adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

DÖZüM MƏQAMI

ƏBÜLFƏT MƏDƏTOĞLU
37724 | 2010-02-20 02:06
Hardasa uzaqlarda... Lap uzaqlardan da uzaqlarda bir şam yanır. Güclə görünür yanmağı. İynə ucundan da kiçikdi işartısı, amma yanır. Deməli, xalq şairimiz Bəxtiyar Vahabzadə demiş, yaşayır o şam. Xatırlayırsınızsa o misra belədir:
   
   
   
   Şam əgər yanmırsa, yaşamır demək.
   
   Onun da mənası yanmağındadı.
   
   
   
   Bəli, lap o uzaqlarda yanan şamın yandığını çox az adam görür. İndi daha çox görmək istəyənlər görürlər. İstəməyənlər üçün ovcunun içində yanan tonqal da görünməzdi. Və bu görməməzlik xislətdən, əqidədən gələn bir şeydi. İçində işıq olan, həyatı, amalı, əqidəsi işıq olan iynə ucundan da kiçik olan işığı min klometrlik məsafələrdən də görə bilir. Çünki, işığın işığı çəkməsi, öz aurasına, öz əhatəsinə almaq gücü var. Xoşbəxt o kəsdi ki, içində işıq yanır, ürəyi ilə dilinin arasında bir işıq körpüsü var, hər şey görünür, xidməti də, xisləti də...
   
   Mən bu yaşa qədər özümə, dünyagörüşümə görə xeyli işıqlı insanlarla təmasda olmuşam, bir çoxlarını yaxından tanımışam və hər dəfə də bu adamları görəndə, onlarla təmas quranda ağlımdan gəlib keçən o olub ki, kaş onların işığından, onların ziyasından bir damcı da mənə pay düşsün. Axı həyatı daha yaxından görüb, daha yaxından bilib tanımaq üçün mütləq işığa güvənmək lazımdı. O işığa ki, o səni qaranlıqlardan keçirib aparır. Təəssüf ki, bu gün məmləkətin işıq problemi yetərincədi və bu problemlərin içərisində işıqlı adamların yeri daha çox görünür. Düşünürəm ki, işıqlı adamların çoxluğu ölkənin işıq problemini də çözməyə, onun müasir dünyanın imkan verdiyi səviyyədə ortaya qoymağa şərait yaradardı. Elmli, vətənsevər, geniş ürəkli və bütövlükdə aydın insanlar özlərindən daha çox millətini, cəmiyyətini düşünüblər. Bu da imkan verib ki, onların əməli öz təsdiqini tapsın, öz işığını artırsın. Bax, bu mənada mənim uzaqdan gördüyüm həmin o iynə ucundan da kiçik şam işığı bir gerçəklikdi, bir inanc yeridi.
   
   Mən lap uzaqdan görünən bu şam işığımı işıqlı adamların ürəyi ilə eyiniləşdirirəm. Elə bilirəm ki, o Nəsiminin, Füzulinin, Sabirin, Mirzə Cəlilin, Üzeyir bəyin, Səməd Vurğunun, Xudu Məmmədovun, Məmməd Arazın, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin, Cabir Novruzun, Nəbi Xəzrinin, Davud Nəsirin, Famil Mehdinin, Bəxtiyar Vahabzadənin və daha neçə-neçə insanın közərən ruhudu. O ruh ki, həmişə millətinin, xalqının, məmləkətinin pərvanəsidi. Təəssüf ki, hərdən bu mənə son ümidi də, son işartını da, son vərəqi də, son gülləni də xatırladır. Elə bilirəm ki, o işıq sonuncudu. Sönsə hər şey baş-ayaq düşəcək və faciələrin sırası başlayacaq. Axı, sevinclə kədər, uğurla məğlubiyyət, işıqla qaranlıq, həsrətlə vüsal həmişə yanaşı addımlayır.
   
   
   
   son vərəq...
   
   son ümid...
   
   sonuncu güllə-
   
   son sözü yazmaq,
   
   son ümidi qırmaq
   
   elə,
   
   sonuncu gülləni çaxmaqdı...
   
   son vərəq
   
   son ümidi göyərdər
   
   son ümid
   
   sonuncu gülləni
   
   nişangaha yönəldər...
   
   son güllə
   
   son ümidi öldürər
   
   son ümidlə
   
   sonuncu vərəq
   
   yazılar və
   
   sözlər qarışıq
   
   külə dönər...
   
   son ümid göyərsə
   
   son güllə atılmaz
   
   son vərəqə
   
   "hər şey qurtardı"
   
   yazılmaz...
   
   son ümid...
   
   son vərəq...
   
   sonuncu güllə-
   
   bunlar
   
   yol gedirlər
   
   ayrılıqda,
   
   həm də yanaşı bir-biriylə...
   
   
   
   ***
   
   İnsan dözümü ilə, dəyanəti ilə həmişə digər canlılardan fərqlənir. Mən hələ şüur məsələsini, düşüncəni bir kənara atıram. Sadəcə dözümdən yapışıram və özümü, ailəmin, yaxınlarımın, el-obamın timsalında dözümün nə olduğunu yüzə-yüz qəbul edib, hər kəsə də sübut etməyə hazıram. Bu həyat dərsidi. Bu dərsdən də ancaq insan imtahan verir. Bildiyimiz kimi, imtahanın özü də elə dözüm tələb edir. İndi görün, insan deyilən varlıq nə qədər dözümlüdü...
   
   Həyatını, ömrünü-gününü özül qazmağa, ev tikməyə, evin içərisini qurmağa, çəpər çəkməyə, quyu qazmağa, ağac əkməyə sərf edən insan...
   
   Həyatını oxumağa, öyrənməyə, öyrətməyə, görüb-götürməyə sərf edən insan...
   
   Həyatını yaşamaq uğrunda mübarizəyə , yaşatmaq uğrunda mücadiləyə sərf edən insan...
   
   Həyatını qorumağa, qorunmağa, xilas olmağa, xilas etməyə sərf edən insan...
   
   Bəli, yuxarıda barəsində ayrı-ayrı abzaslarda vurğuladığım insan əslində elə mənim bir nümayəndəsi olduğum Azərbaycan insanıdı. Təsəvvür edin ki, gözünü açıb doğma ocaq görüb və başlayıb o ocağın qorunu, közünü qorumağa, onu tonqala çevirməyə. Başlayıb ev qurmağa, ev-eşik sahibi olmağa, təsərrüfat sahibi olmağa, evi üçün, eli üçün, məmləkəti üçün yaşayıb-yaratmağa. Bax, belə bir məqamda illərə həsr olunmuş ömür bəhrələri bir göz qırpımında əlindən zorla alınır. Yatacağından tutmuş oturacağına qədər. Geyimindən tutmuş oxuyacağına qədər nə varsa, hamısı düşmən qisməti olur. Və sən ömür boyu dərzi əlində tikişçi olan iynə kimi lüt qalırsan. İndi hünərin var, döz!
   
   İtirdiklərinə, əlindən alınanlara, canından qoparılanlara döz görüm, necə dözürsən?! Bax, mənim də aid olduğum Azərbaycan insanı bütün bunlara dözür. Özü də bir gün yox, iki gün yox. Artıq iyirmi ili keçibdi bu dözümün yaşı. Deməli, dünyanın bütün canlılarından dözümlü olan insanların timsalında mənim dediklərimi göz önünə gətirsəniz, siz də yaşasanız, siz də görəcəksiniz ki, həqiqətən insan nə qədər dözümlüdü. Mən hələ övlad, valideyn, istəkli itkilərini demirəm. Bünlar ümumiyyətlə toplum halında da, tək-tək də ürək patlada biləcək gücə malikdi. Amma biz ürəyimizi daşa döndərib dözürük. Çünki, uzaqda bir şam yanır, ümid şamı. Biz onun tonqal olacağına inanırıq.
   
   
   
   İndi gözlərimin sahibi həsrət,
   
   Nə qədər qaçsam da bəllidi, qismət.
   
   Mən dəvə dözümlü, mən mələk xislət,
   
   Dözüb ərinmirəm çəkdiklərimdən.
   
   
   
   Qalıb qəm əlində - didilir yaxam,
   
   Qoymur üz çevirib bir səmtə baxam.
   
   İlahi, mən axı nə boyda dağam,
   
   Dözüb ərinmirəm çəkdikəlrimdən.
   
   
   
   Qızınan göz yumur halal istimə,
   
   Kədər qəhqəh çəkib gülür üstümə,
   
   Haqlı da, haqsız da gəlir üstümə.
   
   Dözüb ərinmirəm çəkdiklərimdən.
   
   
   
   Sonunu öncədən görən kimiyəm,
   
   Özü öz torunu hörən kimiyəm.
   
   Mən polad əridən kürə kimiyəm,
   
   Dözüb ərinmirəm çəkdiklərimdən.
   
   
   
   ***
   
   Yaxın günlərin söhbətidi. Xocalıdan olan doğmalarımla bir məclisə yığılmışdıq. Yenə söz sözü çəkmişdi, yenə söhbət əsirlikdə olan xalaoğludan düşmüşdü... Yenə ailəmizin bu şəhərdə itirdiyi 17 nəfər doğmamızın adları anıldı, elə hər biri ilə də bağlı neçə-neçə xatirə danışıldı. Axırda məclisdəki ağsaqqallardan biri mövzunu dəyişməyə məcbur oldu. Bax, onda hiss etdim ki, bizim dözümümüz həmin ana kimi imiş. Biz həmin ana qədər Tuğdan, Xocalıdan danışdıq, xoş günlərimizi, qayğılı anlarımızı xatırladıq, kimin toyunun nə vaxt çalındığını, kimin dünyanı nə vaxt tərk etdiyini dilə gətirdik və...
   
   Və biz nəhayət Xocalı faciəsinə gəlib çatdıq, Tuğun işğalından keçdik. Orda qanına qəltan olan insanları adbaad dilə gətirdik. Danışdıqca hər kəsin az qala havalandığını, gözlərinin az qala yerindən çıxacağını aydınca duyurdum, görürdüm və hiss edirdim ki, hamı bir barıt çəlləyi timsalında dindi. Partlamağa, özü ilə birlikdə məclisləri partlatmağa hazırdı. Bu yerdə məlum təriqətlərdən biri yadıma düşdü. Odun, közün üstündə oynayanlar gözümün önünə gəldi və inandım. İnandım ki, insan havalana bilər, insan dözümün son anında partlaya bilər. Əgər üstünə su çiləyib, səbrini cilovlamağa təşəbbüs göstərən olmasa.
   
   Bizim məclisdə də qardaş üçün göynəyən bacının bayıldığını görən ağsaqqal mövzunu dəyişdi, çəkib onu siyasətə caladı. Danışıqlardan, gedən proseslərdən söz saldı. Məni də danışmağa məcbur etdi. Qəzetlərdə, İnternet saytlarında oxuduqlarımdan deməyə vadar etdi. Beləcə mövzu dəyişdi. Dözümsüzlük dözümə güc gələ bilmədi. Amma onu demək istəyirdim ki, bütün Azərbaycan dözümsüz olsun, partlasın, hamı bir araya gəlsin, səfərbər olsun, qalxsın ayağa, üz tutsun əlimizdən alınanların geri qaytarılması üçün bizi gözləyən yerlərə...
   
   Hə, əvvəldə də dedim, sözümün ortasında da, axırda da gəlib çıxdım həmin mətləbin üstünə. Lap uzaqda yanan şam... dözümlü insan və nəhayət, bizi gözləyən həmin o itirdiklərimiz... Bütün bunlar əslində hər kəsə bəlli, hər kəsə məlum həqiqətdi. Amma nə qədər bəlli olur olsun, xatırlatmaq, təkrar etmək lazımdı. Yoxsa özümüz özümüzü unutduğumuz kimi keçmişimizi də unutmağa meylliyik. Nə isə...
   
   
   
   qaldım yenə qollarım
   
   bir-birinə calaqlı.
   
   mən bir dam ümidliyəm-
   
   dərdimsə qırx otaqlı.
   
   
   
   bala qatdım bal acı
   
   yoxdu bunun əlacı
   
   könlümün ehtiyacı
   
   olub qəmə adaxlı...
   
   
   
   qanım Məcnun qanıdı,
   
   axan kimi tanıdı.
   
   gəl bu qoca palıdı-
   
   yandır qolu-budaqlı.
   
   
   
   ... Hə, çalışaq lap uzaqda yanan şamın işığını sönməyə qoymayaq... çalışaq o işığı alova, tonaqala çevirək...çalışaq itirdiklərimizi, əlimizdən alınanları geri qaytarmaq üçün dözümsüz olaq, necə deyərlər, havalanaq - üzü Qarabağa tərəf!..
   
   
   
   P.S. Bu yazı Vahid Əlifoğlunun ölümündən əvvəl yazılıb.

TƏQVİM / ARXİV