adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

HANSI SAATLA iŞLƏYƏK?

OQTAY SALAMOV
22903 | 2008-11-15 02:09
Yox, nə iş saatından danışıram, nə saat firmasından, nə də qış-yay vaxtından. Başlığın adı şərtidir, istəsəniz "Salaməleyküm" də ola bilər, "Bir alqış da sənin üçün" ola bilər, "Alırsan verim" də, lap "Adsız yazı" da. Məsələ adda deyil, indi dədən-nənən qoyan adla səni tanıyan elə ancaq onlar özü olar, qalanları postunla, vəzifənlə, pulunla və ya bunların olmaması ilə tanıyır. Özü də mətbuat da, televiziyalar da, partiyalar da, hətta təbabət də ciddi-cəhdlə çalışırlar ki, hamını manqurtlaşdırsınlar, bir qəlibə salsınlar, eyni cür düşünməyə məcbur eləsinlər. Sosializm quruluşunu dəyişdirmək istəyirdik, əsl sosializm qururuq, ölkəni böyük bir inkubatora çevirməkdəyik. İfratçılığımızdan danışmaq istəyirəm.
   
   "SALAM" DİLƏNÇİLİYİ
   
   Marşrut avtobusunda biri arxada oturanla salamlaşdı, onun da yol pulunu verib düşəndə dedi ki, atana salam de. Oğul da dedi ki, nömrəni de, mesaj göndərim. Əvvəl ona qəribə, zarafatcıl adam kimi baxdılar, sonra isə avtobus qəhqəhəyə qərq oldu. Səbəbi isə... Vallah, ağ eləmişik, bütün əndazələri aşmışıq. Nə qədər şou olar, nə qədər interaktiv olar, nə qədər SMS dilənmək olar? Qohum-qardaş soyuldu, tanış-biliş soyuldu, indi adını eşitdiklərini, xəritədə yerini bildiklərini salamlayırlar. O gün bir səydərək meyxanaçı deyir ki, filan rayonun icra hakimini, filan rayonun polis rəisini, bəsman rayonun qadın həkimini salamlayıram və onlardan xüsusi dəstək gözləyirəm. Vallah, qəti bilirəm ki, tanıyan "salamlananlar"ın əksəriyyəti özü şərt qoyur ki, "adımı çək, sənə mesaj göndərim". Sonra da elə yayxanır, elə sevinir ki, adını televizorda çəkiblər. Çox düşük adamlarıq. Amma icra hakimi, polis rəisi, qadın həkimi də adının televizorda çəkilməsini istəyirsə, onda tamam başıdaşlıyıq ki. Yox, əgər istəmirlərsə, bəs niyə etirazlarını bildirmirlər?
   
   Başa düşürəm, yarışa girən adam səs qazanmaq istəyir, hətta seçim mərhələsində ona verilən suallardan biri də "nə qədər səs toplaya bilərsən?" olur. Amma şoumenin, aparıcının mikrofonu iştirakçının azğına dürtərək, "müraciətini elə, səs sayında geri qalırsan, belə getsə yarışdan çıxa bilərsən" çağırışı dilənçiliyin lap rəsmi formasına çevrilir. Ay başınıza dönməyim, hər şeydə yamsıladığınız türk televiziyalarında da interaktiv var, amma orada dilənmirlər, siz haradan öyrəndiniz bunu?
   
   BƏLKƏ EFİRƏ LÜT ÇIXASINIZ?
   
   
   
   Teleefir elə bir məkandır ki, orada deputat da, sağıcı da, müəllim də, hətta Rəqsanə də gözəl görünmək istəyir. Əslində bu da tam təbiidir. Amma müğənninin, aktyorun, meyxanaçının, şairin efirdən gözəl görünmək istəyi lap-lap təbiidir. Çünki bu təkcə görünüş üçün yox, qazanc, imic, yanıqverdi üçün çox vacib atributdur. Bir çox qadın müğənnilərin prokata götürüb taxdığı zər-ziba ilə ekrana çıxması, oxuyanda bir neçə dəfə fırlanaraq əndamını tam nümayiş elətdirməsi (amma demək istədiyim sözün öhdəsindən nə ustalıqla, mədəni şəkildə gələ bildim!), kişi müğənnilərin saç rəngləməsi, qaş aldırması, arvad kimi (qadın yox, məhz arvad kimi) əzilib-büzülməsi gözəlliklə bərabər həm də birbaşa qazanca xidmət eləyir. Millətin kasıb vaxtında borca, kirayəyə paltar götürüb çıxanlar da olurdu. Amma indi, maşallah-namxuda, maqazinlər, butiklər, firmalar var. Aparıcı da, müğənni də, meyxanaçı da, az qala deputat da kamera üzünə tuşlanan kimi deyir "geyimimə görə filan şirkətə, makiyajıma görə filan salona və konkret filankəsə, saç düzümümə görə usta filankəsə təşəkkür eləyirəm. Amma tanınmağa daha ehtiyacı olmayanlar deyəsən öz paltarlarını geyinirlər və dəlləyi, məşşatəni reklam elətdirmirlər. Məsələn, bircə dəfə də eşitməmişəm ki, Niyaməddin Musayev desin ki, saç düzümümə görə filan ustaya minnətdaram...
   
   Başa düşürəm, reklamdır, ona görə paltar verirlər, rəngləyirlər, qırxırlar ki, adları çıxsın. Amma daha bu qədər də ağ eləmək olmaz axı. Yarım saatlıq verilişin 20 dəqiqəsi salamlara, saç düzümünün, makiyajın reklamına gedir. Sonra da bu dəllək, bu məşşatə adi müştərilərə elə qiymət oxuyur ki, söyəndə ağlına gələn birinci ünvan həmin o ekrandan bunu tərifləyən olar. Deyirəm ay aparıcı, müğənni və digər tanınmaq istəyənlər, bəlkə ekrana lüt çıxasınız, hə? Onsuz da it yiyəsini, yiyəsi itini tanımır, sizə nəyi isə qadağan eləyən yoxdur, millət də ölür lüt bədənə baxmaq üçün, daha niyə minnət götürüb kiminsə verdiyi paltarı geyinirsiniz, pulsuz saç düzdürürsünüz. Elə birbaşa özünüzü, əndamınızı nümayiş elətdirin, reklamı reklam, qazancı da şəriksiz. Özünüz bilin, məncə, ağıllı məsləhətdir...
   
   
   
   ƏMƏLİNƏ ALQIŞ, YOXSA AMALINA?
   
   
   
   Fikir vermisinizsə, tok-şouların, tele-verilişlərin əsas atributlarından biri də alqışlardır. Yəni hansı ifa xoşa gəldisə, hansı söz, hərəkət studiyada olan tamaşaçının xoşuna gəldisə, tamaşaçı hansı fikrisə dəstəkləyirsə... bunu alqışlarla, əl çalmaqla bildirir. Bizim efir, özü də bütün telekanallarda, əlçalma efiridir, yəqin milli xarakterimizdən qaynaqlanan elementdir. Hətta studiyalarda xüsusi adamlar durur, bəzən operatorlar da əllərini qaldıraraq alqışlamaq lazım olduğunu bildirir. Nəyi və niyə alqışlayırsan, a zalım balası? Verilişin şirin yerində 15 dəqiqə reklam gedir və reklam qurtaran kimi zaldakıların alqışları eşidilir. Başa düşmək olmur, reklamı alqışlayırlar, onun qurtarmasını alqışlayırlar, yoxsa 15 dəqiqə bundan əvvəl deyilmiş sözü. Biri lətifə danışır, nə isə bir söz deyir, efirə gülüş, hırıltı sədaları buraxırlar. Tamaşaçını da təhqir edirlər ki, guya o, harada gülməyi, harada ağlamağı, nəyi alqışlamağı bilmir. Elə bircə onu deməyini güclə saxlayırsan ki, qoyun özünsən!
   
   
   
   NEÇƏYƏ ALIRSAN?
   
   
   
   O qədər mədəni, incə, aristokrat olmuşuq ki, daha dədə-babamızın danışığı bizə yad gəlir. İndi müğənnidən mahnı, şairdən şer oxuması istənilmir, indi mahnı, şer "alınır": "Canım, səndən bir mahnı alım", "gözəl şairimizdən bir məhəbbət şeri alaq". Neçəyə alırsan, əə? O müğənnidi ki, sənin rəhbərliyindən, səndən orada görünməyi pulla alıb. Mahnını, şeri "alaq" deyib yazığın dərdini niyə tərpədirsən?..
   
   
   
   ETALONUN VAXTI, YOXSA VAXTIN ETALONU?
   
   
   
   O gün Standartlaşdırma və Metrologiya Komitəsinin bir məsulu dedi ki, xaricdən beş-on şeyin etalonunu gətirmişik, bu yaxında özümüzün vaxt etalonu da olacaq. Olsun, lazımdır. Bilmirəm haradan gətirəcəklər, kimin saatı ilə işləyəcəyik, amma vacib şeydir. Kinolarda görmüşük; hücuma, kəşfiyyata getməzdən qabaq iştirakçılar saatlarını komandirin saatı ilə düzəldərdilər ki, gecikmə, tələsmə olmasın. İndi şükür Allaha, nə hücuma gedirik, nə də kəşfiyyata. Ona görə də hərə öz saatı ilə işləyir. Telekanallarımızın saatları arasında bəzən 4 dəqiqəyədək müxtəliflik olur. Kremlin saatı da 2 dəqiqə gecikir. Vaxt etalonu mütləq lazımdır, yoxsa haraya nə qədər ləngidiyimizi dəqiq bilmərik axı...
   
   
   
   P.S. Əgər "Əbu-Bəkr" məscidinin yerində göydələn tikilməsi məsələsi düzdürsə, bu camaatı təxribat qorxusuna salmaq insafsızlıqdır axı...
   
   

TƏQVİM / ARXİV