adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Avqust 2022 15:11
668
ŞOU-BİZNES

Əli Mirəliyevdən Mədəniyyət Nazirliyinə İRAD: “Dövlət tədbirlərində fonoqram qadağan edilməlidir”

"Onlar müğənni yox, müğənniciklərdir. Bunların oxumaq üçün nə səsləri var, nə də avazları. Ona görə də onlar ölənə kimi fonoqramla toy tutacaqlar. Üzeyir Mehdizadələr, Damlalar heç vaxt canlı oxuya bilməzlər. Onların məşhurluğunun gücü və ciblərinin pulu da fonoqramın sıradan çıxdığı gün bitəcək".

Adalet.az xəbər verir ki, bu sözləri bizim.media-ya verdiyi açıqlamada müğənni Əli Mirəliyev deyib.

Müğənni söyləyib ki, toylarda və dövlət tədbirlərində canlı oxumaq üçün güclü səs və son model güclü texnika lazım olduğu üçün müğənnilərin çoxu bundan qaçır:

"Mən canlı toylara getdiyim vaxtlar qazandığımı demək olar ki, aparaturanın alınmasına və daşınmasına xərcləyirdim. Çünki keyfiyyətsiz aparatura bir anda ifaçının zəhmətini hədər edə bilər. Bunu da ancaq səsi, avazı və vicadanı olan ifaçılar edə bilər. Müğənninin tədbirə gedib orada oxunması da məhz bununla ölçülməlidir. "FİFA U-17" Qadınların Dünya Kuboku uğrunda 2012-ci il yarışlarının açılış mərasimində milyon müqabilində Bakıya Cennifer Lopez gəlmişdi. Mən əminəm ki, o məbləğin çox hissəsi onun aparaturasının daşınmasına getmişdi. Çünki o, əsl ulduzdur və stadionda kütlənin qabağında canlı oxumalı idi. O, ifasını əldəqayırma aparatura ilə edə bilməzdi və gəldiyi pulun müqabilində fanoqram oxumağı da özünə sığışdırmadı. Bunları etməklə bizim illərdir yerli ifaçılar tərəfindən fanoqramla aldadılan izləyicilərimizə də hörmət nümayiş etdirdi".

Əli Mirəliyevin sözlərinə görə özünə hörmət edən izləyici məclisinə gələn ifaçılardan canlı ifa tələb etməlidir:

"Toyunda iki saatlıq ifa üçün 15 min pul ödəyib əvəzində fanoqrama əl qaldırıb oynayan insan özünə və məclisinə hörmət qoymursa, Damla ona niyə hörmət qoymalıdır ki?

İfaçını səsinə görə dəvət edirlər ki, puluna minnət onun canlı ifasından zövq alsınlar. İndi camaatımız iki saatlıq Üzeyiri gətirir ki, onunla bir- iki şəkil çəkdirsin. Qonaqlar da desin ki, filankəsin qızının toyunda Damla oxudu. Halbuki toylarında heç 15 dəqiqə nə Damlanı, nə də Nuranı canlı eşidə bilmirlər.

"Ulduzlar" da bundan istifadə edərək səslərini internet və müasir səs artırıcıların gücü ilə artırıb mahnı yazdrırlar. Biraz hacıların hesabına o mahnının yaxşı reklamını aparır, sonra da toylarda, konsertlərdə fanoqramı qoşub yaxşı pullar qazanırlar. Halbuki Sovet vaxtı mənə, rəhmətlik Hüseynağa və Gülağaya toyda pulu canlı ifamıza görə verirdilər. Mən o zaman səs yazısıyla toya getsəydim, yəqin ki, məni o toyda döyüb qovardılar. Əsas məsələ o idi ki, məni toyuna dəvət edib pul ödəyən insanlar musiqi cəhətdən zövqlü idilər və əsl musiqinin nə demək olduğunu yaxşı anlayırdılar. Bunun müqabilində verdikləri hər qəpiyin haqqını tələb edərək toylarına dəvət etdikləri qonaqların da, musiqi zövqünü oxşamağa çalışırdılar".

Ölkəmizdə fonoqramın məşhurlaşmasında müğənni Əli Mirəliyev Mədəniyyət Nazirliyini də ittiham edib:

"Əgər ən azı dövlət tədbirlərində canlı ifa qayda kimi qoyulsa, müğənnilərdəki məsuliyyət hissi də artar. Mədəniyyət Nazirliyi də bu ifaçıların oxuya bilmədiyinin fərqindədir, amma buna baxmayaraq onlara "Əməkdar" və "Xalq artisti" adları verir. Belə sənətə dəxlisiz adamlara fəxri adların verilməsi isə sənətə qarşı hörmətsizlikdir.  Həmişə problemləri səsləndirdiyim üçün nazirlik mənim kimi vaxtilə Bakı toylarında, eləcə də səhnələrdə can qoymuş ifaçını görməzdən gəlir. Mədəniyyət Nazirliyi özünü elə aparır ki, guya məni tanımır".