German şair, publisist: Ustadın xeyir-duası

İlk dəfə iri həcmli, ciddi bədii əsər oxuyanda on yaşım vardı. Dördüncü sinifdə oxuyurdum. "Bir gəncin manifesti" (Mircəlal Paşayev) adlanan bu əsər sanki məni sehirlədi. Mütaliəyə elə aludə oldum ki, evimizdə olan 20-30 kitabı bir-iki ay ərzində oxuyub, başa vurdum. Sonra məktəbimizin, daha sonra Ağdamın şəhər kitabxanasına yazıldım. Bir gün mütaliə etməyəndə özümü nəsə itirmiş kimi hiss edirdim. Oxuduğum kitabların sayı artdıqca hiss edirdim ki, poeziya daha çox çəkir məni özünə. Nizami, Nəsimi, Füzuli, Nəbati, Aşıq Ələsgər, S.Ə.Şirvani, Sabir, Vahid, Cavid və digər klassiklərimiz yazdıqları əsərlərlə məni ovsunladılar. M.Şəhriyarın "Aman ayrılıq" adlı kiçik həcmli kitabşası isə məni silkələdi, dilimizi sevdirdi, Vətənimizin dəyərini anlatdı mənə. Şer kitablarından xoşuma gələn şerləri əzbərlədim. Əzbərləməklə yanaşı qalın dəftərçəmə köçürdüm.
O dəftərçə indi də durur. Orda klassiklərimizin və ötən əsrin 70-80-ci illərində ən çox mütaliə olunan, sevilən şairlərindən Nəbi Xəzrinin, Famil Mehdinin, Cabir Novruzun, Tofiq Bayramın, Rasim (Kərimov) Eloğlunun, Bəhmən Vətənoğlunun, Məmməd İsmayılın, Nüsrət Kəsəmənlinin, Ramiz Rövşənin və digər şairlərin şerləri var. Və bir də o dəftərçədə o vaxtlar az tanıdığım, hələ kitabını görmədiyim Şahmar Əkbərzadənin Qarabağa həsr etdiyi bir şeri var:
Qarabağ - ana yurd, könül paytaxtım,
Mayam mahnısıyla yoğrulan diyar.
Ana Vətənimin ürəyi sənsən,
Sənə deyiləsi neçə sözüm var.
Mən 1972-ci ildən Murad Rzayevin yaratdığı "Qarabağ bülbülləri" ansamblının üzvü idim. Rayon tədbirlərində böyük səhnələrdən həm mahnı oxuyur, həm də şer deyirdim. Tədbirlərin birində Şahmar Əkbərzadənin bu şerini də dedim. Açığını deyim ki, şerin bəzi bəndlərini tam dərinliyi ilə başa düşmürdüm. Məsələn, ikinci bənd mənim üçün "qaranlıq meşə" idi:
Babalar bir zaman şikəstə üstdə
Qızıl torpağına dərd, qəm əkiblər.
Muğamat üstündə zülmü, zilləti
Əppəkli dərədə dara çəkiblər.
(Bu bəndə qayıdacağıq.) Bu şeri harda demişəmsə, hamı qulaq kəsilərək maraqla, diqqətlə, kövrələrək dinləyib. Ələlxüsus da Qarabağın işğalından sonra. Halbuki bu şer işğaldan 20-25 il əvvəl yazılıb.
Güllücəm, Çəmənlim, Baharlı kəndim,
Sizsiz çiçək kimi yanıb, solaram.
Şirin ləhcənizi demirəm hələ,
"Dayna" kəlmənizə qurban olaram.
İxtisarla verdiyim bu bənzərsiz şerin sonuncu bəndi isə möhtəşəm bir himnin son akkordlarına bənzəyir:
Qarabağ - ana yurd, beşiyim mənim,
Qartal xəyallarım göyündə süzər.
Sənə ürəyimin paytaxtı desəm,
Nə Bakı inciyər, nə Təbriz küsər.
70-ci illərdə səslənəndə bu şeri gözəl bir sənət numunəsi, 88-ci ildən ağrılı bir mövzu kimi dinləyirdiksə, 90-cı illərdə bu şer artıq can yanğısına, ürək ağrısına, ağıya, naləyə, fəryada çevrilmişdi. Qayıdaq bu şerin ikinci bəndinə...
1985-ci ilin lap əvvəllərində erməni faşisti Zori Balayanın 1984-cü ildə Moskvada rus dilində şap olunmuş "Ocaq" kitabı keçdi əlimə. 424 səhifəlik bu kitabı iki günə oxuyub, başa vurdum. Kitabda yazılanların çoxunun cəfəngiyyat olduğunu anlasam da içimdə elə bil nə isə qırıldı... Sonralar bu barədə yeddi cildlik "Qeyb olmuş şəhərin oyaq yaddaşı" adlı kitabımın birinci cildində ətraflı yazmışam. 1985-ci ilin baharında isə bu kitabın məndə yaratdığı təəssürütlarla bağlı təxminən altı dəftər səhifəsi həcmində bir yazı yazıb, o vaxt abunə olduğum "Mədəniyyət" qəzetinə apardım.
Bilirdim ki, bu qəzetin baş redaktoru Şahmar Əkbərzadədir. İlk tanışlığımız Şahmar müəllimin otağında oldu. Şerlərini sevə-sevə oxuduğum, mərhum xanəndəmiz Sədi Məmmədovun ifasında heyranlıqla dinlədiyim bu uca boylu, iri gözlü, qıvrım saçlı kişiyə heyrətlə baxırdım. Gözlərimə, qulaqlarıma inanmırdım. Mən böyük şair Şahmar Əkbərzadə ilə üz-üzə oturmuşdum. İyirmi iki yaşım vardı onda. Şer də yazmırdım hələ. Həmin gün təxminən yarım saat həmsöhbət olduq şairlə. Gəlişimin məqsədini dedim, Zori Balayanın "Ocaq" kitabına yazdığım yazını oxudum. Diqqətlə dinlədi, alıb qoydu masasının üstünə. Bir söz demədi. Bildirdi ki, o kitab haqqında məlumatı var. Sonra ondan yuxarıdakı şerin ikinci bəndi barədə soruşdum. Gözləri yol çəkdi. Dedi:
- O bənddə elə erməni məsələsi nəzərdə tutulur. Vətənin qoynunda yer verdiyimiz erməni daşnakları zaman-zaman üstümüzə silah çəkiblər, bizi istəmədiyimiz müharibələrə cəlb ediblər, bir çox hallarda havadarlarının köməyi ilə qanımızı axıdıblar.
Sonra kimlərdən olduğumu, nə işlə məşğul olduğumu soruşdu. Tələbə olduğumu biləndə çox sevindi. Balayanın kitabına verdiyim reaksiyaya görə məni təriflədi. Xoş təəssürüt və yüksək əhval-ruhiyyə ilə ustad şairin otağını tərk etdim. Bu tanışlıqdan sonra bu gözəl insanın, böyük şairin yaradıcılığını daha müntəzəm izləməyə başladım. Hər şerindən bir boy ucaldım, yeni dünya kəşf elədim, müdrikləşməyə, kamilləşməyə başladım sanki. ...
Və başa düşdüm ki, ötən əsrin 50-60-70-80-ci illərində məktəb dərsliklərindən və mətbuat səhifələrindən bizə dahi kimi təqdim edilən, az qala bütün əsərlərində Lenini, Stalini, Kommunist partiyasını tərənnüm edən Azərbaycan sovet poeziyasının "üç muşketyoru" (yəqin bildiniz kimləri nəzərdə tuturam) və digər şairlər mif imiş. Şahmar Əkbərzadə poeziyası ilə müqayisədə onlar özfəaliyyət və ya həvəskar səviyyəli şairlər imişlər. Şahmar müəllimlə 90-cı illərdə bir neçə dəfə də tədbirlərdə görüşdük. Ən maraqlısı ustad xanəndə, dünyasını faciəli yol qəzasında vaxtsız dəyişmiş Sədi Məmmədovun doğumunun 45 illiyinə həsr edilmiş tədbirdə oldu. Həmin tədbirin aparıcısı mən idim. Təsadüfən Şahmar Əkbərzadə və xanəndə Arif Babayevlə eyni masa arxasında əyləşmişdik. 1998-ci ilin mart ayının 7-si idi. Salonda əyləşənlərin, demək olar ki, hamısı tanınmış adamlar idi. İlk sözü sevimli xanəndəmizə verdim. Arif Babayev maraqlı çıxışdan sonra yanıqlı bir "Segah" oxudu və qavalının birini Sədiyə bağışladı. Alqışların gurultusu şadlıq evinin divarlarını silkələdi. Qavalı çox böyük hörmət və ehtiramla qəbul edən Sədi Məmmədov elə həmin qavalla "Segah" üstdə sözləri Şahmar Əkbərzadəyə məxsus olan Allah, bu torpağın kəsilib başı, "Quran" oxumağa mollası yoxdur. misraları ilə balayan şeri oxudu. Hamı kövrəlib, dinləyirdi. Sözlər təsirli, ifa yanıqlı, sinəmizdə altı illik çalın-çarpaz Qarabağ "dağı"... Ürək lazım idi bu ifaya dözsün. Alqışlar səngimək bilmirdi.
Sonra mikrafona Şahmar müəllimi dəvət etdim. Uca boyu, əzəmətli görkəmi, ləngərli yerişi ilə hündür olmayan səhnəyə qalxdı. Sədi haqqında xeyli danışdı. Maraqlı danışdı, səmimi danışdı, xoş sözlər dedi. Sonra rəhmətlik anasına ithaf etdiyi "48 ölçülü qadın paltarı" adlı şerini avazla, bəlağətlə, kövrələ-kövrələ, şirin-şirin-şirin söylədi. Kamançada çalınan "Şüşdər" muğamının müşayəti ilə söylədi. Salona qəribə bir sakitlik çökmüşdü. Hamı xəyala dalmışdı, qəhərlənmişdi, doluxsunmuşdu. Bu necə şer idi, necə səmimi şer idi, necə gözəl söylədi müəllif. Tamaşaçılar ovsunlanmışdı sanki. Qəfil elə bir gurultu qopdu ki...
Şahmar müəllim şirin təbəssümü ilə tədbir iştirakçılarına baş əyib, təşəkkür edərək yerinə keçdi. Masa arxasında da imkan olduqca ordan-burdan söhbət edirdik. Şahmar müəllimin qəfil ölümünü eşidəndə İsrail dövlətində yaşayırdım. Bu böyük şairin vaxtsız vəfatına (59 yaş nədir ki?) və dəfninə gələ bilmədiyimə görə çox pərişan oldum, ağladım, poziyamızın nəhəng bir şairini itirməyimizə göz yaşı tökdüm. 38 yaşım vardı, amma hələ də şer yazmırdım və elə bir fikrim də yox idi. Bu hadisədən iki il sonra yolla gedə-gedə öz-özümə yuxarıda qeyd etdiyim "Qarabağ" şerini deyirdim. Ürəyimdə ustad Şahmar Əkbərzadə ilə söhbət edə-edə xəyalən Ağdamı, Qarabağı dolaşırdım.
Qəflətən içimdən bir bənd şer püskürdü: Gəzdim bu dünyanı, yordum yolları, Hər yerdə qəm, kədər, dərd, azar gördüm. Qürbətdən boylandım Vətənə sarı, Yolumu gözləyən boş məzar gördüm. Bu bir bəndi deyib, gözlərimi qaldırıb xəyali yol yoldaşım olan ustadın üzünə baxdım. Üzündə çox mənalı və təşnə ürəklərə su səpən təbəssüm vardı.
Ağır-ağır sözə başladı: - Yadındadı, 17 il əvvəl bir yazı gətirmişdin mənə? O vaxt onu çap etmədik qəzetdə. Yəqin indi özün də başa düşürsən ki, o kitabın müqabilində sənin yazdığın o yazı çox zəif idi. Amma bu bir bənd şerin çox təsirlidir. Qürbətin ağrı-acısını, dünyamızın dərdlərini, Vətən sevgisini özündə birləşdirir. Belə yaza bilsən, yaz. Uğur olsun.
Ustadın qulağıma gələn səsi məni xəyallardan oyatdı. Şahmar müəllimi yanımda görməyib, çox məyus oldum. Şahmar Əkbərzadə artıq iki il idi ki, həyatda yox idi, Tanrı dərgahına köç etmişdi, cənnətdə idi. Allah sənə rəhmət eləsin, ustad. Məkanın cənnət olsun. Şerlərinlə ürəyimizdə, qəlbimizdə, gündəlik həyatımızdasan. PS. Ustadın xeyir-duasından sonra 20 il ərzində 21 kitabım işıq üzü görüb. Yazılarımın və şerlərimin böyük əksəriyyəti Vətən sevgisi, yurd həsrətindən mayalanıb, dünyamızın əlacsız dərdlərinə həsr olunub, Qarabağ müharibələrindən, Şəhidlərimizdən, döyüşçülərimizdən, qazilərimizdən bəhs edir. Üç kitabımda Şahmar Əkbərzadə haqqında da yazmışam. Azdır, çox azdır.