M.Ə.Sabirin "silahı" ilə xalqımızı vuran "xalq yazıçımız": Harda müsəlman görürəm...
jpg-1748595925.jpg)
Bu gün Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabirin doğum günüdür. Bilməyən yoxdur ki, Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Ümumiyyətlə Sabiri nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda da tanımayan qalmayıb.
XX əsrin əvvəllərində yazılmış "Uşaq və buz", "Yaz günləri", "Məktəbə təğrib", "Ağacların bəhsi", "Cütçü", "Yalançı çoban" kimi qiymətli şeirləri ilə M.Ə.Sabir Azərbaycan uşaq şeirinin qüdrətli yaradıcılarından biri olduğunu təsdiqləyib. Şairin "Hörümçək və ipəkqurdu" təmsilində, "Ağacların bəhsi" alleqorik şeirində, "Camış və sel", "Molla Nəsrəddin və oğru", "İskəndər və fəqir" mənzum hekayələrində yeni nəsil üçün faydalı və ibrətamiz olan mənalı mətləblər ifadə olunub.
Satirası isə cahilliyə, mövhumata itəatkarlığa, mütiliyə qarşı bir üsyandır. "Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə", "Ayılma", "Bizə nə", "Kim nə deyər bizdə olan qeyrətə", "Yaşamaq istər ürək", "Adətimiz daş idi dəva günü", "Qoyma, gəldi", "Adəmi adəm eyləyən paradır" , "Bilməm nə görübdür bizim oğlan oxumaqdan", "Uşaqdır", "Uçitellər", "Müəllimlər syezdi", "Oxutmuram, əl çəkin", "Ürəfa marşı" , "A şirvanlılar" şeirlərini əzbər bilməyən yoxdu. Bir sözlə, Mirzə Ələkbər Sabir yaradıcılığının "Hop-Hopnamə" adlı böyük bir sənət əsərinə malikik!
İndi sizə kiçik bir araşdırmamı təqdim edirəm. Gəlin , görək, M.Ə. Sabirin xalqın gələcəyinə olan narahatlığı, ürək yanğısını, üsyanını yaxın qonşularımız ,əbədi düşmənlərimiz özlərinin xeyrinə necə istifadə ediblər.
Erməni xislətinin yetişdirməsi, Sovet hökümətinin tələbilə türkə düşmənliyi unutmayan bolşevik...
Deməli, vaxtıilə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, Azərbaycan SSR xalq şairi , Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş erməni Samvel Qriqoryanın məkrli əməllərini siz də bilin. Əvvəlcə qeyd edim ki, Samvel Qriqoryan Xocalı rayonunun Şuşakənd kəndində 1907-ci ildə anadan olub.
Ermənilər yazır ki, Samvel valideynlərinin ortancıl uşağı olub . Anasının sonuncu övladı 1918-ci ildə olub. Sentyabrın 16-17-də Bakıda erməni qırğınları zamanı. Balaca Samvel və onun böyük bacısı gizləndikləri yerdən hadisənin şahidi olublar. Anasının və kiçik bacısının qətliamı obrazı şairi ömrü boyu təqib etmiş, onun ruhi əzab mənbəyinə çevrilmişdir".
Anlamaq çətin deyil ki, bu insanın qəlbində azərbaycanlılara qarşı necə böyük nifrət olub. Amma o fərdi şəkildə deyil, qisasını tarixdə iz qoyaraq almağı düşünür.
İrəvanda İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini bitirəndən sonra 1929-cu ildə Bakıya dönür. Bəlkə də göndərilir. Çünki İrəvan elə o vaxtdan şeytan yuvası olub, orada təhsil alan erməni gənclərin beyni yuyulub. Samvel də onlardan biri olur. Universitetdə saxta erməni soyqırımı, "türklərə qarşı birləşmək", 2qisasçılıq" ideyaları təbliğatı ən yüksək səviyyədə olub və Samvel 4 il bu ədavətlə qidalanıb.
Nəhayət İrəvandan nifrətlə dolu gələn Samvel Bakıda yaradıcılağa başlayır.
“Qrakan Adrbecan”ın redaktoru, iki minə yaxın Azərbaycan bayatısının oğrusu, bir çox ədiblərimizin "qardaşı"
Elə bu yerdə Azərbaycan tarixçisi, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin sürətli direktoru Aslan Kənanın bir araşdırmasından bir parça təqdim etməyi özümə borc bilirəm: Arxivdə Yazıçılar Birliyinin sənədlərini araşdırarkən, erməni xislətini açan marqlı bir fakt diqqətimi çəkdi. Məlum oldu ki, bu ittifaqın orqanı olmuş ermənicə çıxan “Qrakan Adrbecan” (“Ədəbi Azərbaycan”) ədəbi-bədii, nəzəri-tənqidi jurnalı iki aydan bir 10 (on) müəllif vərəqi həcmində dərc edilirmiş. 1932-ci ildən fəaliyyətə başlayan, yarım əsrlik yol keçən bu jurnalın əsas məqsədi Azərbaycan ədəbiyyatının təbliğinə, ədəbi əlaqələrin möhkəmlənməsinə xidmət etmək olub.
Bundan başqa, jurnal vaxtilə respublikamızda sığınacaq verdiyimiz erməniləri İrəvanda məskunlaşmış ermənilərə tanıtmalıymış. Bu sahədə jurnal respublikamızda fəaliyyət göstərən erməni yazıçılarının ilk yaradıcılıq tribunası və dayaq nöqtəsi olub.
“Qrakan Adrbecan”ın dolğun, məzmunlu, müasir dövrün tələblərinə cavab verən, zəngin və maraqlı nəşr edilməsi üçün o vaxt respublikamızda geniş imkanlar da yaradılıb.
Ancaq şübhəsiz ki, jurnal, ilk növbədə, Azərbaycan yazıçılarının ən yaxşı əsərlərini erməni oxucularına təqdim etməli idi. Jurnal Azərbaycan ədəbiyyatını erməni dilində oxuculara çatdırmaq məqsədilə təşkil olunduğu üçün onun səhifələrində Azərbaycan yazıçılarına daha artıq yer ayrılmalı idi. Ancaq gəlin görək, bu sadaladığımız məqsədlərə çatmaq üçün jurnal fəaliyyəti dövründə hansı işlər görüb?"
Jurnal sırf saxta erməni soyqırımının təbliği ilə məşğul olub, beyinlərə "türk düşməndir" siqnalları ötürüb. Həm də milliyyətcə türk olan bir toplumun içərisində bu ideyanı mükəmməl şəkildə həyata keçiriblər. Aslam müəllim yazır ki, jurnada bir erməni dələduz “şair”in 1915-ci il “aprel qırğını abidəsi”nə həsr edilmiş “Qaranquş yuvası” yazısını da çap etməkdən həya etməyib:" Həmin müəllifin “Yazıçı” nəşriyyatında çap edilən kitablarında millətçilik əhval-ruhiyyəsi tam şəkildə özünü göstərir. Həmin müəllifin sətiraltı demək istədiyi fikirlərə diqqət edək:
“Sənə baxanda qoy məni hiss etsinlər,
Mənə baxanda səni.
Mən və sən bir bütövük,
İki hissəyə bölünmüşük…”
İlk baxışda şeirdə güman etmək olar ki, lirik qəhrəman sevgilisinin, doğma ocağının həsrətindədir. Lakin kimsə onlara qarşı rəhimsizlik etmiş, onları ayırmışdı. Diqqətlə oxuyanda, sonrakı hadisələr göstərir ki, bu məkrli niyyət hər bir zaman onların qara qəlbini deşib. Burada müəllif Yuxarı Qarabağı İrəvanla birləşdirmək iddiasında idi, lirik qəhrəman o vaxtdan torpaq xülyası ilə yaşayırmış". Yəqin ki, anladınız söhbət kimdən gedir.
Beləliklə, 1947-ci ildən bəri iki minə yaxın Azərbaycan bayatısını erməni dilinə tərcümə edib Samvel Qriqoryan 1957-ci ildən Bakıda erməni dilində nəşr olunan "Qrakan Adrbecan" jurnalının redaktoru olur. Məhz onun topladığı və erməniləşdirdiyi bayatıları ermənilər mənimsəyərək "erməni ədəbiyyatının inciləri" kimi təbliq edir.
Mirzə İbrahimovun "gözdəsi", yaxud, bolşeviklərin nümayəndəsinə böyük lütf
Düz 25 ildən çox "Qrakan Adrbecan" jurnalının redaktoru olan Qriqoryanın “Ana nəğməsi”, “Mənim Qarabağım”, “Göyərçinlər”, “Sevirəm”, “Sənsiz”, “Bahar”, “Ermənistan”, “Araz sahilində”, “Ana nəfəsi”, “Hrazdan” kimi alt mesajlı , separatçı meyilli şeirləri ilə Ermənistanda sevilən yazıçılardan biri kimi məşhurlaşır. O dövrdə ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi Kövsər Tarverdiyeva bir məqaləsində yazır ki, Samvel Qriqoryanın sadə, aydın dillə qələmə aldığı, dərin düşüncələri lakonik şəkildə ifadə edən, təcrübəli və duyğulu şeirləri onun təbiətindən, dağlarından və çaylarından, torpağından və bitki örtüyündən qidalanan Vətən həyatı ilə sıx bağlıdır".
Amma təbii ki, o dövrdə elmələr namizədinin dünyagörüşü o dərəcədə dar olub ki, Samvelin Qarabağı da Ermənistanın bir parçası olduğunu sətiraltı diktə etməsini seçə bilməyib.
Hətta Azərbaycan Radio Verilişləri Komitəsində işləyən zaman S.Qriqoryanın nadürüstlüyünü üzə çıxara biləcək bir şəxs ortaya çıxmayıb..
Nə "matah" əsərlər yazırsa, bilmirəm, Azərbaycan ədiblərindən fərqli olaraq, dövrünün "gözdəsi" olur. Həmin vaxt Azərbaycan Yazıçılar Birliyinin sədri olmuş Mirzə İbrahimovun (1965 – 1975) ilk işlərindən biri bu ermənini qiymətləndirmək olub. ( Qədim dövrlərdə Şahın sevib -seçdiyi cariyə - yəni "gözdəsi " toxunulmaz sayılıb. Red- Ə.R.) Beləki, AYİ bu erməni şairə 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verir.
Yazıçı İmran Qasımovun sədrliyi dövründə (1975-1981) Samvel Qriqoryan birlik tərəfindən mükafatlandırılmasa da, gözdən uzaqda qalaraq başçılıq etdiyi jurnalda anti-Azərbaycan ruhu yaratmaqla məşğul olur.
Yazıçı Mirzə İbrahimov növbəti dəfə AYİ-na sədr seçiləndən (1981 – 1985) dərhal sonra yenə S.Qriqoryanı "gözdə yazar" elan edir və 1984-cü ildə Azərbaycan SSR Xalq Şairi kimi titulu ona şəxsən təqdim edir.
Qriqoryanın "yumşaq yastıq"larının altındakı ilanlıq: "Hop-hopnamə"nin erməni dilinə tam tərcüməsi
Qriqoryan bu titulların "bədəl"ini ödəməliydi, Azərbaycan xalqının doğrudan da şairi olduğunu təsdiqləməliydi. O, Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ərəfəsində dahi bəstəkarla bağlı xatirələri "Ədəbiyyat və İncəsənət" qəzetinin 1984-cü il, 3 avqust sayında dərc etdirir. Sonra bu erməninin "Kommunist" qəzeti 1984-cü il, 30 noyabr sayında "Azərbaycan" adlı şeiri dərc olunur."Ədəbiyyat və İncəsənət" qəzetinin 1986-cı il, 24 oktyabr sayında Samvel Qriqoryanın Azərbaycanın xalq şairi Səməd Vurğuna həsr etdiyi şeiri işıq üzü görür. 1986-cı ildə isə xalq şairi Süleyman Rüstəmin anadan olmasının 80 illiyi münasibətilə ona açıq məktubla təbrikini çatdırır. "Ədəbiyyat və incəsənət" qəzetinin 14 mart sayında "Şair dostuma açıq məktub"u dərc olunur. Nizaminin , Xaqanın , Məxsətin , Füzulinin , Vaqifin və başqalarının şeirlərindən tərcümə edir, amma heç birinin külliyyatının tam tərcüməsinə həvəs göstərmir.
Amma bu məkrli Samvel Qriqoryan M.Ə,Sabirin "Hop-hopnamə"sini küllüyatca erməni dilinə tərcümə edir. Bu əlbəttəki, Azərbaycana şairinin yaradıcılığına sevgidən yaranmamışdı. Azərbaycanlıları, öz şairinin dili ilə ifşa etməyi qarşısına məqsəd qoymuşdu. Bizim o vaxtkı bəzi səlahiyyətli maymaqlarımız S.Qriqoryanın bütün tərcümələrini - "yumşaq yastıq" jestini sevinclə udaraq bunu alqışlayırlar.
Bir də xatırladıram: Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” medalı, Oktyabr İnqilabı ordeni, Xalqlar Dostluğu ordeni,,SSRİ-nin çoxsaylı medalları və fəxri fərmanları Azərbaycanın xalq şairi titulu...
"Harda müsəlman görürəm, qorxuram!" - silahı
Son olaraq, Professor Şirməmməd Hüseynovun bir açıqlamasını da diqqətinizə çatdırıram: 1911-ci ildə Mirzə Ələkbər Sabir ölür. Abbas Səhhət istəyir ki, onun şeirlərini bir yerə yığıb kitab çap etdirsin, çünki Sabir yazırdı, amma kitabı çap olunmamışdı. Heç öz kitabını görmədi də. Abbas Səhhət qəzetlərdə elan verir ki, "ay camaat, gəlin yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək". Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdələri 3 qəpik, 5 qəpik yığıb göndərirlər.
Həmin ilin yayında azərbaycanlı qadınları ilə erməni qadınları Dilicanda istirahət edirlərmiş. Necə olursa erməni qadınları Sabirin kitabıyla bağlı elana rast gəlir, qərara gəlirlər ki, yardım etsinlər. Bilirsiz niyə ? Çünki Sabirin "Qorxuram" adlı şeirindəki "harda müsəlman görürəm qorxuram" misrası onların çox xoşuna gəlirdi...
Bir yığıncaq təşkil edirlər, həmin yığıncaqda yığılan bütün pulları da göndərirlər kitabın çapı üçün. Beləcə, Mirzə Ələkbər Sabirin "Hop-Hopnamə" adlı ilk kitabı çap olunur və üstəlik kitabın ilk nəşrinin ön sözündə də, kitabın kimlərin puluyla çap olunduğu qeyd olunur".
Xatırladaq:Hazırda məzarı Bakıda Fəxri Xiyabandadır. Xatırladaq ki, Azərbaycanın xalq yazıçısı Aleksandr Şirvanzadədən sonra Samvel Qriqoryan Azərbaycanın xalq şairi adına layiq görülən ikinci ermənidir.
Əntiqə Rəşid