adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 11:48
70
TEXNOLOGİYA
A- A+

"Dünya xeyli kiçilib və bir əlin içindəki mobil telefona yerləşib" 

"Dünya sürətlə dəyişir. Texnoloji yeniliklərdən, ümumi axından geri qalan ölkələri və xalqları ağır sınaqlar gözləyir. Dövlətlərin quru ərazisinin, su sahəsinin və ya ərazisinin,  hava məkanının pozulması həmişə beynəlxalq qanunların pozulması kimi qiymətləndirilib və müvafiq tədbirlər görülüb. İndi də belədir". 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bildirib ki, Radio və televiziyanın kəşfindən sonra dövlətlər “ideoloji mübarizə”, “psixoloji müharibə” zamanından başlayaraq özlərinin informasiya məkanının qorunması qayğısına qalırdılarsa, indi demək olar ki, o da arxada qalıb" 

"Artıq hər bir ailə evində rahat bir şəkildə, hətta maşınında hərəkət edərkən dünyanın müxtəlif ölkələrinin televiziya kanallarına baxa, radio proqramlarını dinləyə bilir və s.  Dünya xeyli kiçilib və bir əlin içindəki mobil telefona yerləşib. Bir neçə dəqiqə ərzində hər hansı bir şəxs haqqında məlumat toplanılır, uzaq bir məkanda yerləşən adamla səsli və görüntülü əlaqə qurulur. Gizli heç bir şey qalmayıb. Bütün bunlar inkişafın göstəriciləridir. Amma inkişaf özü ilə çoxlu təhlükəsizlik problemlərini də gətirib. 

İnkişaf açıqlığı, qarşılıqlı faydalı əməkdaşlığı, yeni texnologiyaların, rəqəmsallaşmanın, süni intellektin tətbiqini, çoxlu məsələləri özündə birləşdirən milli təhlükəsizliyin etibarlı qorunması isə qapalılığı və mühafizəkarlığı tələb edir. Rəqəmsal inkişaf və süni intellektin tətbiqi ilə artıq qapalılığa və mühafizəkarlığa da yer qalmayıb. Süni intellektin tətbiqi və rəqəmsal inkişaf yeni imkanlar yaratmaqla bərabər çoxlu problemlərin də həllini zəruri edir. İlk növbədə, informasiya təhlükəsizliyinin, kibertəhlükəsizliyin qorunması zərurəti ortaya çıxır.  İnkişafın və milli təhlükəsizliyin etibarlı qorunmasının qızıl ortağını tapıb özlərinin rəqəmsal suverenliyini təmin etməyən, kibertəhlükəsizliyini etibarlı qorumayan dövlətlər artıq “klassik” və  “yeni müstəmləkəçilik” deyil, hər bir informasiyası ortada, xüsusən maraqlı dövlətlərin əlində olan, müstəqillikləri və suverenlikləri tükdən və klaviaturanın bir düyməsindən asılı olan “rəqəmsal müstəmləkəçilik” altına düşəcəklər.

Zamanla ayaqlaşan, bir neçə il əvvəli görən, rəqəmsallaşmaya gedən, onu uğurla idarə edən, Milli Mərkəzini yaradaraq informasiya təhlükəsizliyini qoruyan, iqtisadiyyatı, təhsili və digər sahələri, vətəndaşı üçün rahat, etibarlı mühit, imkanlar yaradan dövlətlər rəqabətə tab gətirəcək və irəli gedəcəklər. Dünyada gedən sürətli dəyişiklikləri zamanında görərək strateji tədbirlər alan cənab Prezidentimiz İlham Əliyevin  sədrliyi ilə bu ilin fevral ayında keçirilən müşavirədə ölkəmizin rəqəmsal gələcəyini müəyyən edən vacib qərarlar qəbul olundu. Bu sahədə dövlətimizin vahid və əlaqələndirilmiş siyasətini həyata keçirmək məqsədilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı. Cənab Prezidentimiz konkret fəaliyyət planını təsdiq etdi. Dörd başlıca tərkib hissəsi – rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin (yeni ideyaların, texnologiyaların, bizneslərin yaranmasını, inkişafını və bazara çıxmasını təşviq edən mühitin inkişafı) və kibertəhlükəsizlik olan planın başlıca məqsədi dövlət idarəetməsinin  çevikliyinin təmin etmək və ümumi daxili məhsulda iqtisadiyyatın rəqəmsal bölməsinin çəkisini artırmaqdır. Onları həyata keçirmək üçün infrastruktur qurulur, ciddi tənzimləmə aparılır və insan kapitalı yaradılır. İdarəetmə istiqamətləri də müəyyənləşdirilib.

Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası həmin vəzifələrin yerinə yetirilməsi baxımından əhəmiyyətli oldu. İclasda fəaliyyət planının vəziyyəti, qanunvericilik islahatları, təhsilin rəqəmsallaşdırılması və s. müzakirə edildi. Görülən bütün tədbirlərdə başlıca məqsəd dövlətimizin kibertəhlükəsizliyini etibarlı qorumaq, dövlət xidmətlərini vətəndaşa daha da yaxınlaşdırmaq, vətəndaş–məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını, vətəndaş məmnunluğunu  təmin etmək və bürokratik əngəllər aradan qaldırmaqdır. 
Ölkəmizdə atılan hər bir addım dövlətimizin inkişafına, daha da qüdrətli olmasına, milli təhlükəsizliyimizin etibarlı qorunmasına və vətəndaş rifahının, rahatlığının təmin edilməsinə yönəlib. Yalnız güclü dövlət vətəndaşın təhlükəsizliyini və rifahını təmin edə bilər. Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən iclas da həmin məqsədi güdürdü". 

Vasif ƏLİHÜSEYN