Həyatın poeziyada əksi - Dilarə Adilgil yazır

Mayın 20-si izdihamlı və təvazökar, samballı və sadə, şirin sözlü və gül-çiçəkli bir kitab təqdimatında iştirak etdim. Söhbət – şairə-publisist Nəzakət Məmmədlinin “Köhnəlməyən xiffət” və “Yurt hasreti” kitablarının AYB-ın Natəvan klubunda baş tutan təqdimatından gedir. Tədbir mətbuatda və sosial şəbəkələrdə kifayət qədər işıqlandırılıb, Nəzakət xanımın ədəbiyyatda, publisistikada, cəmiyyətdə yeri və xidmətləri, kitablarının əhəmiyyəti haqqında layiqli sözlər deyilib. Bütün bunlar gözəldi, lazımlıdı, yerindədi. Bu bir giriş... Yazım tədbir haqqında olmasa da, ondan aldığım təkanı, stimulu qeyd etməliyəm.
Nəzakət Məmmədli ilə şəxsi tanışlığım baş redaktoru olduğu “Yada düşdü” jurnalında baş tutmuşdu. Məqaləmə jurnalında yer verdiyi üçün təşəkkür edəndə ona bir kitabımı bağışladım. Əslində, onun üçün kitab seçəndə bir az düşünmüşdüm, çünki zövqündən, marağından xəbərim yox idi, heç şairəliyini də bilmirdim. Nəzakət xanımı uzaqdan-uzağa bacarıqlı lider, istedadlı jurnalist, publisist, ən əsası xoş bir qadın kimi tanıyırdım. Yenə də, intuisiyama güvənib müasirlərimə həsr etdiyim avtobioqrafik kitabım üzərində dayandım...
Bir müddət sonra yenə yolum “Azərbaycan” nəşriyyatına düşmüşdü. Jurnalımı götürəndə Nəzakət xanımın məni görmək istədiyini, onu gözləməyimi xahiş etdiyini dedilər. Kabinetində bir xeyli söhbət etdik və onu sanki ilk dəfə görürəmmiş kimi kəşf etdim. Kitabımı oxumuşdu ki, məni xeyli təəccübləndirdi. Bu qədər iş-güc, yaradıcılıq, ailə qayğıları arasında, heç kimin heç kimin kitabını oxumadığı bir zamanda, qısa vaxt aralığında, kifayət qədər həcmli kitabı oxumağı, oxumağı bir tərəfə, belə açıqürəklə, səxavətlə bəyənməyi qəlbimi titrətdi.
Nəzakət xanımla söhbət bir zövq..! Alçaq tembri, məlahətli səsi, xoş aurası, ən baçlıcası söhbətinin məzmunu həmsöhbətini özünə bağlayır, təsiri altına salırdı... Yəni, ondan ayrılandan sonra da, haqqında düşünməkdə davam edirsən.
Nəzakət xanım keçmişdən, ailəsindən danışdı... Bacısından, anasından, atasından... daha doğrusu atasızlığından... “İndiyə qədər onun çörəyini yeyirəm”, – dedi. Elə məhrəm məqamları bölüşdü ki, özüm qəhərləndim. Həm söhbətinin mövzusuna, həm az tanıdığı bir adama göstərdiyi etibara görə... “Mən sizi kitabınızdan tanıdım...” dedi.
Lirika qadındı... Muza da qadındı... Tamlıq üçün şairin də qadın olması lazım. Qadın tamamilə qəlbdən ibarətdir, – deyirlər, hətta düşüncələri də beyindən yox, qəlbdən gəlir.
Nəzakət xanım mənə şeir oxudu... Öz şeirlərini... Mənim “Həyat fraqmentləri”min onu niyə tutduğunu onda anladım, şeirləri prozamın poetik tərcüməsi idi. Hissin, duyğunun, psixologiyanın təcəssümü poeziyada daha rahatdı, daha dəqiq, daha yerindədi. Necə deyərlər, nəsr tərəddüd edənəcən, poeziya artıq mövzudadı...
Nəzakət xanım təmiz ədəbi dildə, aksentsiz danışır, buna görə onun hansı bölgədən olduğunu müəyyənləşdirə bilməmişdim. Bu da, ziyalılığın, özü də qələm adamının ilk kriteriyalarındandır. Həmyaş olmağımız, eyni epoxanı yaşamağımız, doğma Abşeron mühiti məni ona daha da yaxınlaşdırırdı.
Uşaqlıq illərimin ən şirin, ən unudulmaz anları – Vişnyovka bağları.
Həmin quyu – ətrafına yığılardıq, fırfıratək fırlanardıq.
O da bizə bir oyuncaq.
Budur həmin külək döyən çardağımız, qalxıb ordan elektrik qatarını izləyərdik,
Yorğun-arğın işdən dönən anamızı gözləyərdik...
Eynən, eynən, eynən... 70-ci illər uşaqlarının yaddaşında əbədi “yenə o bağ olaydı” xatirə-nisgili yaşayır. O dövr şəhər uşaqlarının tətilinin ünvanı ya Abşeron bağları olardı, ya da Abşerondakı düşərgələr. İndiki bağlar deyil, o zamankı bağlar. Heç bağ da yox... məkanın obrazı, kodları. Hasarsız, internet nədir... televizorsuz, dizə qədər qum, bol şanılı, yelləncəkli, tonqallı, “beşdaş”lı, lotolu... bağlar. Epizodlar... Keçmişə aparan zaman maşını. Yaşamayan bilməz. Duymaz. Bu gün dünən üzərində qurulur. Elə baş redaktoru olduğu “Yada düşdü” jurnalının missiyası da budur. Kökə qayıdış. Böyük kulturoloq M.Baxtinin dediyi kimi, “yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləyir”. Nəzakət xanım hər hali ilə əsl Əmircanlı qızı olsa da, əsil-nəslini heç vaxt unutmur, (soykökü qədim Azərbaycan şəhəri Ərdəbildəndir), 2018-ci ildə Tehranda “Ərdəbilim” adlı şeirlər toplusu nəşr olunmuşdur. Bu da bir naxışdır ki, Ərdəbil Bakıya bənzəyir... Təbrizin sükutu, qara səssizliyi onda yoxdu, ruhu Bakı kimi fərəhdi, “o tayın da, bu tayın da adı Vətəndi”. Şairə bayatı çağırır:
Arazım axa-axa,
Qanlı əl, qanlı yaxa.
Gör necə ayırdılar,
Gözümüz baxa-baxa
Onun şeirlərində qadın poeziyasına xas məhəbbət lirikası yoxdu. Demək olar ki. Əslində yəqin ki, var. Sadəcə, qabartmır, üzə çıxarmır, təmkin göstərir, deyə düşünürəm. Nəzakət xanım hicablı qadındı. Hicabsız hicablı.
Şeirlərinin palitrası rəngarəng olsa da, (həyatın mənası, qazanılanlar və itirilənlər, dünya, vətən, torpaq, dəniz, ətraf mühit) əsas istiqaməti vətənpərvərlikdi. Şəhid, şəhidlik zirvəsi, şəhid qızı, şəhid bacısı, şəhid anası haqqındadı. Hamısı da süjetlidi. Bilmədiklərimiz haqqında təsəvvürdü. Əksəriyyəti də, avtobioqrafikdi, tarixi var. Müəllifin həyəcanıdı, emosiyasıdı, yanğısıdı. O heç kimə heç nə sübut etmək istəmir, etmir. Sadəcə, yaşadıqlarını, hiss etdiklərini yazır, ona görə də belə real, səmimi alınır. Onu duyanlar, eşidənlər üçün yazır.
Məşhur “Şəhid qızı” şeirinin yaranma tarixini danışdı mənə. Elə bu otaqda yaranıb. Elə danışdı ki, sanki gördüm. Ağladı. Məni də ağlatdı. Nəzakətin bu şeiri məşhur olsa da, mən də öz sevimli parçamı vermək istədim:
Ümidlərə söykənib böyüdüm, şəhid qızı...
Sən də böyüyəcəksən
Gerçəyi yalan bilib, yalanı sevəcəksən...
Tutacaqsan ümidin, təsəllinin əlindən
Sən də böyüyəcəksən.
Nəzakətin bacısına həsr etdiyi silsilə şeirləri var. Bu şeirləri oxuyan hər kəs belə bacı olmaq istəyər, özünə belə bacı istəyər...
Ədəbiyyatda, incəsənətdə payız elə bahar qədər vəsf olunub. Nəzakətin “Payız”ı bu payızların içində seçilir... Onun ruhuna payız, ömrünə bahar yaraşır...
Düşüb yol gedirəm tale boyunca,
Hər yanda önümə çıxır bu payız.
Bacımın ağaran telindən düşür,
Anamın qəbrindən baxır bu payız.
“Xəzərin payızı” da var ki, dalğaları hönkürür, suları ağlayır, qayıqları əl edir.
“Məktəb illəri” şeiri də “köhnəlməyən xiffət”in bir yarpağıdır. On il bir adanın sakini olan, eyni havanı udan, indi isə hərəsi bir biçimdə yaşlanan, içində həyat daşlaşan sinif uşaqları haqqındadır. Kiminin əlləri isti, kiminin qəlbi soyuq...
Nəzakətin poeziyası ciddi poeziyadır. O, şeirlərində düşünür və düşündürür:
Burda soruşmurlar kimsən, nəçisən,
Möminsən, canisən, ya dilənçisən...
Cərgəylə uyuyur sakit qəbirlər,
Burda heç bilmirsən sən neçəncisən.
Onun şeirləri rahat oxunur. Yormur, uzatmır, demək istədiklərini deyir, fikri bitəndə sözünü də bitirir.
Nəzakət xanım “Yada düşdü”yə üz tutan hər kəsə həssaslıqla yanaşır, nazik davranır, çalışır ki, heç kimii boş qaytarmasın. “İnsan özünü nə iləsə rahatlaşdıra, sakitləşdirə biləndə sevinirəm”, – deyir və bunun özü də çox şey deyir...
Kim deyir ki, müasir həyatımızda poeziyaya yer yoxdur? Şeir əzbərləmək, çoxlu şeir bilmək gözəl vərdişdir. Şeir yaza bilmək isə vergidir, çox adamın bacarmadığını bacarmaqdır. Nəzakətin şeirləri qəlbinin güzgüsüdür. O iki dünya arasında yaşayır. Birində rəhbərdi, məmurdu, ana-nənədi. O birində özü, bir də qələmdi. Duyğuları ilə təkbətəkti, öz dünyasındadı. Düşüncələrini kağıza töküb özünü ifadə etmək, sətirarasında iç dünyasını anlatmaq fürsətidi.
Mən qadınlar haqqında yazmağı sevirəm. Nəzakət haqqında isə lap sevə-sevə yazdım. Obyekt xoş olmaqdan əlavə, həm də, sanki... öz ehtiyacımı ödədim. Ona çoxdan demək istədiklərimi. İstəyib saxladıqlarımı. Məqamı gözlədiklərimi...
Dilarə Adilgil
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu