adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

"MƏN ATAMIN QIZIYAM"

ƏBÜLFƏT MƏDƏTOĞLU
31666 | 2015-02-17 01:32
Etiraf etmək lazımdır ki, bu gün çap olunan əsərlərin sırasında uşaq ədəbiyyatı azlıq təşkil edir. Ümumiyyətlə, uşaqlarla bağlı istər qəzet-jurnal, istərsə də ədəbiyyat nümunələrinin çeşidi azlıq təşkil edir. Doğrudur, son illərdə kitab mağazalarında, ümumiyyətlə bu ədəbi camiyədə xarici ədəbi nümunələrin, yəni tərcümə yolu ilə övladlarımıza çatdırılan əsərlərin sayı qismən artıbdı. Bu nə qədər yaxşı hal olsa da, mənə belə gəlir ki, öz mentalitetimizə, öz əxlaqımıza güvənən, öz kimliyimizi əks etdirən uşaq ədəbiyyatının nümunələrinin yaradılması, təbliğ edilməsi daha vacibdi.
Ən azından ona görə ki, bizim bu sahədə həm kifayət qədər klassik təcrübəmiz var, həm də biz özümüz özümüzü daha yaxşı tanıyır və övladlarımızı da bu istiqamətdə tərbiyə etməyi bir valideyn borcu kimi mükəmməl anlayırıq. Bax, buna görə də bugünlərdə İsmayıl İmanzadənin, dəyərli qələm dostumun mənə aftoqrafla bağışladığı kitabını demək olar ki, elə həmin gün axşam oxuyub başa çıxdım. Üstəlik də, bu kitabı oxuyanda dizimin üstündə oturmuş nəvəmin necə təəccüblə baxdığını da gizlədə bilmərəm. Yəni kitabdakı şeirlərin məğzi uşaqlara aydın olmasa da, amma ordakı müəyyən sözlər, fikirlər, adlar onun üçün təbəssüm doğururdu. Elə həmin təbəssümün işığında da mən İsmayıl İmanzadənin kitabını sizlərə təqdim etmək qərarına gəldim.
Nəfis şəkildə tərtib olunmuş kitabın ön sözünün müəllifi, filologiya elmləri doktoru, şair-publisist, "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu kitabın ön sözündə vurğulayır ki, "İsmayıl İmanzadənin bütün şeirlərinə yurd həsrəti hopub. O, təbiətdən, otdan, çiçəkdən, çaydan, çeşmədən, uşaqdan, böyükdən yazanda da şeirlərindən vətən qoxusu gəlir.
Bəli, doğurdan da kitabın elə ilk şeirini oxuyanda Rafiq müəllimin nə qədər sərrast olduğu aydınlaşır. Çünki İsmayıl İmanzadənin "Azərbaycan bayrağı" şeiri məhz o vətən qoxusunun ifadəsidi:

Savalandı, Kəpəzdi
Şöhrəti eldə gəzdi.
Dağ kimi yenilməzdi-
Azərbaycan bayrağı.

...Haqqın dönməz yoludu,
Müqəddəsdi, uludu.
Azadlıq simvoludu-
Azərbaycan bayrağı.

Şairin "Ana yurdum" şeirində də həmin hisləri təkrar yaşamaq mümkündü:

Göz oxşayır yurdumun
Hər daşı, hər yarpağı.
Gör necə də gözəldir
Azərbaycan torpağı.

"Mən atamın qızıyam" kitabının birinci bölümündə şair daha çox bayrağımızla, torpağımızla, dilimizlə, əlifbamızla bağlı vətənimizin vəsfinə həsr olunmuş şeirlərini toplayıbdı. Burada "Şuşa" şeiri xüsusilə diqqəti çəkir. Şair yazır:

Anna yurdun sevimli,
Nazlı balası Şuşa.
Ərənlərin qibləsi,
Qeyrət qalası Şuşa.

...Bir gün yenə nəğmələr
Gəzib dolaşar dağı.
Dalğalanar Şuşada
Azərbaycan bayrağı.

Bu şeiri mən ona görə xüsusi vurğulayıram ki, şair burda həm də Şuşanın mənzərələrini, görməli yerlərini, necə deyərlər, coğrafiyasını balaca oxucusuna şeir dilində təqdim edir. Daşaltıdan, Cıdır düzündən, Topxanadan, İsa bulağından, Turşsudan söz açır. Təbii ki, bu da kiçik yaşlı oxucunun Şuşa ilə tanışlığı üçün çox orijinal, maraqlı bir üsuldu. Və yaxud hər kəsin yadında daha çox möhtəşəm elektrik stansiyası ilə qalan Mingəçevir şəhərinin təqdimatı da məhz həmin üslubda verilibdi. Əgər həmin şeirə diqqət yetirsək, onda görərik ki, Mingəçevir şair qələmində əsl gözəllik ünvanı kimi tərənnüm olunub. İsmayıl İmanzadə yazır:

Əzizləyir adını
Ulu Kərəzim, Dirim.
Nur timsallı nağılsan
Gözəl Mingəçevirim!
Kiçik yaşlı uşaqlar yüçün böyük hədiyyə olan "Mən atamın qızıyam" kitabında təqdim olunan şeirlərin dili, onun axıcılığı, xüsusilə yaddaşa rahat həkk olunması baxımından çox maraq doğurur. Yəni bu şeirləri çox qısa zaman müddətinə əzbərləmək və həm də uşaq yaddaşını bu misralar üstündə möhkəmlətmək zənnimcə çox asandı. Yəni istənilən valideyn bu kitabı öz övladına hədiyyə etməklə onun nitqini, dünya görüşünün inkişafına yardım etmiş olar. Məsələn, "Əlifba" şeirinə diqqət yetirək.

Əlimə alan kimi
İlk dəfə "Əlifba"nı
Müəllimim dedi ki,
Hərfləri yaxşı tanı.

Və yaxud:

- Qəşəng qız adın nədi?
- Bənövşəg
- Söylə hara gedirsən?
- Çiçəklərlə görüşə.

Və yaxud:

Ay Pəri,
Gəl bəri.
Sulayaq
Gülləri.
Və yaxud:

Sinəsi qapqaradı,
Ləçəkləri sapsarı,
Ovuc-ovuc tumu var
Nə buğdadı, nə darı.

Və yaxud:

Hamının xoşladığı
Bir quşdu - bapbalaca.
Qanadları qapqara,
Quyruğu şəkil - haça.

Payızda uçub gedir
Ötüb keçir qarlı qış.
Geriyə dönən kimi
Baharın gəlişindən
Soraq verir qaranquş.

Doğurdan da bu kitadakı bütün şeirlərin təkcə elə adlarını sadalasaq, yəni "Göbələk", "Ulduzlar", "Kəpənək", "Qışda", "Çəpiş", "Günəbaxan, "Kələm", "Yovşan", "Alça", "Gilənar", "Yemişan", "Novruzgülü", "Pişik", "Köşək" və digərləri özü-özlüyündə uşaqların təbiətlə təmasına, canlı aləmi tanımasına yaxşı bir vəsait kimi dəyərləndirmək olar. Yəni "Mən atamın qızıyam" kitabı uşaqlarımız üçün həm hədiyyədi, həm də bilgi mənbəyi. Düşünürəm ki, qələm dostumuzun balacalar üçün nəşr etdirdiyi bu kitab tezliklə oxucu diqqətini özünə çəkəcək və biz oxucular da bu kitabı öz övladlarımıza həvəslə hədiyyə edəcəyik. Üstəlik də bizim övladlarımız burdakı şeirlərdən bəhrələnəcək və ola bilsin ki, onlar bu şeirdəki məqamı tez-tez dilə gətirəcəklər:

Bibim deyir noğulam
Xalam deyir qönçəyəm.
Nənəm deyir nağılam
Anamdeyir xonçayam.

Babam da hər vaxt mənə
Geyranım, quzum - deyir.
Təkcə atam həmişə
Mənə öz qızım, - deyir.

Nə noğulam, nə qönçə
Nə də körpə quzuyam.
Atam məni çox sevir,
Mən atamın qızıyam.

TƏQVİM / ARXİV