adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

NiYYƏT GECƏSi

OQTAY SALAMOV
35584 | 2011-07-30 11:14
Bu yaxınlarda Milli.Az. xəbər portalı maraqlı bir sorğu keçirmişdi. Sorğu çox maraqlı tərtib olunmuşdu. Sualın özü cəlbedici olmaqla bərabər, cavab variantları həm böyük seçim imkanı verir, həm də cavablandıranların maraqlarına əsasən geniş spetr dairəsini əhatə edirdi. Düzünü deyim ki, müəyyən gözlənilməzliklərlə üzləşdim. Sorğunun əsas sualı belə idi: 2011-ci ildə hansı arzunuzun reallaşmasını istərdiniz? Səsvermədə iştirak eləyənlər 4443 (bir nəfəri də gözləsəydilər "bərkgedən" rəqəm alınardı) nəfərdi. Nəyə görə portalın özündə dərc olunmuş yazını indi oxuculara təqdim edirəm? Bu ayın son gecəsi niyyət gecəsidir, avqustun 1-indən mübarək Ramazan- Orucluq ayı başlanır. Niyyət gecəsi adamların ürəyində tutulanlar məncə yuxarıda adını çəkdiyim sorğuda məyyən mənada burada qoyulan arzuların genişləndirilmiş formasıdır. Beləliklə, orta azırbaycanlının niyyətləri təxminən belədir:
   
   
   
   A dostlar, dünyada hər şeydən əzəl
   
   
   
   Səsvermə iştirakçılarının 1072 nəfəri İli sağ-salamat başa vurum, sağlam yaşayım variantını seçib. Belə çıxır ki, rəyi soruşulanların 24,1 faizi şairin sözündəki "lazımdır insana canın sağlığı" fikrini əsas yerə qoyub. Mən elə düşünürdüm ki, cavabların içərisində "Çoxlu pulum olsun"a səs verənlər daha çox olacaq. Nə gizlədək ki, pulun hər şeyi həll elədiyi fikri çoxumuzun beynindədir axı. Amma nəticə göstərdi ki, can sağlığının vacibliyini əsas sayanlar daha çoxdur və bu da sevindiricidir. Bir "əmma"sı var ki, bizim səhiyyəmiz və dərman təchizatçılarımız bundan düz nəticə çıxarmaya bilər. Yəni ola bilsin ki, sağlamlığından şikayətçi olanlar da çoxluq təşkil eləyir və bu variant da səhiyyə işçilərimizə bir mesajdır ki, ehtiyacımız sağlamlığadır. Bir qorxusu da odur ki, dərman təchizatçıları cavabdan tərs nəticə çıxarıb onsuz da ceyran belində olan dərman qiymətlərini qaldıralar raket üstünə ki, ən çox can sağlığı lazımdırsa dərmanı neçəyə satsaq alacaqlar. Əsas odur ki, cəmiyyətdə can sağlığının ən əsas olması fikri üstünlük təşkil eləyir.
   
   
   
   Könlümün sevgili məhbubu mənim
   
   
   
   Cavablar üzrə ikinci yerdə Torpaqlarımız işğaldan azad olsun variantı durur. Belə səs verənlərin sayı 974 nəfər, yəni rəyi soruşulanların 21,9 faizidir. Əslində elə belə də gözləyirdim. Adamlar özlərinə sağlamlıq arzulayırlar ki, həm torpaqlarını azad edə bilsinlər, həm də digər problemlərini həll eləsinlər. Mənə elə gəlir ki, cavab variantı kimi "azad olunsun" yox, "azad edək" istəyi olsa idi, cavablar da başqa cür olardı. Bax onda bilərdik ki, anonim səs verənlərin neçə faizi həmin o hər şeydən əzəl istədiyi canın sağlığını torpaqlarımızın azad olunmasına sərf etməyə hazırdır. Amma on variantın içərisində torpaqlarımızın işğaldan azad olunması istəyinin ikinci yerdə olması da ümidverici göstəricidir. Doğrudan da canları sağ olanların sonradan bu birinci arzusuna çevrilir axı.
   
   
   
   Canımsan, ey pul, şərəfim, şanımsan
   
   
   
   Hə, cavablar içərisində say hesabına görə üçüncü yerdə Çoxlu pulum olsun variantı durur-12,3 faiz, 546 nəfər. Başa düşülən istəkdir. Pul bütün qıfılların açarı olmasa da, pulsuzluq butun qapıların bağlanması deməkdir. Həm də bazar iqtisadiyyatında yaşayırıq axı. Bazarda da hələlik alqı-satqı, mübadilə üçün puldan üstün hələ nə isə icad eləməyiblər. O gün bir politoloq deyir ki, ermənilər Qarabağın qiymətini desinlər, pulumuz var, gedək alaq. Deməli, torpaqların azad olunması, canın sağ olması üçün pulun əhəmiyyəti böyükdürsə, çoxlu pulu olmasını niyə də arzulamasınlar?!.
   
   Mehribanlıq səadətdir- səadəti yaşadağın
   
   
   
   Sevgilimlə (ailəmlə) günlərim xoş keçsin: 430 (9.7%). Bu variant dördüncü yerdədir.
   
   Amma bir iş var ki, bu arzunun yerinə yetməsi üçün yuxarıdakı üç punktun həyata keçməsi zəruridir. Onlardan biri, hələ sonrakı cavablardan da bəziləri yoxdursa, günün necə xoş keçəcək ki? O vaxt deyirdilər ki, sevgilinlə daxma da saraydır. İndi belə variant keçmir.
   
   Günün xoş keçməsi üçün o qədər şərtlər var ki. Nəzərə alaq ki, portalın "sakin"ləri əsasən cavanlardır, müəyyən güzəştə gedək. Hələ cavandırlar, təcrübələri artıqca başa düşəcəklər ki, bu və bütün arzuların yerinə yetməsi üçün təri davabından axana qədər çalışmaq lazımdır. Halva deməklə ağız şirin olsaydı, nə vardı ki... Sorğuda iştirak edənlərin əsasən gənclər olduğunu sübut edən bir məqam da var ki,
   
   Toy elə, gəlim toya
   
   
   
   Səs verənlərdən 371 nəfər (8,4 %) arzu edir ki, Ailə qursun. Bəs niyə belə az? Elə təkcə "Toy olsun"a gələnlərin sayı bundan çoxdur ki. Görürsünüz, pul variantı ilə bağlı nə qədər problemlər var? Amma Moskva birdən qurulmayıb ki, inşallah, bu il səs verən-verməyən yaşı çatan bütün sevib-sevilənlər ailə qurarlar. Şadlıq evləri istənilən qədər, şou ulduzları göydəki ulduzlardan çox. Yazıq toya dəvətlilər. Əcəb qarğış fikirləşiblər: Görüm sənə həftənin yeddi günü toy dəvətnaməsi gəlsin... Bu vurçatlasında 371 nəfər nədir ki?..
   
   
   
   Evləri var xana-xana?
   
   
   
   Səs verənlərin 6,7 faizinin, yəni 298 nəfərinin ev və maşına ehtiyacı var. Bu qədər adam Ev və maşın alım variantına səs verib. Kifayət qədər maraqlı göstəricidir. Ya bundan əvvəlki variantlara ehtiyaclar daha çoxdur, onlar yerinə yetəndən sonra bunları istəyirlər, ya da qiymətlərlə maaşlar tərs mütənasib olduğu üçün xam xəyala düşənlərin sayı azdır. Yəni deyirsiniz evlənmək istəyən 371 nəfərdən 73 nəfərinin evi və maşını var ki, indi evlənmək arzusuna da düşüb? Mənə elə gəlir ki, ev və maşına ehtiyacı olanların sadəcə olaraq sorğuda iştirak eləməyə imkanları və ya vaxtları yoxdur. Arzunun çin olması üçün çalışmaq gərəkdir axı.
   
   
   
   Buyur həci, keç yuxarı başa
   
   
   
   232 nəfər səsverən, yəni iştirakçıların 5,2 faizi bu il Həcc ziyarətinə getmək arzusunu variant kimi seçib. Allah niyyətlərinə çatdırsın, imanları kamil olsun! Amma onların həcc şərtlərinə əməl eləməsi elə gözəl olardı ki. Ən azından iki şərtə: ziyarətə halal qazanılan pulla getmək, yaxınlarında, qonşularında ehtiyacı olana əl tutmaq. Vallah, onda ziyarətdən qayıdanda sizin ziyarətinizə gələrlər, "Hacı" sözünü ünvanınıza ləqəb kimi yox, dini titul kimi deyərlər. Hər halda, Allah niyyətinizi qəbul eləsin.
   
   
   
   Ay qız, məni yuxarı ilə calaşdır
   
   
   
   4443 nəfər səsverəndən 192-si, yəni iştirakçıların 4,3 faizi istəyir ki, Vəzifə sahibi olsun. Başa düşülən, normal istəkdir. Amma ya vakant vəzifələr azalıb, ya da... imtahan verməyə cürətləri çatmır (Bəs siz nə fikirləşdiniz?).
   
   Atalar deyir ki, "sən ağa, mən ağa, inəkləri kim sağa?". Yəni istəyi soruşulanların cəmi 4,3 faizi vəzifə sahibi olmaq istəyirsə, çox şükür, deyəsən bu iştahda olanlar da səs iverməyə vaxt və həvəs tapmayanlardı. Ya da "demək düşmür" fikrində olanlar çoxdu. Nə isə, kaş vəzifələr çox olsun ki, arzulayanlar ilin sonunda Dovşanı söyməsinlər.
   
   Gəzməyə qərib ölkə
   
   
   
   Arzu bildirənlərdən 154 nəfəri, yəni iştirakçıların 3,5 faizi bu il Xarici ölkələrə səfər etmək arzusundadır.
   
   Çox normal və sevindirici arzudur. 20 il qabaq rəyi soruşulan-soruşulmayan hamı ölkədən getmək istəyirdi. Turist kimi səfərə yox, ailəsinə yaşamaq üçün pul qazanmağa. İndi şükürlər olsun, xaricdən bizə işləməyə gəlirlər.
   
   O 154 nəfər də ya çox cavandı, hələ tez olub, yaşı indi çatır, ya da konkret arzuladığı ölkə var ki, hələ ora gedə bilməyib. İndi xaricə getməyə nə var ki, o kinoda deyilən kimi, "odey taksi, min, get!".
   
   
   
   Xam xəyala düşənlər
   
   
   
   Düz 114 nəfər, yəni səs verənlərin 2,6 faizi tam xam xəyala düşüblər. İstəyirlər ki, 2011-ci ildə benzin və çörək ucuzlaşsın. "Arzuya bax, sevgilim, tellərindən incəmi, söylə, ürəyincəmi?". Bunlar arzularını söyləməyə cəsarət eləyənlərdir yəqin. Bir yandan obyektiv olaraq həyata keçirilməsi mümkün olmayan arzudur (ötən il dünya bazarında ərzaq məhsullarının qiyməti rekord həddə çatıb, neftin qiyməti də göz qabağındadır ), digər tərəfdən də, arzudur, hökm deyil ki, arzula getsin özüyçün. Bəlkə maaşların qalxmasını da arzulayasınız, hə?..
   
   
   
   Qayınana, qayınana, yeyim aşını
   
   
   
   Deyəsən bu sorğunu tərtib edənin əla yumor hissi varmış. Cavab variantlarından biri kimi Qayınanamdan canım qurtarsın istəyini seçib. Deyəsən, heç səhv də etməyib. Səs verənlərdən 60 nəfəri (1,4%) bu cavabı seçib. Gör qayınanaları onlara nə ot yoldurub ki, lap anonim də olsa bunu dilə gətirməyə cürət ediblər. Unutmayaq ki, bu problem bəzi millətlərdən fərqli olaraq bizdə müzakirə və zarafat obyekti deyil.
   
   Bu bizik. Bir az yuxarı, bir az aşağı-bizik. Arzularımız, niyyətlərimiz də təxminən bu ətrafdadır. Nə deyim, Allah saf arzularınızı, niyyətlərinizi qəbul etsin, inşallah!..

TƏQVİM / ARXİV