"Əlilliyi ləğv edilənlər iş tapmaqda çətinlik çəkirlər" - Deputat
"Bizə edilən müraciətlərin tərkibində əlilliyin ləğvi və məşğulluq məsələləridə olur. Bu səbəbdən Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinə mütamadi olaraq şifahi və yazılı müraciətlər etməli oluruq. Əlilliyi ləğv edilmiş insanlarla görüşlərimiz zamanı bir neçə məqam diqqətimi çəkir. Təkrar müayinələr zamanı həmin şəxslərlə ünsiyyət daha mehriban olarsa, insanlar özlərini rahat hiss edərlər, xəstəxanada müalicə müddətinin qısa olması səbəbindən təkrar müayinə lazım gəlir, bəzən bir neçə dəfə təkrar müalicə və müayinə tələb olunur. Bu da müəyyən dərəcədə həmin insanlarda narahatlıq yaradır. Bütün bu proseslərdə tibbi sənədlərin vahid elektron sistemdə toplanması bu işi asanlaşdıra bilər, əlillik ləğv edildikdən sonra insanlar işə düzəlməkdə çətinlik çəkirlər".
Adalet.az xəbər verir ki, bunu "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, əlilliyi ləğv edilən vətəndaş bir gün əvvəl dövlətin dəstəyi ilə yaşayırdı, bir gün sonra isə işsiz qala bilər: "İşəgötürənlər çox vaxt "ixtisasınız uyğun deyil" "sağlamlığınız buna imkan vermir" deyirlər. Nəticə etibarı ilə bu insanlar özlərinə qapanırlar. Bu vəziyyətdə özünüməşğulluq proqramı ən yaxşı çıxış yoludur. Uzun illərdir özünüməşğulluq proqramı uğurla icra edilir. Bu proqram insana öz işini qurmaq imkanı verir. O, sağlamlığına və bacarığına uyğun fəaliyyət seçir. Həm özünü təmin edir, həm də cəmiyyətə fayda verir. Dövlət üçün isə bu, uzunmüddətli qənaətdir. Çünki işləyən insan vergi ödəyir, sosial sığorta haqqı verir və özünə inamını qaytarır".


Bakı -°C

