26 Avqust 2025 10:42
240
ƏDƏBİYYAT

Nöqtə… nöqtə və nöqtə… - Pərvanə BAYRAMQIZI yazır

Kitab dili, bir qədər də konkretləşdirsək, əsər dili, müəllif hüquqlarını da nəzərə alıb daha aydın ifadə etsək, yazıçı dili ilə danışmaq istəyirəm. Bu cür nitq adamın işini asanlaşdırır. Demək istədiklərini səndən qabaq deyənlərin olduğunu görüb ta özünü əziyyətə salmırsan. Mənim şakərim də musiqi, şeir dili ilə danışmaqdır. Bəlkə də, bu bir növ gizlənmək, gizlətməkdir. Nəyi gizlətmək sualına gəlincə, deyim ki, fikirləriimi. Bəs kimi gizlətməjk – özümü. Niyə? Çünki məhduddüşüncəli adamlar həqiqəti dərk etmədən fikrə görə adama hər cür ittiham yağdırırlar. Haqlı ya haqsız günahkar tapmağı sevirlər. 

Adamı özündən başqa olduğu kimi anlayan, duyan yoxdur… deyəcəkdim, Əşrəf Veysəllinin bir bəndi yadıma düşdü:

–    Qələmimdir ürəyimi anlayan, duyan

Ürəyim də qələmimi səyirdir, çapır.

Sözdür mənim gözlərimə süzülən ziya,

Sözdür mənim taleyimə açılan qapı.

A.S.Puşkin etiraz etdi: 

– Xülya aşiqidir bütün şairlər...

Böyük şairdən inciyərək dil-dil ötdüm:

– İnsanların özlərinə yaxın, doğma sandıqları zümrə şairlərdir. Şairlər hamının əvəzinə düşünür, duyur, hiss edir, hətta danışırlar. Qələmlərindən çıxanı kim oxusa, şövqlə başını yelləyir: “Elə bil məndən yazıb...” deyir. Şairlər  mənəvi dünyamızın rentgen aparatıdır, daxilimizi görür, çəkir, özümüzə göstərirlər.

Söhbətin gedişatında şairlə ortaq fikrə gəldik:

–    Oxucunun ən pis sualı “bunu kimə yazmışınız?” soruşmağıdır.

A.S.Puşkin razılaşdı:

– Ey əziz dostlarım, indi hamımız

Arada söz salıb həmin şeirdən

Sual yağdırırsız siz mənə hərdən:

“Kimdi rübabın inlədən o qız?

Qısqanc gözəllərin arasında sən

O şeiri hansına həsr eləmisən?”

Jorj Sand mübahisə yaratmağa cəhd etdi:

–    Şöhrətpərəst kişilər, xüsusən də sevənlər köməksiz qadınların cəsarətindən həzz almaqdan daha çox aciz qadınlara himayədarlıq etməyi xoşlayırlar.

Bir qədər fərqli şəkildə ona qoşuluram:

–    Qadın elə sevirlər ki, eşqi yolunda hər cür əzaba, hətta rüsvayçılığa da hazır olurlar. Sevən qərarlarını ağlı ilə deyil qəlbi ilə verir. Onun bir qanunu olur, o da sevgidir. Ürəyinə tabe olub onun hökmü ilə hərəkət edir. Qadın sevdiyinin yolunda ona görə özünü təhlükəyə atır ki, xoşbəxtliyini tapsın. Demək, o, sevməklə bədbəxtlikdən qurtulmaq istəyir.

Jorj Sand məhəbbət mövzusunda mühazirəsini davam etdirdi:

–    Məhəbbət – qadının səxavətidir; o, məhəbbət naminə gördüyü işləri rəşadət hesab edir. Məhəbbət vicdan əzabı ilə mübarizə aparmaq üçün ona qüvvət veriri. İşləyəcəyi cinayət nə qədər ağır olsa da, o, sevgilisindən bir o qədər çox mükafat gözləyir. Bu, həmin fanatizmdir ki, dindarı adam öldürməyə qadir edir.

Mən: 

–    Kiminsə yolunu gözləmək, kiməsə qovuşmağı arzulamaq o deməkdir ki, yaşayırsan, sevirsən, duyğuların aşıb-daşır, bağlandığın, eşqi ilə nəfəs aldığın kimsə var. Gəlişini o qədər istəyəsən ki, böcəyə yalvarasan: "əzizimi mənə yetir". O kimsə də arzulandığını bilib forslanıb özünü dağ başına qoymaya da...

Tərlan Əbilov söhbətə qarışdı:

–    Mən indi başa düşürəm ki, 

iki nəfərin arasında həlli olmayan nə varsa, sevgidir...

Mən:

–    "Hardasan?", "harda qaldın?", "nə vaxt gəlirsən?" gözəl suallardır. Bunları sizdən soruşanları sevin. Pis odur ki, səndən bunu soruşan, sənin bunları soruşduğun olmaya. Hara getdi, harda qaldı maraqlanmaya, maraqlanmayasan... bu cür şeylərə görə mübahisə etmək yersizdir. 
Tərlan Əbilov:

–    Barmağımızı uzadıb göstərə bildiyimiz nə varsa, uzaq deyil, 

uzaq – yaxınımızda toxuna bilmədiklərimizdir...

Umberto Eko:

–    ... unutmağın daha yaxşı olacağı bir şeyin üstündə həddən çox düşünüb-daşınmaq lazım deyil... əgər bacararsansa...

Jorj Sand:

–    Qulaq asın, qulaq asın, mənim kimi bir qadını sevməyin nə demək olduğunu bilirsinizmi? Yox, siz bunu bilmirsiniz! Elə düşünmüsünüz ki, söhbət bir dəqiqənin şıltaqlığından gedir. Qəlbimi indiyədək qısa müddət hökmranlıq etmək olduğunuz çox qəlblərə tay tutursunuz. Siz mənim indiyədək hələ heç vaxt sevmədiyimi bilmirsiniz. Buna görə də təmiz, bəkarətli qəlbimi soyuq və heçliyə çevrilmiş bir qəlbə, coşqun məhəbbətimi çılğınlıqdan məhrum olan məhəbbətə, bütün həyatımı təsadüfi hesab etdiyim bir günə dəyişmərəm.

Eko Adsoya xitabən:

–    Zavallı bir qız, Adso, həm də ac. Yəqin ki, aclıq çəkən kiçik bacı-qardaşları vardı. İmkanı olsaydı, özünü qazanc üçün deyil, sevgi müqabilində təslim edərdi. Bugünkü kimi. Axı deyirsən ki, sənin gənc və gözəl olduğunu görmüşdür, başqalarına bir öküz ürəyi və bir-iki parça ağciyərin əvəzinə verdiyi şeyi sənə müftə, daha doğrusu, sevgidən ötrü vermişdir. Və özünü heç bir şey ummadan təslim etdiyinə görə elə qürrələnmiş ki, qaçarkən – düyünçəsini götürmək istəməmişidir.

Tərlan Əbilov:

–    Bir nöqtə qoymaq istəyirəm

bütün bitməmiş fikirlərə...

Özümə qarşı ədalətli olmaq istəyirəm ömrümdə bir kərə. 

Uzun sürən nə varsa, xəstəlikdir...

Onsuz da nə vaxtsa hər kəsin gözü bir nöqtəyə dikiləcək, 

bütün bitməmiş fikirlərə qoyduğu o nöqtəyə…

Ədalət məfhumundan söz düşüncə Vaqif Səmədoğlu ədalətsizlikdən gileyləndi:

–    Mən bir gün üfüq olmuşdum, duman çökdü dənizə...

Görünmədim.

Mən bir gün cığır olmuşdum, gedib-gələn olmadı, ot basdı üstümü... 

Görünmədim.

Mən bir gün təbəssüm olmuşdum, nə oldu bilmədim... 

Görünmədim.

Rəsul Rzanın:

–    Burda nitqim kəsildi,

Burda sözüm qurtardı deməyindən sonra Əli Kərim pıçıldadı:

–    Daha heç nə demirəm

Nöqtə… nöqtə və nötə…