BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR
İnsan ömrünün müxtəlif dövrləri, müxtəlif çağları, müxtəlif məqamları var. Bu məqamların hər biri təbii ki, yaddaqalan və unudulmayan illərdir. Gəncliyi isə çoxları bahar fəslinə bənzədir. Təbii ki, bu bənzətmədə çox böyük həqiqətlər və reallıqlar mövcuddur. İnsanın ən güclü, ən enerjili, ən dözümlü vaxtı elə gənclik illərinə təsadüf edilir. Bu illərdə insan qarşısına qoyduğu məqsədə çatmaq üçün mübarizə və mücadilə aparır.
Hər bir adam ilk dövrlər bağçaya gedir, sonra orta məktəbdə oxuyur, bir müddət keçəndən sonra ali məktəb tələbəsi olur. Tələbəlik illərinin şirinliyi və gözəlliyi isə bir başqa aləmdir. Gənclər bu illərdə sözün həqiqi mənasında arzuladığı zirvənin ən uca yerində olurlar. O zirvəyə getmək və o zirvəyə çatmaq hər gəncin işi deyil. O gənclər zirvəyə çatır ki, onlar həddindən artıq savadlı, əxaqlı və mübariz olurlar. Mübarizlikdən söhbət düşəndə elə ilk xatırladığım Azərbaycan gəncliyi olur. Bəlkə də Azərbaycan gəncliyi dünya gəncləri arasında ən istedadlı, ən mübariz və ən güclü gənclərdir.
Bizim gəncləri əsas fərqləndirən xüsusiyyətlərindən biri də böyüyə-kiçiyə hörmət etmələri, onların yanında özlərini tərbiyəli aparmaları və başqa sözlə demiş olsaq, keçmişinə, tarixinə, milli dəyərlərinə söykənmələridir. Heç kimə sirr deyil ki, Azərbaycan gəncliyi bütün dövrlərdə ən çətin məqamlarla, ən çətin anlarla və ən çətin durumla üz-üzə qalıb. Bu isə o deməkdir ki, bizim gənclik həmin çətinlikləri və həmin problemləri ancaq özü dəf etməliydi.
Həmin qüvvəyə, gücə, zirvəyə çatmaq üçün gəncliyimiz özündən əvvəlki nəslin bütün müsbət xüsusiyyətlərini və dəyərlərini öyrənib və əxz edib. Hər bir gənclik özündən əvvəlki nəslə oxşayır. Yəni həmin nəsil güclüdürsə, vətənpərvərdirsə və mücadilə aparmağı bacarırsa, bax, gənclər də o istiqamətdə tərbiyə olunur, yetişir və istənilən bir kamil formaya çatır.
Heç şübhəsiz, müasir gəncliyin formalaşmasında ədəbiyyatın, sənətin, kinonun, teatrın çox böyük əhəmiyyəti olub. Yəni bizim gənclərimiz igid oğlanlarımızın, vətənpərvər insanlarımızın həyat yolunu öyrəniblər. Onlarla bədii əsərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün tarixi və yaddaqalan ideyalar var. O ideyalara yiyələnmək, o ideyaları mənimsəmək Azərbaycan gəncliyini daha da işıqlı yola aparıb. Uzun illər deyirdilər ki, indiki gənclərin əksəriyyəti bir o qədər də tərbiyəli, savadlı, mədəni və dünyagörüşlü deyil. Özü də bu fikri sosial şəbəkələrdə və cəmiyyətin içərisində geniş yayır, təbliğ edirdilər. Hətta deyirdilər ki, balam, bu gənclərdən heç vaxt torpaq qaytaran, vətən qoruyan olmaz. Amma tarixi həqiqətlər və faktlar bu fikirlərin hamısını alt-üst etdi. Məlum oldu ki, indiki gənclərimiz yatmış şirə bənzəyirmiş. Sadəcə olaraq onu oyatmaq, ayağa qaldırmaq lazım imiş.
Ümummilli Liderimiz Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyev həmişə öz çıxışlarında Azərbaycan gəncliyinə çox böyük qiymət və dəyər verib. Təbii ki, bu fikir də müəyyən məntiqə, tarixi faktlara söykənir.
Ən azından ona görə ki, Vətənin ən ağır günündə gənclərimiz ayağa qalxıb onun uğrunda döyüşə atılıb, ölkənin azad olunması məqsədilə canlarını belə əsirgəməyiblər. Onu da qeyd edək ki, Birinci və İkinci Qarabağ savaşında bu Vətən, bu torpaq uğrunda mübarizə aparanlar da, döyüşənlər də, torpaq uğrunda mücadilə edənlər də məhz elə gənclər olub. Çünki onlar Azərbaycanın çox böyük və möhtəşəm tarix yazmış igid oğullarına bənzəyiblər. Biz onların adlarını və soyadlarını yazmaq istəmirik. Çünki igidlərimizin ad və soyadlarını yazsaq, bu on minlərlə gənc edir. Amma görünən odur ki, Birinci Qarabağ savaşında canlarından keçən oğulların yolunu İkinci Qarabağ müharibəsində – 44 günlük döyüşdə gənclərimiz davam etdiriblər. O gənclər ki, bir çoxlarımız onlara etibar etmir, güvənmir və inanmırdıq. İnanmırdıq ki, onlar mərdliklə döyüşüb işğal edilmiş ərazilərimizin 20 faizini ermənilərdən azad edəcəklər. Amma Azərbaycan gəncliyi çoxlarının yanlış düşüncələrini alt-üst etdi və 44 günlük müharibədə görünməmiş möhtəşəm qələbə qazandı və öz adını tarixin qızıl səhifələrinə yazdı.
Şuşanın sıldırımlı qayalarına dırmaşaraq ora çıxmaq və orda yağı düşmənlə əlbəyaxa olmaq elə də asan məsələ deyildi. Ancaq bunu biz müxtəlif filmlərdə, tamaşalarda görmüşdük və həmişə də qibtə etmişdik ki, görəsən, həyatda belə döyüşkən, mübariz, fiziki cəhətdən güclü gənclər varmı? Bax, həmin gəncləri biz Qarabağın işğal olunmuş bütün torpaqlarının, eləcə də Şuşanın azad olunmasında gördük. Gördük ki, bu gənclər nə ermənilərin ağır texnikasından qorxur, nə ballistik raketlərindən, nə də digər döyüş silahlarından. Biz onu da gördük ki, Azərbaycan gəncləri bir yumruq kimi birləşdi və döyüşə atıldı. Hələ üstəlik 44 günlük müharibədə on minlərlə gənc çox böyük sevgi və məhəbbətlə hərbi komissarlıqlara gedir, döyüşə göndərilmələrini xahiş edirdilər. Kəndə hər şəhidin cənazəsi gətiriləndə minlərlə gənc hayqıraraq «Şəhidlər ölməz, Vətən bölünməz!» deyirdilər.
Dünyanın heç bir yerində görsənməyib ki, kimsə ağır döyüşə, daha doğrusu, ölümə belə sevinə-sevinə gedə. Amma bunu biz Azərbaycanda 44 günlük İkinci Qarabağ savaşında gördük. Onlar sevinə-sevinə döyüş bölgələrinə getdilər, vuruşdular, qalib oldular, şəhid oldular, qazi oldular və sevinə-sevinə də yenidən öz doğma ocaqlarına, evlərinə, yurdlarına qayıtdılar.
Bax, bu Azərbaycan gəncliyi idi. O gənclik ki Ali Baş Komandan, prezident İlham Əliyevin çağırışı ilə on minlərlə gənc ayağa qalxdı, Prezidentin və Ordunun ətrafında bir yumruq kimi birləşdi. Həmin gənclər bu gün də Vətənimizin keşiyindədir, qalib və döyüşkən insan kimi Azərbaycan tarixinə düşüb. Onların yazdığı tarixi qələbə həmişə gəncliyimizi sevdirəcək və onun yolunu sonrakı gənclər davam etdirəcəkdir. Çünki Azərbaycan gəncliyi həmişə Vətəni, torpağı, ölkəmizi qorumağa hazır olub və hazırdır!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
14 Avqust 2026 11:47
“Dənizçi” istirahət mərkəzində növbəti görüş
13 Avqust 2026 11:02
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
12 Avqust 2026 09:43
Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb oldu
07 Avqust 2026 09:00


Bakı -°C

