adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 13:02
137
ƏDƏBİYYAT
A- A+

Bu son nəfəs, bu son pərdə - Adilə Nəzər yazır

Bu son nəfəs, bu son pərdə,

Nə göydəyəm, nə də yerdə…

Günəş doğur,

Yenə dərdim

İşıqlı sabah dərdidir.

Dərd dənləyən quşlar kimi,

Qırxlar kimi, üçlər kimi...

Ruhum kəsir…

Neştər kimi -

Köksümdəki ah dərdidir.

Bir ağrıyam...

Can ağrısı,

Ya ruhun üsyan ağrısı?

Bu, məsum hicran ağrısı,

Bu, məsum günah dərdidir.

Ya gün dərdi, ya an dərdi -

Tapılmaz ki, yozan dərdi...

Sənin dərdin azan dərdi,

Mənimki Allah dərdidir.

Elçin Mirzəbəyli

9 aprel 2021-ci il

***

Elçin Mirzəbəyli gələcəyə ötürülən bu dörd bəndlik şeirdə insan ruhunun mənşəyinə — ilahi xilqətə olan həsrətini klassik irfan fəlsəfəsinin və təsəvvüf mistikasının incəlikləri ilə yenidən nəfəsləndirir. Şeir bəşəri sızıltılardan uzaqlaşıb, ruhun varlıq aləmindəki qəribliyini, "əstəğfirullah" və "hüvə" arasında sıxışan kamil insanın mənəvi dramını hikmət dili ilə ifadə edir.

​Bu son nəfəs, bu son pərdə,

Nə göydəyəm, nə də yerdə…

Günəş doğur,

Yenə dərdim

İşıqlı sabah dərdidir.

​İlk bənddə salik (mənəvi yolçu) varlığın Bərzəx — yəni maddiyyat ilə ruhaniyyət, yer ilə göy arasında dayanan keçid məqamındadır. "Son pərdə" ifadəsi irfanda Allahdan başqa hər şeydən təcrid olunmağını və həqiqət pərdəsinin qalxmaq üzrə olduğunu müjdələyir. Şair nə tamamilə torpağa— maddəyə bağlıdır, nə də hələ tam olaraq ilahi aləmə qovuşub. Günəşin doğması burada yeni bir günün başlanğıcı deyil, Nuri-İlahinin təcəllisi, ruhi oyanışdır. Buradakı "işıqlı sabah dərdidir" misrası isə fənadan - yoxluqdan sonra bəqa — Haqq ilə var olmaq məqamına çatmaq, kamillik səfərinə çıxmaq arzusudur.

​Dərd dənləyən quşlar kimi,

Qırxlar kimi, üçlər kimi...

Ruhum kəsir…

Neştər kimi -

Köksümdəki ah dərdidir.

Bu bənd şeirin irfani mərkəzidir. Dərdi dənləyən quşlar — məşəqqəti, kədəri ilahi bir qida kimi qəbul edən, dərddən şikayət etməyib onu nemət bilən haqq aşiqləridir. "Üçlər" (Haqq-Məhəmməd-Əli nuru) və "Qırxlar" — təsəvvüf mərtəbələrində kainatın mənəvi nizamını elmi-qeyb ilə idarə edən, nəfsini tamamilə əridib "fənafillah" dərəcəsinə çatmış övliyalardır. Şair öz ruhunu bu müqəddəs məclisin yükü ilə eyniləşdirir. Ruhun köksdə bir neştər kimi kəsməsi, sufizmdəki "çilə" və "təzkiyyə" — nəfsin təmizlənməsi prosesidir, yəni bu ah fərdi bir qəmdən doğmur, kainatın ağırlığını və haqq məsuliyyətini daşıyan ilahi bəndənin daxili alovudur.

​

​Bir ağrıyam...

Can ağrısı,

Ya ruhun üsyan ağrısı?

Bu, məsum hicran ağrısı,

Bu, məsum günah dərdidir.

​Üçüncü bənddə fəlsəfi sual-cavab vasitəsilə bədən (burada: can) ilə ruhun qarşıdurması sərgilənir. Can ağrısı fani bədənin ağrısıdırsa, ruhun üsyanı onun ilahi vətənindən — Ələst aləmindəki əhdindən uzaq düşməsinə göstərdiyi müqavimətdir. İrfanda insan ruhunun bu dünyadakı varlığı bir növdən "məsum hicran"dır, çünki ruh Yaradandan ayrı düşmüşdür. "Məsum günah" anlayışı isə Həzrəti Adəmin cənnətdən çıxarılaraq yer üzünə endirilməsinə, insanın var olmaqla daşıdığı o ilk ilahi qədərə işarə edir. Bu günah üsyan deyil, fərqindəlikdən doğan irfani bir boyunəymədir.

​Ya gün dərdi, ya an dərdi -

Tapılmaz ki, yozan dərdi...

Sənin dərdin azan dərdi,

Mənimki Allah dərdidir.

Yekun bənd şeirin mənəvi zirvəsidir. Şair cahanın ötəri qayğılarını — "gün dərdi, an dərdi" adlandıraraq onları keçici hesab edir. Şeirdəki "azan dərdi" isə heyrətamiz bir ikili mənaya söykənir: bir tərəfdən insanı bətnə deyil, zühura — yalnız ibadət çağırışına, zahiri formaya bağlayan "əzan" dərdisə, digər tərəfdən insanı mənəvi həqiqətdən uzaqlaşdıran "yolunu azmış" bəşəri illüziyadır. Muhatab hələ ibadətə çağırışın, formanın davasını etdiyi halda, şairin sahibləndiyi "Allah dərdidir" ifadəsi Hallac Mənsur, Nəsimi və Füzuli xəttindən gələn böyük eşq anlayışıdır. Bu dərd dildəki çağırışla kifayətlənməyən, insanı saflaşdıraraq Haqqın Özünə qovuşduran və kamil insan dərəcəsinə qaldıran ən ali nemətdir.

​Elçin Mirzəbəyli bu şeirdə (mən buna böyük bir əsər deyərdim) sözü poetik bir zikrə çevirir. Şeir bəşəri kədərdən ilahi eşqə doğru uzanan mənəvi bir meracdır. Şair oxucunu maddiyyatın boğucu mühitindən çıxararaq, Qırxların və Üçlərin mənəvi iqliminə, insanın öz ilahi kökü ilə baş-başa qaldığı sükut və irfan məqamına dəvət edir.

İşıqla zülmətin, ruhi üsyanla məsumluğun kəsişməsində dözülməz bir neştər kimi köksü yaralayan bu şeir məni çox dərin bir sükutla üz-üzə qoydu.

İllüziyalardan arınmış, varlığın tərtəmiz, amma ən ağrılı qatına enmisiniz, hörmətli Elçin müəllim. Hərdən mətbuat dilini buraxın, oxucularınızı bu cür ilahi sükutun, ruhi saflaşmanın və irfani sözün işığına qərq edin. Çünki ruhumuzun bu cür "Allah dərdi" ilə dənlənməyə, fani cahanın toz-torpağından arınıb mənəvi həqiqətlə bəslənməyə böyük ehtiyacı var.

18.10.2026