DÜŞÜNDÜRƏN VƏ GÜLDÜRƏN XEYRƏDDİN QOCA - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
592 | 2025-07-19 12:00

Bəri başdan deyim ki, Azərbaycanın, eləcə də mənim əminliklə bildiyim kimi, Türkiyənin də söz məkanında, mətbuat aləmində onun özünü və imzasını tanımayan yəqin ki, yoxdur. Bu məqamın üzərində ona görə dayanıb fikirlərimi bölüşməyə başlayıram ki, oxucumla mənim aramda olan isti münasibətin həm hərarəti, həm də səmimiyyəti bir az da artsın. Bunun da belə olacağına əminəm. Çünki söhbət, daha doğrusu, söhbətimin  mövzusu Xeyrəddin Qocadır. Hamımızın tanıdığı, yazılarının dadına-duzuna, şəkərinə-balına bələd olduğumuz Xeyrəddin Qoca.

Təqribən 2 ay bundan öncə ustad yazıçı-publisistimiz, dəyərli yazarımız mənə bir kitab hədiyyə etdi. Kitabı alarkən üz qabığında müəllif imzası görmədim, bir anlıq nəşriyyat xətası olduğunu düşündüm. Lakin elə ustadın yanında kitabı vərəqləyərkən anladım ki, tələsik qərar vermişəm. Çünki bu kitab təkcə Xeyrəddin Qocanın deyil, onu oxuyan, onunla həmsöhbət olan, onun barəsində fikir bildirən hər bir söz adamının kitabıdır. Sadəcə dəyərlimiz Selcan Muradzadə kitaba maraqlı bir ad seçib:

-“Molla Nəsrəddin yolu” adlanır bu kitab. Kitaba yazılmış annotasiyadan məlum olur ki, burada mənimçün həqiqətən dəyərli olan Xeyrəddin Qoca haqqında onun öncə işıq üzü görən kitablarında dərc olunmamış mətbu yazılar toplanıb. Həmçinin ustad barəsində müxtəlif titullu və imzası tanınan söz adamlarının 70 və 75 illik yubiley tədbirləri ilə bağlı fikirləri də yer alıb. (Yeri gəlmişkən  qeyd edim ki, həmin şanslı və lap dəqiq desəm xoşbəxt müəlliflərdən biri də mənəm ki, “Öz yeri olan adam” adlı məqaləm bu kitabda çap olunub).

Bəli, kitabın adı kimi, özündə topladığı məqalələr, eləcə də Xeyrəddin müəllimin özünün hekayələri, pyesləri və eşitdiklərindən ibarət olan bir-birindən maraqlı bədii nümunələr də yer alıb. Mən AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin kitabda yer alan yazısında xüsusi vurğuladığı bir fikri məmnunluq hissi ilə qəbul edirəm. İsa müəllim vurğulayır ki, “Xeyrəddin Qoca, hər şeydən əvvəl, tanınmış qəzetçi, publisistdir”. Elə Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində qarşılaşdığım bu fikrin işığında bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Təəssüf hissi ilə bildirirəm ki, bu gün yazılı mətbuat da, onun sayılıb-seçilən, ömrünü qəzetə həsr edən insanları da arxa planda qalır. Ya unudulur, ya da laqeydliyin, biganəliyin burulğanında günlərini keçirirlər. Yaxşı ki, ustadımız  Xeyrəddin Qoca öz qələmi ilə, öz sözü ilə, öz müsahibələri ilə birmənalı olaraq vurğulayır ki, “Ən yaxşısı ölmək...” olsa da amma yazılan söz qalır. Bunu özünü bütün yaradıcılıq boyu sübut etmiş Xeyrəddin Qoca kitabdakı kiçik həcmli hekayələrinin hər birində sözü göylərə qaldırır. Yazılı mətbuatı, nəsri, poeziyanı, dramaturgiyanı, bir sözlə, qələm məhsullarını elə sözün abidəsi kimi də ucaldır.

Bu kitabda toplanan materialların hər birində həyata ironiya, çevrəmizdəki müəyyən hadisələrə satirik baxış və bir də için-için gülmək gördüm. Elə o gülüşün bir ipucu da mənə yazıçı dostum Kamran Nəzirlidən gəldi. Çünki Kamran qardaşım Xeyrəddin müəllimə yazdığı kiçik bir məqalədə birbaşa deyib:

  • Allah səni güldürsün, Xeyrəddin!

Bəli, artıq mənə hədiyyə olunmuş bu  kitabla isti bir təmasım yaranıb. Gülmək istəyəndə və yaxud ətrafdakı sıxıntıdan özümü kənarlaşdırmaq niyyətində olanda əlimi bu kitaba uzadıram. Və “Molla Nəsrəddin yolu” ilə qaytarıram bu həyata özümü. Kitaba görə sonsuz təşəkkürlər, ustad! Sizə can sağlığı və ürəyinizcə olan illər, yaradıcılıq uğurları diləyirəm.

TƏQVİM / ARXİV