yoldaşıydı. Sirr gəldim xa¬lam qızına, o da ərinə sirr gəlib. Əri də arağa aludə nişanlımı bəs deyincə içirdəndən sonra salmır mənim yanıma – gərdəyə.

Hərçəndi həyat yoldaşıma məhəbbətim-zadım yox idi, üstəlik də zalım balası kənd-kəsəyə qoyulası deyildi – nə sir-sifəti bir sir-sifət idi, nə də adamlığı. Amma pulu vardı deyə, bizimkilərin gözündə uca bir dağ idi. Rəfiqəm yoldaşımı görəndə çaşıb qalmışdı:

–Ay qız, sənin kimi mələk bu eşşəkdə nə görüb?! Vallah, qəfil qabağıma çıxsa, ürəyim gedər!

Başqa bir yaşlı rəfiqəm isə küpəgirən idi. Toy günümdə ərimi görəndə mənim böyük günahımı zərgər dəqiqliyilə anlamışdı.

–Üstündə ər kölgəsi var – hər şeyə dəyər. Gözəlliyini yelə vermə, faydasını görməyə çalış!

–Faydası nədi, bacı?!

–Bu eybəcərin sənin üz-gözünə dəyən murdar nəfəsi şikəst eləyər ruhunu! Bilirsən, şair Əliağa Vahid nə deyib?! “Gözəl o şeydir ki, xiridarı gözəldi!”.

–“Xiridar” nədi, bacı?!

–Kəndçi diliylə desək, istifadə eləyəni.

–Elə şey də olur?!

–Niyə olmur, aaazzz?! Görə-görə gəlməmişik?!

–Nə bilim, vallah!

Anam isə kəlməbaşı deyərdi:

–Qızım, nə olsun ərin gözəl deyil, gözəl baxarsan, gözəl olar!

–Necə gözəl baxım, ay ana, gözüm kor olsun, deyirsən?!

–Ay bala, ağlını başına yığ, az qala qarıyıb qalmışdın bir bucaqda. Allah ömrünü uzun eləsin, gəlib, başına fata qoydu, səni el qınağından qurtardı, niyə duz-çörək tutmuş olursan?!

Artıq yoldaşım da Rusiyadan gətirdiyi pulları sağa-sola, araq-çaxıra verib, kasıblamışdı. Atam rəhmətə gedəndən sonra vəziyyətimiz bir az da ağırlaşdı. Təkcə mənim məvacibimlə dolanmaq olmurdu. Bir dəfə uşaqlarımın müəlliməsi Vəfa məni gördü. Başladı sorğu-suala – kimsən, haralısan, həyat yoldaşın nəçidi. Həm də gördüm alıcı gö¬züylə baxır mənə. Get-gəlimiz başladı. Öz evində kişilərlə görüşümü təşkil edirdi. Parolumuz da vardı – “Təzyiqim qalxıb.”. Zəng edib ya özümə, ya da uşaqlarıma bu iki kəlməni deməyi bəs idi. Cəld təzyiqölçəni qapıb, qaçırdım onlara. Orda isə hansısa bir bəy gözləyirdi məni.

Bir gün də kollektiv çəkilmiş bir şəkil qoydu qabağıma:

–De, görüm, bunlardan hansını bəyənirsən?

Əlimi qoydum sənin üstünə.

–Gəl səni verim ona, – dedi.

–Nə danışırsan, bacı, elə də şey olur?!

–Ay qız, arvadı yoxdu. Baxma səndən 30 yaş böyükdü, amma o yaşı verməzsən ona. Həm xeyirxahdı, həm də əli uzundu, istədiyin yerə çatır. Bir işim vardı, düyünə düşmüşdü, 500 manat əlimdə adam tapmırdım bu ağırlığın altından çıxım. İnan, bir dostuna deməklə, 2 saatın içində istəyimi yerinə yetirdi. 500 də qaldı cibimdə.

Beləcə Vəfa məni gətirdi sənin yanına.

Açığı ilk görüşdə xoşuma gəlmədin. Ürəyimdə güldüm də hələ: “Nə arıqdı bu?! Lap Məşədi İbadın hambalıdı ki, var!”.

Bir də ki, Vəfanın dediyinə görə hamıya verdiyinin yarısını verirdin mənə. Axı verdiyin təkcə mənə çatmırdı. Vəfa əvvəlcə sözümə inanmadı. Səndən soruşandan sonra bildi ki, düz deyirəm. Və mənimlə sənin aranı vurdu. Düz bir ildən sonra: “Görüş onunla” dedi. Bu dəfə doğrudan da vuruldum sənə. Hətta anam da hiss eləmişdi kiminləsə görüşürəm. Biləndə ki, atam yaşındasan, gileylənirdi, Allah qoysa bir gün də səni öldürüb atar dənizə.

Gülərdim: “Niyə öldürür məni, ay ana, nə pislik eləmişəm ona?!”.

Ölkədə kütləvi xəstəlik başlayanda mənimlə görüşməkdən imtina elədin. Bir ay sonra zəng edib, yaşadığım qəsəbəyə gəldin. 300 manat verdin, üstəlik də nəsə alıb gətirmişdin. Anam eşidəndə, dedi, həəə... inandım, qızım, onun sənə etibarlı olduğuna inandım. İndi ölsəm, arxayın ölərəm. De, gəlib məndən halallıq alsın. Yəqin ki yadından çıxmayıb, sənə dedim, gəlmədin...

Etiraf eləyirəm, 5-6 ay sənə sadiq oldum. Sonra nəfsim məni başqa kişilərin yanına çəkib apardı. Sən nədə şübhələnirdinsə doğru şübhələnirdin. Xəyanət eləyirdim sənə. Amma yalanlarımla özümü təmizə çıxartmağa çalışırdım. Hətta utanmaz-utanmaz səni ittiham eləyirdim: “Xəstəsən ey, xəstəsən!”. Az qalırdım bağırıb deyəm ki, səninlə olduğum bəs deyil sənə.

İki dəfə mənim təqsirim üzündən mübahisə eləmişdik. İkisində də necə hirslənmişdinsə, yarı yoldan qaytarıb, götürdüyün yerdə də məni maşından düşürtmüşdün. Amma baxmışdım ki, səndən avamını tapa bilməyəcəyəm. Elə səhəri günü də zəng edib, saqqızını oğurlamışdım. Sən də, maşallah, quzu kimiydin.

İllər mənə dərs verəndən sonra gördüm, qadının ləyaqəti birincisi öz həyat yoldaşına qane olmaqdır. Əgər yoldaşıyla aralarında məhəbbət-filan yoxdusa, ayrılmalıdı. Ya da yalnız bir kişiylə münasibət qurmalıdı. Hətta oğlum da öz dostuyla telefon danışığında, görünür mənə eşitdirirmiş, deyərdi, on kişidənsə biri yaxşıdı. Onu da deyim ki, sənin verdiyin yüz manat baş-qalarından gələn min manatdan bərəkətliydi. Görünür səndən yana kişilərin gözü qalırmış verdiyi pulun dalıyca. O da var ki, hətta rəfiqəmə də demişdim, intim ləzzəti yalnız sən verirdin mənə...

Deyə bilərsən, onda başqasına aşiq olmaq nə idi?! Demirəm “hər şey Allahlıqdı!”. Biz qadınların yalançı təsəllisidi Allahı günahkar görüb, hər şeyi onun boynuna qoymaq. Nə gizlədim, səndən daha yaxşısını axtarırdım. Səndən cavanını, səndən enerjilisini tapdım, amma onun şəxsində səni tapa bilmədim. Bəlkə də sənə qane olsaydım bu bədbəxtlik də başıma gəlməzdi.

60 nə yaşdı ki, mənim həyatım onunla qırılır?!”.

Çiçəyin məktubunu yerli-yataqlı veməyin mənası yoxdu. Sadəcə o, mənə qarşı elədiyi bütün xəyanətlərini etiraf eləmişdi. Sözünü belə bitirirdi: “Səndən “bağışla məni” xahişini də eləmirəm. Artıq onun heç bir mənası da yoxdu. Uşaqlığımı yaşadım, gəncliyimi yaşadım, Neyləyim, qocalıq ömrünü ya¬şamaq mənə qismət deyilmiş. Allahdan ar¬u eləyirəm 120 il yaşa-ya¬san! Sən buna layiqsən!”.

***

Çiçəyin ölüm xəbərini sakit qarşılasam da, etirafına da elə bir dəyər vermədim. Amma onun yoxluğu get-gedə fikrə salırdı məni.

İndoneziyanın prezidenti olub – Suxarto. Deyərmiş, sənə həzz verən qadını ömür boyu yaxşı xatırlayasan gərək.

Özümü günahkar görməyə başlamışdım. Evdə otura bilmirdim. Tez-tez bağa gedirdim. 90 yaşımın tamamı günü erkən sübhdən şəhərdən çıxşdım – 1 saatdan sonra bağdaydım.

Yadımdadır, haçansa ad günüm ərəfəsində aramız dəymişdi, telefon nömrəsini bloka atıb, uzaqlaşmışdım ondan. O da həmin günü hədiyyə alıb, qızını da götürüb, taksiylə bağa gəlibmiş.

Darvazanı təkrar-təkrar döyüb, balaqapının açar yerindən həyətə baxıb, maşınımı görmə-yəndə çıxıb gediblərmiş. Mən isə həmin günü bağda deyildim.

Tut ağacının kölgəsinə keçdim. Oturub, keçmişləri yadıma salırdım. Burada bəzi ağacları da Çiçəklə birgə əkmişdik. İllərdi bar da verirdi. Taleyin hökmünə bax, özü isə indi qara torpağın altındaydı.

Bu fikirlər alıb aparırdı məni, tez-tez göz qapaqlarım qapanır, başım sinəmə düşür – mürgiləyirdim.

Birdən taq-taq darvaza döyülməyə başladı.

Könülsüz yerimdən qalxıb, asta-asta yeriməyə başladım. Qapını açanda, gördüm qucağında bir dəstə gül yaşlı bir qadın dayanıb. Ağ-appaq geymişdi, saçları da qar kimi ağ-appaq idi. Nədənsə əlində tutduğu güllər də ağa çalırdı.

–Hər vaxtınız xeyir olsun, – dedi.

–Vaxtınız xeyir.

–İcazə verirsiniz girim həyətə?

–Buyurun.

–Tanımadınız məni?!

–Xeyr, kimsiniz?

–Sıradan bir xanım. Sadəcə təbrik eləməyə gəlmişəm sizi.

–Nə münasibətlə?

–Bu gün yubileyinizdi axı!

–Ah! – Əlimi vurdum alnıma.

–Sizi təbrik eləyirəm! Allahdan arzum budur ki, 120 il yaşayasınız!

“120 il” sözlərini eşidəndə diqqətlə qadının üzünə baxdım. Gözüm gözlərinə dikiləndə – diksindim.

–Nə oldu sizə?! – Soruşdu.

–İnana bilmirəm!

–İnanın.

–Çi-çə-ə-ək?!

Güldü.

–Bu necə olan işdi?!

–İcazə versəydiniz tut ağacının altına keçərdik.

–Buyurun, buyurun!

Keçib oturduq üz-üzə.

–Yəqin ki, – dedim, – vərdişinizi yadırğamamısınız.

–Nə mənada?

–Qəhvə içəcəksiniz?

–Çay olsaydı, pis olmazdı.

–O məktub nə idi, o etiraf nə idi, bu dirilmək nə?

–Ölmüşdüm bəyəm?!

–Bəs Günayın mənə dedikləri?

–Ölüm ayağındaydım. Hər şey sənə etirafdan başladı. Ürəyimi boşaldandan sonra, gördüm gündən-günə özümə gəlirəm. Həyat eşqim, həyat enerjim də geri qayıdırdı. Getdikcə sağalırdım və bir gün də sağaldım.

–Sağaldınsa, məktubu niyə göndərirdin mənə?!

–Bu, etiraf idi. O etiraf ki, həyata qaytarmış¬dı məni, onu sənə yazmışdım, sənə də çatmalıydı. Yoxsa etiraf olmazdı ki! Əvvəlcə göndərmək istəmədim. Sonra fikirləşəndə, qorxdum. Qorxdum ki, yenidən ölüm başımın üstünü alar. Anladım ki, hər bir insan vaxtı çatdıqca günahlarını etiraf eləməlidi. Heç kimə

olmasa da ən azından özü-özünə hesabat verməlidi!

Çiçəyin ölüm yatağından qalxıb, həyata qayıtdığını görəndə necə sevindimsə, diksindim.

Baxdım ki, qabağımdakı çay buza dönüb. Qar¬şımda isə dənizin üstüylə üfüqlərə doğru uzanan ma¬vi bir boşluq var.

18.09.2023 - 21.11.2023

-------------------------------------------------------------------------------------------

1.Tereza ana – öz ehtiyacı haqqında düşünməyib, köməyə ehtiyacı olanlara əl uzadan qadın.

2.Bəpbo – bayquş.

3. Cariyə – kəniz. Keçmişdə pulla alınıb-satılan qız və ya qadın.

4.Dərbənd hökmdarı Seyfəddin Müzəffərəddin – Nizamiyə qıpçaq qızı Afaqı kəniz göndərmişdi. Şair də o qızla evlənmişdi.

5.Köhnə-kürüş –çox köhnə, istifadəyə yaramayan – cındır, cırılmış.

6.Gərdək – toy gecəsi oğlan evində gəlin üçün pərdə ilə ayrılmış xüsusi yer.