adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 09:48
48
ƏDƏBİYYAT
A- A+

Gözümü əmanət etdiyim həkimə minnətdarlıq məktubu

Daha ömrün payızını yaşadığım bir vaxtda, gözlərimin işığının yavaş-yavaş azaldığını hiss edirdim..Vənəhayət sağ gözümün görmə qabiliyyəti tam zəiflədi. Əməliyyat olunması məsləhət bilindi. Bakı şəhərindəki "Yeni Klinika" xəstəxanasına müraciət etməli oldum. Uzman Cərrah-Oftalmoloq dr. Günel xanım Musayeva dadıma yetdi: gözümü cərrahi əməliyyat etdi. Çox səmimi, bacarıqlı doktor kimi gözümün işığını özünə qaytardı.

Günel xanım mənim müəllim, şair, publisist olduğumu öyrənmişdi. Mən dərin minnətdarlığımı bildirdim və ona "Gözümü əmanət etmişəm həkim" adlışeirimi ithaf etdim. Günel xanımın öz təşəbbüsü ilə çəkdiyi fotomuzun altında yazmışdı:

– Mənə amanət edilən hər gözə öz gözüm kimi məsuliyyətlə yanaşıram. Amma bir şairin gözünü əməliyyat edərkən qat-qat artıq məsuliyyət hiss etdim. Gözlərinizə verdiyim işığınmənə şeir olaraq dönməsi çox xoş oldu, şair. Həmişə işıqlıqda.

Günel həkimin bu xoş sözləri mənə qarşı ən böyük hədiyyə idi. "Yeni Klinika" xəstəxanasının rəhbərliyinə və dr. Günel xanım Musayevaya öz təşəkkürümü bildirirəm. Buyurun, şeiri oxuyun.

 

ƏMANƏT ETMİŞƏM

 

Doktor Günel xanıma

Gözləri əmanət etmişəm, həkim,

Çən hopmuş halına gün ağlayasan.

Cərrah bıçağınla yaralasan da,

Səfalı əlinlə sığallayasan.

 

Axı gözlərimin didələrində,

Ömrümün təzadlı illəri yaşar.

Toxunsan, sozalmış gilələrində,

Kövrək xatirələr çağlayıb-daşar!

 

Atasız boy atan kənd oğlanının,

Yurd salıb kədəri göz bəbəyində.

Tanrı bəxş etdiyi söz sərvətləri

Qəlbinə ələnib göz ələyində.

 

Baxsan, taledəki bəxtsiz sevginin,

Solğun işartısı duyulacaqdır.

İllərin nisgili, ayrılıq qəmi,

Kövrək göz yaşıyla yuyulacaqdır.

 

Həkim! Elə et ki, gözlərimdəki,

Həlimlik, həzinlik silinməsinlər.

Acının, ağrının, kədər, nifrətin

Adlı cizgiləri bilinməsinlər.

 

Vermişəm gözləri əmanət Sizə,

Dözərəm hər ağrı, acını çəkim.

Bircə gözlərimdə yaşananları,

Cərrah bıçağından yan saxla, həkim!

 

İbrahim YUSİFOĞLU

Azərbaycan Respublikasının

qabaqcıl təhsil işçisi, şair-publisist