adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2025 09:00
71
LAYİHƏ
A- A+

DAŞBULAQ VƏ BADARA CAMAATI DOĞMA YURDA QAYITDI

Deyirlər ki, köhnə yurdun qədrini  təzə yurdda bilirlər. Bu mənada yurda dönmək, ocağa qayıtmaq özü də Allahın insanlara bəxş etdiyi gözəl bir xoşbəxtlikdir. Özü də bu xoşbəxtliyi insanlar  beş il, on il deyil, düz otuz ildən çox gözləyiblər. Onun üçün  insanda öncə böyük səbr, vətən sevgisi və sabaha olan ümid lazımdır. Heç bir insan ümidsiz yaşaya bilməz. Ac qalmaq olar,  susuz qalmaq olar, amma ümidsiz qalmaq insanın diri-diri ölməsi deməkdir. Bunu da ən çox çətin  vəziyyətdə  və çətin durumda olan, yurd-yuvası yağmalanmış insanlar hiss edə bilərlər. Onlar hiss edə bilərlər ki, dərd nədir, kədər nədir, vətənsiz olmaq insanı hansı vəziyyətə gətirib çıxarır.

Bax, beləcə dözümlü insanlar, səbrli adamlar gec-tez öz vətənlərinə qovuşa bilirlər. Xocalılıların başına  açılmayan oyun, baş verməyən faciə qalmayıb. Yəni daşürəkli erməni faşistləri Xocalını işğal edəndə  onun daşını daş üstə qoymadılar. İnsanları, qocaları, qadınları, uşaqları, hətta xəstə adamları belə  erməni cəlladları gülləbaran etdilər, qətlə yetirdilər. Bununla da onların kini-küdurəti soyumadı. Qətlə yetirilmiş  yaşlı insanların, qadınların və uşaqların  dərisini soydular, gözlərini  çıxartdılar. Biz bu səhnələri məşhur jurnalist rəhmətlik Çingiz Mustafayevin Xocalıda çəkdiyi və dünyaya yaydığı  kadrlardan görmüşük. Görmüşük ki, o, hönkürə-hönkürə ağlayır və ölmüş uşağı qucağına alıb  aparan əsgərimizə deyir ki, onun başını qaldır,  qoy dünya görsün ki, ermənilər  hansı vəhşiliyi törədib.

Bu dərdin, kədərin hamısını xocalılılar yaşayıblar. Amma bu gün isə onların həyatına, ömrünə günəş doğub. Və o günəş onların  30 illik don vurmuş duyğularını, hisslərini və istəklərini oyadır.  Heç şübhəsiz, xocalılılar Vətənə qayıdanda ilk növbədə qətlə yetirilmiş doğmalarını, əzizlərini xatırlayırlar. Bir anlıq da olsa o ağır günləri, ağır anları gözlərinin önünə gətirirlər. Xocalının Daşbulaq və Badara kəndlərinə ilk köç bir neçə ay bundan əvvəl olub. Həmin günlərdə Daşbulaq kəndini 91  nəfərdən ibarət 21 ailə, Badara  kəndinə isə 117 nəfərdən ibarət 31 ailə köçürülüb. Təbii ki, onların hansı hisslər, hansı sevinclər keçirdiyini çoxları yaxşı hiss edir. Amma görünən odur ki, bu insanlar çox möhkəm iradəli, dözümlü adamlar olublar. Çünki onlar inanıblar ki, nə vaxtsa onların həyatında günəş yenidən doğacaq, onlar yenidən doğma yurda, doğma ocağa dönəcəklər. Bax, bu  istək və sevgi də onları daim yaşadıb və ruhlandırıb.

Noyabrın 13-də isə Xocalının Daşbulaq və Badara kəndlərinə ikinci köç baş tutub. Həmin insanların çöhrəsində  təbəssüm, ürəklərində böyük sevgi hiss olunur. Daşbulağa 50 nəfərdən ibarət 15 ailə köçürülüb. Onlardan biri ilə - Nadir Namazovun ailə üzvləri ilə tanış oluruq. Nadir qardaşımız deyir ki, biz hər axşam yatanda dua edirdik ki, Allah-Təala bizə Vətənə dönməyi qismət eləsin. Yuxularımızda o qədər kəndimizi görmüşük ki. Hər dəfə  yuxularımda kəndimizi görəndən sonra hönkür-hönkür ağlayardım. Deyirdim görəsən, ilahi, mən və ailəm Daşbulağa qayıda biləcəyikmi? Amma Allah arzumuzu eşitdi  və bizi Vətənə  döndərdi. Bizi Vətənə döndərən həm də Ali Baş Komandan, prezident  İlham Əliyev və Azərbaycan əsgəri oldu. Elə hər gün də onlara dua edirəm. Şəhidlərimizə dua edirəm, qazilərimizə dua edirəm. 

Bizə üçotaqlı mənzil verilib, hər cür şəraitimiz var. İnanın, birinci axşamı yeni mənzilimizdə elə rahat yatdıq ki, heç otuz ildə bir dəfə olsa belə xoşbəxt gecə yaşamamışdıq. Əlbəttə, gərək sənə verilən  dəyəri, diqqəti də qiymətləndirməyi bacarasan. Dövlətimiz və hökumətimiz çox sağ olsun ki, bizim kənddə onlarla ailəni doğma kəndə köçürüb. İndi biz rahat nəfəs alırıq. Çünki yaşadığımız Daşbulaq kəndində hər cür infrastruktur inşa edilib. Yollar, işıq, qaz, su xətti və sosial obyektlər. Bütün bunlar bizim kənddə daha rahat yaşamağımıza kömək edir. Üstəlik də  söz veriblər ki, məni və ailəmin bir üzvünü  işlə təmin edəcəklər.  Adamın işi olandan sonra təbii ki, dolanışığı da normaldır. Əlbəttə, öz kəndimiz, öz evimiz dünyanın ən gözəl yeridir. 
Onun oğlu  Natiq də söhbətə qoşulur. Deyir ki, atam həmişə bizə  təsəlli verirdi ki, səbrli olun, Allahın köməkliyi ilə vaxt gələcək kəndimizə qayıdacağıq. Onun Ulu Öndər Heydər Əliyevə və prezident İlham Əliyevə çox böyük inamı vardı. Deyirdi ki,  Ümummilli Lider Heydər Əliyev biz qaçqınlarla görüşəndə bildirirdi ki, gec-tez öz yurdunuza qayıdacaqsınız. Bu sözləri prezident İlham Əliyev də dəfələrlə səsləndirmişdi. İndi şükür Allaha, ailəmiz öz doğma Daşbulaq kəndindədir. Buranın havası da, suyu da çox gözəldir. Tək mənim deyil, kənd camaatının hamısı yaradılmış şəraitdən razılıq edir. Bütün bunlar onu göstərir ki, hələ bizim xoşbəxt və yaxşı günlərimiz qabaqdadır.

Badara kəndinin sakini Nəzirə Məmmədova da  sevincini gizlədə bilmir. O da kəndə qayıdan  15 ailə üzvündən biridir. Nəzirə  xanım deyir ki, düzdür, bizim kəndi ermənilər od vurub yandırdılar, daşı daş üstə qalmadı. Amma yeni tikilmiş Badara da heç də əvvəlki kəndimizdən geri qalmır. Əksinə, burda bizim hərtərəfli yaşamağımız və işləməyimiz üçün gözəl şərait yaradılıb. İki, üç, dördotaqlı mənzillər inşa edilib.  Bax, bundan gözəl nə ola bilər? 
Əlbəttə, günəş o yerdə isti və hərarətli olur ki, orda Vətən olur. Qərib ölkədə günəş çıxsa da, kefin ala buluddan nəm alsa da yenə rahatlığın olmur. Amma kasıb ol, dilənçi ol, heç nəyin olmasın, Vətənin olsun, ocağın olsun, yurdun olsun. Adamın Vətəni, ocağı, yurdu olanda özünü daha rahat və xoşbəxt hiss edir. Bax, Xocalının  Daşbulaq və Badara kəndlərinə ikinci dəfə köçən insanlar özlərini çox rahat və xoşbəxt hiss edirlər. Allah sizin ocağınızı bundan sonra da isti eləsin, ruziniz bol olsun, həyatınız şən keçsin. Həmişə doğma ocaqda, Daşbulaq və Badara camaatı!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.