adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Mart 2023 12:01
1471
MÜSAHİBƏ

Həkim: “Eşitmə problemlərinin yaranmasında bir çox səbəblər..." - MÜSAHİBƏ

“Antibiotiklər eşitmə sinirinə toksik təsir göstərir və onların yüksək dozalarda istifadəsi erkən yaşlarda ağıreşitmənin və karlığın yaranmasına səbəb ola bilər. Yəni antibiotiklər uşaqlara ehtiyatla təyin olunmalıdır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian Mustafa eşitmə problemlərinin yaranması ilə bağlı olan səbəblərdən danışarkən bildirib.

Həkimin nazirliyin rəsmi saytına verdiyi müsahibəni təqdim edirik:

- Vəfa müəllim, öncə bilmək istərdik ki, hansı halda və hansı yaşdan sonra eşitmə problemləri yarana bilər?

- Eşitmə problemlərinin yaranmasında bir çox səbəblər rol oynayır və yaş həddindən asılı deyil. Əsas səbəblərdən antibiotiklərin nəzarətsiz istifadəsi, boyun fəqərələrinin osteoxondrozu, şəkərli diabet, küylü mühit, kəllə-beyin zədələnmələri və s. qeyd etmək olar.

Adətən, ağıreşitmə anadangəlmə və sonradan qazanılmış olur. Yenidoğulmuşlarda anadangəlmə ağıreşitmə ananın hamiləlik zamanı keçirdiyi xəstəliklərdən, travmatik, kimyəvi və toksik təsirlərdən əmələ gələ bilər. Bundan əlavə, ağıreşitmə və karlığın anadangəlmə forması valideynlər arasında bağlanan qohum nikahları nəticəsində yarana bilər. Xəstəliyin əmələ gəlməsində irsiyyətin böyük əhəmiyyəti var. Belə ki, eşitmə qabiliyyətinin anadangəlmə pozulmalarının 11%-i genetik səbəbdən yaranır.

Sonradan qazanılma ağıreşitmə keçirilən xəstəliklər nəticəsində yarana bilər. Burada, əsasən, virusların mənşəyi mühüm rol oynayır. Ümumi müqavimətin zəifləməsi və endokrin pozulmalar xəstəliyin inkişafına təkan verir. Bəzi hallarda ani eşitmə itkisi müşahidə olunur. Bu, arterial təzyiqinin yüksəlməsi və eşitmə orqanına qansızma nəticəsində əmələ gəlir.

Ağıreşitmə və karlığın digər növü yaşla əlaqədardır və “Presbiacusis” adlanır. Adətən, bu növ ağıreşitmə 50 yaşdan sonra başlayır və qocalıqda tam karlıqla nəticələnə bilər. Beynəlxalq standartlara əsasən, ağıreşitmənin beş dərəcəsi var: yüngül, orta, ağır, çox ağır və karlıq. Ağıreşitmənin ən ağır dərəcəsi karlıq sayılır.

- Bəs hansı halda eşitmə aparatından istifadə edilməlidir?

- Müalicə üsullarına tabe olmayan hallarda eşitmə cihazlarından istifadə olunur. Eşitmə qabiliyyətinin bir sıra pozulmaları zamanı müalicə üsullarından istifadə edərək, müsbət nəticə əldə etmək olur. Digər xəstəliklər cərrahi müdaxilələr vasitəsilə aradan qaldırılır. Hər iki müalicə növünə tabe olmayan xəstəlik eşitmə sinirində olan pozulmalardır. Bu pozulmalar sensonevral ağıreşitmə və karlıq adlanır. Xəstəliyə bütün yaşlarda rast gəlinə bilər.

Eşitmə cihazlarının iki növü olur: analoqlu və rəqəmsal. Analoqlu cihazlar səsgücləndirici rolunu yerinə yetirirlər və artıq gündəmdən çıxırlar. Rəqəmsal cihazlar isə fərdi qaydada seçilir və müayinə aparılandan sonra təyin olunur. Rəqəmsal tipli cihazlar eşitmə pozulması olan zonanı bərpa edir, qulaqda əlavə küyləri aradan qaldırır. Cihaz bir və ya hər iki qulağa tətbiq oluna bilər.

- Cərrahi müdaxilələrlə eşitmə problemini tam aradan qaldırmaq mümkündürmü?

- Qulaq cərrahiyyəsində bir sıra eşitmə bərpaedici əməliyyatlar var. İnsanın eşitmə orqanı səskeçirici və səsqəbuledici hissələrdən ibarətdir. Səskeçirici hissəsində yaranan xəstəliklər zamanı cərrahi əməliyyatlar müsbət nəticə verir. Bu əməliyyatlar xarici qulaq kanalında, təbil pərdəsində, eşitmə sümükcüklərində və təbil boşluğunda aparılır.

Ötən əsrin axırlarından cərrahi müdaxilələr daxili qulaqda müvəffəqiyyətlə tətbiq edilməyə başlayıb. Daxili qulaqda səsqəbuledici orqanın pozulmaları zamanı ilbizə elektrod yeridilir və beləliklə səs dalğaları birbaşa eşitmə reseptorlarına ötürülür. Bu eşitmənin bərpaedici əməliyyatı koxlear implantasiya adlanır.

- Uşaqlarda eşitmə probleminin yaranma səbəbi, əsasən, nələrdir?

- Uşaqlarda eşitmə problemi bir neçə səbəbdən yarana bilər. Erkən yaşlarda keçirilən virus infeksiyası və yoluxucu xəstəliklərdən sonra eşitmə probleminin yaranması riski yüksəkdir. Adətən, uşaq xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə olunur. Eyni zamanda, bilmək lazımdır ki, antibiotiklər eşitmə sinirinə toksik təsir göstərir və onların yüksək dozalarda istifadəsi erkən yaşlarda ağıreşitmənin və karlığın yaranmasına səbəb ola bilər. Yəni antibiotiklər uşaqlara ehtiyatla təyin olunmalıdır.

Digər tərəfdən, uşaqlarda burun tənəffüsünü çətinləşdirən udlaq badamcığının böyüməsi eşitmə qabiliyyətinin pozulmasına səbəb olur. Belə ki, adenoid adlanan udlaq badamcığı burun-udlağa açılan eşitmə borusunun qabağını tutaraq eşitmə probleminə səbəb olur. Yaranmış problem cərrahi müdaxilə ilə aradan qaldırılır.

- Qulaq pərdəsi hansı səbəbdən zədələnə bilər və eşitmə prosesinə nə dərəcədə təsir edə bilər?

- Təbil pərdəsi adlanan qulaq pərdəsinin zədələnmələri, o cümlədən pərdədə dəliyin yaranması tibbi dildə perforasiya adlanır. Təbil pərdəsi dörd səbəbdən zədələnə bilər:

- Kəsici və deşici alətlər vasitəsilə xaricdən törədilən zədə nəticəsində;

- Təbil pərdəsinin arxasında orta qulaq adlanan hissədə irinli və iltihablı proseslər nəticəsində;

- Məişətdə rast gəlinən kəllə-beyin travması və gicgah sümüklərinin sınığı nəticəsində;

- Xarici qulağa yad cisimlər daxil olanda və orada uzun müddət yerləşəndə təbil pərdəsi zədələnə bilər.

Əlbəttə, sadalanan səbəblər nəticəsində təbil pərdəsində yaranan zədələrdən eşitmə qabiliyyətinin tam itkisi müşahidə olunmur. Bu halda eşitmənin bir qədər azalması izlənilir və xəstələr, adətən, qulaqda küyü və öz səslərinin əks-sədasını eşidirlər.

- Eşitmənin itirilməsinin profilaktikası üçün nə məsləhət görərdiniz?

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyanın 10% əhalisi eşitmə pozulmalarından əziyyət çəkir. Bu, xəstəliyin bir çox səbəbləri ilə yanaşı, vaxtında profilaktik tədbirlərin olmaması ilə bağlıdır. Eşitmə itkisinin profilaktikası üçün öncə sağlam həyat tərzi aparmaq lazımdır. Bu anlayış küylü mühitdən, toksik faktorlardan, antibiotiklərin hədsiz təyin edilməsindən qorunmaq deməkdir. Eyni zamanda, yanaşı xəstəlikləri olan şəxslərə aktiv hərəkət və burun tənəffüsünün bərpası vacib amillərdən biridir. Yuxarı tənəffüs yollarının virus infeksiyası zamanı aviasəyahətlərdən mümkün qədər qorunmaq vacibdir.

Eşitmə itkisinin profilaktikası dedikdə, eşitmə qabiliyyətinin zamanında yoxlanılması nəzərdə tutulur. Eşitmənin vaxtında elektroakustik aparatla müayinəsi məqsədəuyğun hesab olunur. Bu müayinə üsulu audiometriya adlanır. Eşitmə problemləri yaşayan və 50 yaşdan yuxarı şəxslərə audiometriya müayinəsi ildə bir-iki dəfə aparılmalıdır.