adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

HƏMRƏY OLUN

FƏRİDƏ RƏHİMLİ
29699 | 2014-12-27 01:23
Yalanlı, fırıldaqlı, cinayətli, İŞİDli, ATƏTli, gündə orta hesabla təxminən altmış dəfə pozulan atəşkəsli, əsirli, girovlu, ölümlü, intiharlı, seçkili... bir ili də yola verdik. Həyat öz istəyi ilə davam edir, insanın arzularısa tükənmək bilmir. İçimizdən keçənləri bilən Yaradansa xəyal etdiklərimizə gülür, sən saydığını say, deyir. Hər ilin sonunda növbəti ildən nəsə gözləyirik. Daha doğrusu, insan özünü aldadaraq, ümid edərək gələn illərin daha yaxşı olacağını, həyata keçməyən arzularının reallaşacağını düşünür. Bu ümid ömrün sonunadək gerçəkləşmədən davam etsə də, ümid etməyin heç kimə zərəri olmur...
2013-ün sonunda arzuladıqlarımızın hansı yerinə yetdi, bir baxaq. Qarabağ yenə bizsiz qaldı. Qarabağın bizsiz qalsa yaxşıdı, biz Qarabağsız qaldıq bu il də. Təhsilimizdə rəhbər yerdəyişmələrindən başqa yeni heç nə olmadı. İmtahanlarda keçid balları 150 olaraq qaldı.
Sessiya imtahanlarında "daydaysız" tələbələrin halı əvvəlkindən daha da çətinləşdi. Səhiyyəmizdəki "inkişafa, ən müasir apparaturalarla təchiz olunmuş klinikalarımız, xəstəxanalarımız, hər il yüzlərlə tibb mütəxəssisləri hazırlanmasına" baxmayaraq insanlarımız yenə Almaniyaya, İsrailə, Türkiyəyə, ən kasıblar da İrana üz tutmağa davam edirlər. Bəzi dövlət qurumlarındakı süründürməçilik dövlət başçısının yeni sərəncamına rəğmən yenə eyni qalır. Bir çox icra aparatlarının, bələdiyyələrin xalqın haqqını düşünməkdən deyil, "yuxarılara" xoş gəlsin deyə gördüyü işlər dəyişmədi. Hərəni bir cür baş aldadan sözlərlə yola salmaq, "hörmətlə", "şirinliklə" gələnlərə "qanunun verdiyi imkanlarla" kömək etmək heç dəyişmədən davam edir. Qeyri-rəsmi olaraq "İntihar körpüsü" adını almış yeni körpünü sökməyyin çıxış yolu olduğunu düşünənlər var, çünki intiharın səbəblərini araşdıran addımlar atılmadı. Orta məktəblərdəki "pulyığma" kampaniyası müxtəlif adlar altında davam etməkdədir. Uşaq bağçalarındakı rüşvətlər rəsmi şəklə salınmaqla çıxış yolunu tapıblar - bir uşağa aylıq 300 manat!!! O uşağı bağçaya qoyaraq işləmək istəyən ananın maaşı isə 250 manat olacaqdı... Mənzil İstismar Sahələrində işilərin arayış satmaqdan və kommunal xərcləri (artıqlaması ilə!) yığmaqdan başqa nə olduğunu hələ də öyrənməmiş oldum. VVAQ (ZAQS)-larda yeni doğulmuş uşaqlara veriləsi birdəfəlik müavinətin valideynin, uşaq az qala on yaşına çatana qədər ala bilməmələri tilsimi də açılmadı. O qədər sənəd tələb edilir ki, hər sənədin də "qiyməti" üst-üstə, alınacaq müavinətdən çox. Yaşayış yerindən, iş yerindən arayış, nikah şəhadətnaməsi və sair, üstəlik bunların da notarial qaydada təsdiqi. İşləmirsənsə, işədüzəltmə bürosunda işləməmək haqda arayış, ordan da arayış vermirlər ki, məsələn bizdə 60 manat maaşla filan iş var, gəl işlə!!! Yəni arayış verməyə bilərəm, cibinə bax... Düşmənə iyirmi il əvvəl əsir düşmüş soydaşlarımızdan xəbərimiz olmasa da, iki nəfər kəlbəcərli əsirimizin videoları gözümüzün önündədi. Hər gün bir az da əriyərək bir dəri, bir sümük qaldıqlarını ürək ağrısıyla seyr edirik. Ədəbiyyatda, KİV-də, sənətdə, mədəniyyətdə yeniliklər, mükafatlar, təqdimatlar, təltiflər artıq heç kimi təəccübləndirmir. Baş-ayaq dünyanın baş-ayaq qanunları...
Başdan başladım, hər sahəni əhatə etmədim - mənim üzləşdiklərimi yazdım - lap aşağıdakılardan da yazım, bitsin. Övladların, körpələrimizin rahatlığı bizim də ürək rahatlığımızdır. Evdə körpəsi olan hər kəsin pampers qayğısı qaçılmazdır.
Son vaxtlar satılan müxtəlif adda buraxılan pamperslərin uşaqlarda səpkilər, yara əmələ gətirməsi həyəcan təbilini çalmağa əsas verir. Əvvəlkilərdən fərqli olaraq indi gənc analar rahatlıqları üçün pampersiz uşaq saxlamağı ağıllarına belə gətirmirlər. Onsuz da tibbi cəhətdən sağlam olmayan, kimyəvi maddələrdən hazırlanmış əmici xassəyə malik qoruyucuyla təmin edilən "təmizlik" in sonrakı fəsadlarını düşünmək istəmirlər. Ağrısını dilə gətirmək gücündə olmayan körpələrin zəifliyi üzərindən pul qazanan vicdansızlara demək istəyirəm ki, bu körpə mələklərin ahı tutar sizi. Onlara əziyyət verməklə qazandığın çörəyi evindəki körpəyə yedizdirib onu da lənətləmə... Nəysə, çox iç qaraldıcı, çoxunuzun bildiyi, çəkdiyi olaylardı bunlar. Sadalamaqda məqsədim oydu ki, boş xəyal qurub, gələn ildən nəsə gözləməkdənsə, özünüz bir şeylər etməyə çalışın. İl öz axarıyla gedəcək dəyişən, dəyişdirən bizik - insanlar.
Yeniliklər də var - tikinti, quruculuq, yaşıllıqlar, parklar, muzeylər, məktəblər, mədəniyyət evləri, teatrlar, universitetlər, yollar, idman sahəsi... bunlar hamısı gözəldir, amma rüşvətsiz, süründürməçiliksiz, qanuni olanda, kimsənin haqqı tapdanmayanda, yuxarıdan verilən sərəncamlar, tapşırıqlar, əmrlər yerlərdəki "yerallahları" tərəfindən qeyd-şərtsiz, təmənnasız yerinə yetirildikdə.
İl mənim üçün o vaxt yeni olacaq ki, sadaladıqlarımda bir yenilik baş versin. Amma, aydın məsələdir ki, bu yeniliyi növbəti il yanvarın birində səhər yuxudan durub yolka ağacının altında Şaxta Babanın hədiyyələri içərində tapa bilməyəcəyik. Çarəsini hər şeyin əlacı Zamana buraxaq, bir də cavabdeh insanların vicdanına. Bütün yatanlar oyanır, vicdanlar da oyanar, inşallah. Yeni ildə təmiz, oyaq vicdanlı insanlarla yaşamaq, işləmək . nəfəs almaq ümidiylə - Yeni İliniz Mübarək!
P.S. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sözü mənə həmişə qəribə gəlir. Dünyadakı azərbaycanlılar çoxmu həmrəydirlər?

TƏQVİM / ARXİV