26 Fevral 2024 11:04
1619
ƏDƏBİYYAT

Kəramət: GÜLÜMSƏYƏN İT (BİR GÜNÜN reportajı...)

...Hər özümü sevinclə, müsbət enerjiylə yükləyib çıxdığımda, bilirəm, axşam üzücü, kədərlə yüklənmiş, əlacsızlıqda boğulmuş qayıdacağam. Günahı da həmişə özümdə görürəm , düşünürəm, qaynayıb-qarışa bilmirəm, palaza bürünüb hamıyla sürünəmirəm, problem, şübhəsiz məndədir, hardan baxsan...hamı necəsə, sən də uyğunlaşmalısan...amma, baxıram, görür, dərk edirəm, kənardan-tərəfsiz müşahidələrim deyir ki, bu yorğun ruh, durğun-üzücü həyat hamının üzündən açıq-aydın oxunur.

Yolda bir qapı ağzında yiyəsinin yanında dayanan itə baxdım və gülümsədim, ona görə ki, adamların üzündəki qara bulud məni boğurdu, TƏKCƏ İT MƏMNUN VƏ XOŞBƏXTCƏSİNƏ BAXIRDI gəlib-keçənlərə. Mən də ona gülümsədim və olmaz bir hadisə baş verdi; İT sahibindən aralaşıb yanıma gəldi və bir neçə addım mənimlə yoldaşlıq elədi, sahibi dalınca gəldi və mən dönüb itə əl elədim...

Bankomatın qabağında pul çıxarmaqçın dayanan adamları müşahidə edirəm, elə bil pul yox, dərd çıxaracaqlar, kimsənin üzü ğülmür, bu pul borca-xərcə gedəcək, aylıq verilən 10-15 günə də yetə-yetməyə. Ona görə kimsə sevinmir.

Piyada gəzməyi xoşlayıram, 100 adamın içində BİRini məmnun gördüm 1000 addımda.

Məclisdə-zadda, söhbətdə ha istəyirsən ki, pozitiv aura, xoş bir mikromühit yaradasan, ürəkdən-səmimi münasibətini daşa çırpırlar.

Adamların kədəri nifrətə çevrilib, hamı elə bilir ki, həyatını olumsuzluqlara düçar edən yanındakıdı.... bu qaniçənliyin içindəki yalan münasibət adamın ürəyini bulandırır....saxta məhsulları yeyə-yeyə, saxta -məqsədli göstərməlik münasibətlər hamını saxtalaşdırıb; sizi bilmirəm, doğrudan-doğruya, bir normal adama (yaxşı, üstün yox ha ), adi münasibətə rast gələndə şübhələnirəm-NƏ ƏCƏB KORLANMAYIB BU VAXTACAN?

Sevgi, Sevinc tərk edib, ürəklər xaraba qalıb , XARABA QOYUBLAR GÜL KİMİ ÖMRÜMÜZÜ.

Mənzərəni göstərdim. Deyilirdi ki, kasıb ölkənin varlı padşahı olmaz...hamı kədərlisə, sevgisizsə, necə sevgi dolu biri ola bilərsən ki? Bu səbəbdən sabahdan hamımız sevuncələ yüklənib çıxaq küçələrə, sevgiylə-gülümsəyib baxaq biri-birimizə, bax onda biri-birimizi yıxılmağa qoymarıq, kədər də öz yerini bilər.

Oldumu, Əzizlərim, bu xıltı, paxıllığı, saxtakarlığı ataq getsin cəhənnəmə.