adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

"ODLAR YURDU"NUN ODSUZ O?ULLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
71314 | 2007-04-20 23:06
İnsan psixolgiyası belədir ki, nəyə qadağa qoyulursa, ona daha çox maraq göstərir. Ta o vaxta qədər ki, həmin qadağının ağrısını, acısını öz canında hiss etsin. Əgər xatırlayırsınızsa, uşaq yaşlarında hər birimiz "odla oynamışıq", oda maraq göstərmişik. Elə ki, əlimiz yanıb, "çızz"dan sonra odla armızda məsafə saxlamışıq, özümüzü ondan qorumağa çalışmışıq. Və beləcə yaddaşımızda bir od, bir yanğı anlayışı ilişib qalıb...
   
   Biz oda tapınan, Odlar diyarı adlanan məmləkətin övladlarıyıq. Görünür elə içimizdəki od da, təpər də məhz üzərində yaşadığımız və qorunması borcumuz olan torpaqla bağlıdı. Doğrudu, deyirlər ki, coğrafi mühit insanın həm fizionomiyasında, həm də daxili aləmində müəyyən izlər salır. Bu mənada uzaq Sibirdə yaşayan insanla, Afrikada məskunlaşanın sifət cizgilərini, görüntüsünü göz önünə gətirmək zənnimcə kifayət edər. Bütün bunları ona görə xatırladıram ki, biz nə qədər vurğulasaq da, odlar diyarının "od övladı"yıq, amma əslində biz bir az korazehinik - yəni, yumşaq ifadə etsək, qazandığımız və illərin sınağından keçib gəlmiş "od oğlu" adını doğrulda bilməmişik. Təbii ki, bu faktı yaşadığımız indiki durum öz-özlüyündə sübut edir. Haramız od olub ki, o boyda torpaqlarımız düşmən tapdağı altındadır. Nə yanıb özümüz kül oluruq, nə onları yandırıb qurtarırıq. Biz olsa-olsa od çınqısı, qor dənəsiyik. Bundan uzağa hələ gedə bilməmişik... ("Qor oğlu" "Koroğlu", "Kor kişinin oğlu"...)
   
   Bizim həyat sevgimiz də çox qəribədi. Özümüzə aid olan, özümüzünküləşdirmək istədiyimiz hər şeyə qarşı həqiqətən od, alovuq. Az qala bir anın içində hər şey qamarlamaq istəyirik. Amma söhbət ümumiyə gələndə, yəni qapı qonşu üçün nə isə etmək lazım olanda odumuz da sönür, qorumuz da. Və yaxud duyğularımızı kökləmək istəyəndə o hisslərin arxasında ürəyimizin rahatçılığı dayanırsa, onda da həqiqətən bir parça oda çevrilirik. Amma yenə əylənmək, kiminsə həssas nöqtələri hesabına qazanmaq istəyimiz çox vaxt qazandırmaq istəyini üstələyir. Və baxıb görürük ki, biz yazılanlardan, deyilənlərdən çox-çox fərqliyik. Bütün bunları xatırlatmağın təbii ki, bir səbəbi var. Səbəb də elə bizim özümüzdədi...
   
   Siyasətimizin tələbləri və Tarif Şuramızın qərarları odumuzu alovlanmağa qoymur. Çünki cibimiz imkan vermir. O ki, qaldı daxili yanğımıza, onu da o qədər sığallamışıq, o qədər üstünə su çiləmişik ki, (kimlərinsə qəzəbəinə tuş gəlməmək və yaxud kimlərinsə xoşuna gəlmək üçün) indi təzdən onu nə qədər yelpikləsək də, hətta hava nasosları ilə üfürsək də alışmır ki, alışmır. Şair demişkən "bir işıq ki, haqqdan sönə" onun yanması bir də Haqqın özünə qalır. Qəzetlər yazır ki, Cənub bölgələrinin bəzi yaşayış məntəqələrində qaz, işıq verilməsi məhdudlaşdırılıb. Bir para rayonların başbilənlərinə də xəbərdarlıq məktubları göndərilib. Hə, yadımdan çıxmışdı, paytaxtın da bəzi-bəzi məhəllərində həmin o xəbərdarlıq məsələləri işə düşüb. Bununla da bizlərə bir daha xatırladırlar ki, biz odlar yurdunun od övladıyıq. Öz istimiz, öz odumuz, necə deyərlər, öz qazımız özümüzə bəhs edir. İşığımız da ki qaranlığı aydınlığa çevirir. Deməli, yanıb kül olmamaq üçün elə-belə qalmaq yaxşıdı. Sizcə, fikrim yanlış deyil ki?..

TƏQVİM / ARXİV