adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

İncəlidə mövlüd gecəsi

MƏMMƏD DƏMİRÇİOĞLU
35868 | 2014-09-27 00:35
Könlünü sidq ilə bağladığı Hacı Mahmud əfəndinin müridlərindən idi Hürmələk nənə. Ömrünün tacı, ruhunun şahıydı Pir həzrətlərinin qəzəlləri, Sufi meyxanaları, mövludlarda oxunan ilahilər. O, hər dəfə Hacı Mahmud ocağında veriləcək mövlüd mərasimlərinə tələsər, könlünün dərinliklərində zikr etdiyi ilahilərin qanadlarında Yuxarı Salahlı kəndindən payi-piyada İncəliyə tərəf uçunardu. Hacı Mahmud əfəndinin nur camalını görməyə, könlünü işıqla doldurmağa, ruhunu uca göylərə pərvazlandırmağa tələsirdi.
İncə Dərəsinə uzanan dolama yollar, ağ, şümşad qollar kimi gah sağa- sola açılıb baharın al-əlvan donunu geymiş yumru təpələri qucaqlayır, gah da çarpazlanıb qoşalaşır, həsrətli sevdalılar kimi yenidən bir-birinə qovuşurdu...
Təpələrin yarğan yerlərində yuvalar salmış bəzəkli "qizdar quşları" (İncəlilər bu bəzəkli quşları belə adlandırırlar) özunəməxsus səslər çıxarıb Hürmələk nənənin başı üzərində süzürdülər. Bir-birinə bənzəməyən dərələr, təpələr min rəngli xalı kimi göz oxşayır, vızıldaşan böcəklər çiçəkdən çiçəyə qonur, rəngbərəng kəpənəklər əlvan ləçəklər kimi sağa-sola uçuşurdular. Hər tərəfdən qulağına gələn səslər, nəğmələr müşki ənbər qoxularıyla nəfəsinə hopub sinəsinə dolurdu:

Könlümdə batan,
Könlündü butam.
Sünbüldə yatan
Sarı darı-mən.

Vuruldum görcək,
Ay üzü göyçək.
Dodağın çiçək,
Arı yarı-mən.

Ruhum bir qanad,
Dərdini qan, at.
Bu dünya abad,
Tarimarı-mən.

Sözün qoruyam,
Gözün nuruyam.
Sudan duruyam,
Aydan arı-mən.


Qəlb evim sərin,
Göylərdən dərin,
Qul qəriblərin
Xanimanı-mən.

Dərdimi dərdin,
Hara göndərdin?
Ən uca dərdin
Dağı, qarı-mən.

Sularla coşun,
Nəğmələr qoşun.
Dərdim bir qoşun,
Səridarı-mən.

Oduna yanın,
Qönçə fidanın.
Dosta fədanın
Düz ilqarı-mən.
Könlünü alın,
Könlü viranın.
Haqqa varanın
Dostu, yarı-mən.

Quzularını cicəkli təpənin güneyinə ötürmüş balaca çoban cilovunu əlində tutduğu carı rəngli atı, vücudundan daha çox gözə çarpan qara papağı, çiynindən asdığı iri çantasıyla bu mənzərənin bütövlüyünü tamamlayırdı. O, özünəməxsus bir ədayla atasının düzəldib hədiyyə etdiyi dəmir toqqalı qarmağını çiyninə almış, fit çala-çala namaz qılmağa hazırlaşan yolçuya yaxınlaşırdı.
Baharın bu göz oxşayan mənzərəsinə heyran qalmış yolçu adəti üzrə yolun kənarındakı balaca, yastı təpənin üstünə qalxdı. Əlindəki bağlamadan cənəmazını çıxarıb göy çəmənin üstünə sərdi, ilkindi namazını qılmağa başladı. Pıçıltılarla "sübhan Allah, sübhan Allah", - deyib ayağa durdu. Qıraqdan ona tamaşa edən balaca çobanı yanına çağırdı.
-Adın nədi, ömrüm-günüm?
-Nəsibdi, - deyib yolçuya bir az da yaxınlaşan Nəsib heyran-heyran onu seyr etməyə başladı.
-Ay maşallah, nə gözəl adın var.
Sonra papağını gözünün üstündən qaldırıb alnından öpdü, bağlamasını açıb Nəsibin qoşalanmış ovcunu qalet-qanfetlə doldurdu və yoluna davam etdi.
Hacı Mahmud əfəndi gilə qalxan yolun girişində dayandı. Nəfəsini dərib dizlərini yerə söykədi. Yolun kənarındakı daşı bir neçə dəfə opüb, üzü yuxarı qalıxmağa başladı.
Hacı Mahmud əfəndinin hundür təpənin ətəyində yerləşən evi heç vaxt qonaqsız-qərəvəsiz olmazdı. Təriqətcə Nəqşibəndi olub, Murşidi-kamili Mir Hımzə Seyid Nigari Həzrətlərindən dərs almış, Nəqşibəndiyyədə altun silsilənin 33 şeyxi olan bu övlüyanın ocağına bölgənin hər yerindən ziyarətə gələnlər, bu ocaqdan nur payı götürüb, könül ucalığı, boyük ümidlər, uca amallarla geri dönərdilər. Bu mövlanə insana murid olmaq, onun yanında qalıb dərs almaq istəyində bulunanlar da ümidsiz qayıtmazlarmış onun ulu dərgahından. Ruhunu gen səmalara uçurmağı bacaran neçə-neçə seçilmiş, kərəmətli müridləri varıydı bu Mürşidi - kamilin.
Bu gün bu müqəddəs məkanda mövlüd gecəsi keçiriləcəkdi. Ona görə də uzaq Qarabağ ellərindən, Aran, Dağ Borcalıdan, ətraf bölgələrin hər tərəfindən Hacı Mahmud Əfəndi işığına pərvazlanan eşq aşiqlərinin, Allah qullarının hamısı pir, ocaq bildikləri bu məkana toplaşmışdılar.
Bu məkanda Hürmələk nənəni bura yığşanların hamısı tanıyırdı. Onu ehtiramla qarşılayıb, qadın müridlərin yanına ötürdülər...
Qaranlıq düşmüş, gündüzün hayı- harayı səngimiş, səslər, nəfəslər evlərinə daşınmışdı. Hər tərəfə sakitlik, sükut hakim kəsilmiş, yer ilə göy arasındakı qara nəfəslər aranıb, daranmış, gecənin ortasında bərq vüran ay, nurlu camalıyla gül-çiçəyə qərq olmuş İncə dərəsini bir Cənnət yaraşığına boyamışdi. Hacı Mahmud Əfəndinin qonaq otağı sayılan geniş, hündür odası bu gecə Allah nuruna qovuşmağa gəlmiş Mürşıdi - kamillər, eşq divanələri, kəramətli müridlər, "dəli" dərvişlərlə daha da müqəddəs bir görkəm almışdı. Odanın ortasında qoyulmuş, nəhəng daş sütunlar, iri çilçıraqlar, çilçıraqlarda yanan şam şölələri bu Nəqşibəndi ocağının əzəmətini bir az da artırırdı.
Otaq boyu dövrələmə taxtlar düzülmüş, üstünə al-əlvan xalılar döşənmişdi. Baş tərəfdə qoyulmuş taxt bir az hündur idi. Taxtın artasında ədəblə bardaş qurub oturmuş Hacı Mahmud Əfəndinin sağ tərəfində əslən Qarabağlı olan, ən sevimli muridi, məzhəbcə şiyə olan Seyid Yasin əfəndi, sol tərəfində isə məzhəbcə sünni olan, Amasyada Seyid Həmzə Nigari həzrətlərindən birgə dərs aldığı təriqət və könül dostu, Borçalının İlməzli obasından olan Hacı Mustafa Əfəndi əyləşmişdi. Hər üç övliya xocanın camalından süzülən nur, məclisdə əyləşənlərin könül dünyasında şövqlə cilvələnirdi...
Boyca daha uca olan Hacı Mahmud Əfəndi, başındakı yaşıl əmmamə ilə, gözəl camalına xüsusi yaraşıq verən ağlı-qaralı saqqalı, qara qaşları, işıqlı gözləriylə xüsusi seçılirdi. Tünd, boz rəngli cuxası, boynuna doladığı al lalə rəngli şarfı, əlində çevirdiyi uzun, iri təsbehi onun görkəmini bir azda gözəlləşdirirdi.
Məclisin sağ hissəsində müridlər, dərvişlər, Arifi-kamillər, kəramətli təriqət sahibləri qatarla əyləşmişdilər. Allah eşqiylə göylərə bülənd olmağa tələsən bu aşiqlər sanki işığa dönmüş ruhlarına qoşulmağa tələsirdilər. Onların bir neçəsinin əlində, yanları bəzəkli qotazlar, rəngbərəng muncuqlarla bəzədilmiş dördkünc dəmir tənəkə qutular var idi. Avazı tutmaq uçün bu qutuları musiqi alət kimi istifadə edərək oxuduqları ilahilərin ritminə uyğun barmaqlarının ucu ilə səsləndirirdilər.
Məclisin sol tərəfində isə demək olar ki, tamamən oxşar, qara qiyafətlər geymiş qadın müridlər - Allah işığına qovuşmaq üçün alışıb yanan eşq pərvanələri əyləşmişdilər. Onların məxsusi geyimləri vücudlarını tamamilə örtur, qara, uzun qollu koftalarının qolları əllərinin üstündə bağlayırdı. Başlarına bağladıqları qara, saçaqlı şalın alın tərəfini kələğayı ilə çəkib, ağızlarını yamşaqla bağlamışdılar. Bu məkanda qadın-kişi məsələsi olmur, hamı bir canda döyünən ürəyə çevrilərək cənnət mələklərinə dönürdülər. Axı Cənnətdə olan bütün ruhlar, istər qadın, istər kişi, Adəm babamızın, Həvva nənəmizin ruhlarına qovuşur, bacı-qardaş olurlar...
Nəhayət, müqəddəs sükutu həzin pıçıltı əvəz edir, hamının diqqəti məclisin baş tərəfində əyləşib, ilahi bayatılarla mövlüdü açan Hacı Mahmud Əfəndinin nurlu çöhrəsinə dikilir. O, üç dəfə "Allah, Allah, Allah" - deyib Məhəmməd Peyğəmbərin gül camalına salavat çevirərək, Süleyman Çələbi Həzrətlərinin təfsilində düzümlənmiş "Mövlüdi-şərifin" ilk beytlərini bayatı ağzında çağırmağa başladı:
Sallu alə rasulinə Muhəmməd (s.a.v.)
Sallu alə qulubinə Muhəmməd (s.a.v.)
Sallu alə şəfi i-zubinə Muhamməd(s.a.v.)
Bir daha əllərini saqqalına çəkərək, əlindəki kəhrəba təsbehini çevirə-çevirə, mövlüdi-hekayəti xoş bir avazla davam edirdi:

Var idi Bagdadidə bir salihə,
Abidəydi, zahidəydi, nasihə.

Bir gün ol dünyadan eylədi səfər,
Dunyaya gələn kişi labüd gedərg

Müctəmi olub oxurlar Mustafa,
Məvlidini dinlədi ol pürsəfa.

Məclisdə bir canlanma yarandı, əvvəlcə yanında oturan Seyid Yasin Əfəndi, Hacı Mustafa əfəndi, sonra isə yerlərdə əyləşmiş müridlərdən - Haşım baba, Cındır Osman, Taylı Nəsib, Dəli Cəfər, Yel Əhməd və digər meyxana oxuyan dərvişlər, Mürşidi-kamillərinin səsinə səs verərək ruhları yerindın oynadan bir havacat yaratdılar:

Çünki ani dinlədi ol növ cavan,
Gozlərindən qanlı yaş oldu rəvan.

Ol gecə yatdı evində ol cavan,
Gördü kim olmuş qiyamət nagahan.

Çağırışıb derlər münadilər rəvan,
Qandasan gəl cənnətə gir ya filan.


Etdiyiçün mövludinə hörməti,
Haqq Təalə ona etdi rəhməti.

Güldügim budur bənim, bilin dedi,
Mustafanin məvlidin qılın dedi.

Böylə dedi gözlərin yumdu haman,
Qəvmi oldular onunçün şaduman.

Əslində bu müqəddəs Mövlüd gecəsi - eşq ilə coşan könüllərin, axşamında, sabahında nəfəslərlə ürəklərə dolan nəfsi-iblislərin yer ilə göy arasında qara pərdələr çəkdiyi maddi dünyadan ayrılıb, Tanrı dərgahına qovuşma məqamıydı. Özü bu dünyada, ruhu ilahi bir məkanda dolaşan Hürmələk nənə oxunan hekayətin avazında yaranan fasilədə sanki özünə gəldı. Əllərini qoşalayıb oxunan salavata qoşuldu.

Əssəlatu vəssəlam olsun sənə,
Ya Muhəmməd, alinə, əshabinə,
övladına.
Failatun, failatun, failət
Ver Muhəmməd Mustafaya salavat.

TƏQVİM / ARXİV