27 Avqust 2025 12:41
91
SİYASƏT

”Hazırlıq işləri göstərir ki, “Ər-Riyad 2025” ən yaddaqalan idman tədbirlərindən biri olacaq” - FOTOLAR

2025-ci ildə keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili istiqamətində mühüm addımlar atılır. İSSA nəzdində yaradılmış Koordinasiya Komissiyasının sədri Könül Nurullayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirilib.

Səfərin ilk günündə Koordinasiya Komissiyasının üzvləri Yerli Təşkilat Komitəsinin sədri, Əlahəzrət Fəhd bin Calavi bin Əbdüləziz Əl Saud və komitə üzvləri ilə görüşüb. Görüşdə İSSA baş katibi Nasser Macali də iştirak edib. Tərəflər arasında əsas təşkilati məsələlər müzakirə olunub, Oyunlara hazırlıqla bağlı son yeniliklər və açıq qalan məsələlər ətrafında məhsuldar fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günündə Komissiya üzvləri atletlər kəndinə baş çəkərək idmançıların yaşayış şəraiti, obyektlər və təşkilati planlarla yaxından tanış olublar. Eyni zamanda, müxtəlif görüşlərdə iştirak edərək Oyunların yüksək səviyyədə keçirilməsi üçün əhəmiyyətli mövzular ətrafında müzakirələr aparılıb.
“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının rəmzi simvolu – maskot Finjaal da nümayəndə heyətinə təqdim olunub. Maskotun ideya yükü, daşıdığı dəyərlər və simvolik məzmunu barədə geniş məlumat verilib. Hazırlıq işləri göstərir ki, qarşıdakı Oyunlar ən yaddaqalan idman tədbirlərindən biri olacaq.
Koordinasiya Komissiyasının rəhbəri Könül Nurullayeva səfər çərçivəsində Səudiyyə Ərəbistanında fəaliyyət göstərən yerli və beynəlxalq telekanallara açıqlamalar verərək, “Ər-Riyad 2025” Oyunları ilə bağlı görülən işlər barədə məlumat təqdim edib: "Biz dünyanın aparıcı media qurumlarını “Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarını işıqlandırmağa dəvət edirik. Əminik ki, bu Oyunlar idman tədbiri olmaqla yanaşı, həm də həmrəyliyin, dostluğun və mədəni müxtəlifliyin təntənəsinə çevriləcək."