adalet.az header logo
  • Bakı -°C
24 Iyul 2026 09:00
75
LAYİHƏ
A- A+

MEŞƏLƏR YANIRSA…

Dünyanın hər yerində bir-birindən gözəl meşələr, yaşıllıqlar mövcuddur. Aydındır ki, bu meşələr nə qədər çox qorunarsa, mühafizə olunarsa ağacların da ömrü bir o qədər artıq olar. Hansı ölkədə ki böyük meşə zolaqları var, o məmləkət demək olar ki, dünyanın ən gözəl yerlərindən biri hesab edilir.  Allah-Təala bizim milləti də çox istədiyindən ölkəmizdə bir-birindən gözəl meşələr, yaşıllıqlar və insanı  heyran edən məkanlar var. Təbii ki,  bu gözəlliklər biz insanlar  üçündür. 

Amma gəlin görək biz ucu-bucağı görünməyən, təbiətimizə əsrarəngiz gözəllik verən meşələri  bir vətəndaş olaraq qoruya bilirikmi?! Təbii ki, bu suala birmənalı cavab vermək olmur.  Çünki meşələri qoruyan da və ona qənim kəsilib, qırıb-talayan da var. Hələ üstəlik  elə insanlar olur ki, meşələrə gedir, orda doyunca istirahət edir, kölgəsində dincəlir, bulaqdakı sudan ürəyi istədiyi qədər içir. Bütün bunlar hamısı meşələrdə olan gözəlliklərdir. Hansı rayona getsən orda hardasa qeyri-adi bir  ağaclara, meşələrə  rast gələcəksən. Yayın istisində ürəyimiz təngiyəndə o dəqiqə sərin yer axtarırıq. Ya meşələrə üz tuturuq, ya da dənizə, çaya, gölə. 

Xoşbəxtlikdən Azərbaycanımızın hər yerində meşələr, zəngin ağaclar, güllər-çiçəklər var, buz-bulaqlar var. Qubada, Qusarda, Xaçmazda, Qəbələdə, İsmayıllıda, Zaqatalada, Qaxda, Lənkəranda, Masallıda, Lerikdə, Qazaxda, Göygöldə   və işğaldan azad olunmuş, dünyanın ən gözəl yerlərindən olan Xocavənddə, Şuşada, Laçında, Kəlbəcərdə… nə qədər və ucu-bucağı görünməyən meşələr var. Allaha  and olsun, bunların hər biri möcüzədir, desək yanılmarıq. Çünki göydən od yağanda, nəfəsimiz təngiyəndə özümüzü o meşələrdəki nəhəng ağacların kölgəsinə çatdırırıq. İçimiz, ürəyimiz və qəlbimiz sərinləyir. Amma bütün bunların fövqündə hər il ölkəmizdə meşə yanğınları zamanı yüzlərlə  uzun ömürlü ağaclar, təbiətə nəfəs verən  yaşıllıqlar  yanaraq məhv olur. 

İnsanlar meşələrdə istirahət yerinə gedirlər, ocaq qalayıb kabab bişirirlər, samovar  qaynadırlar, bir sözlə, kef edirlər, amma qayıdanda  yandırdıqları ocağı tamamilə söndürmürlər. Elə yanılı vəziyyətdə də qoyub gedirlər. Bu vaxt əsən külək həmin ocaqdakı  hər hansı bir közü qurumuş otların, kolların, kosların arasına aparıb atır və bu zaman da meşə yanğınları başlayır. Biz belə meşə yanğınlarına ötən il, eləcə də əvvəlki illərdə Şamaxıda, Zaqatalada, Balakəndə, Qəbələdə, Xızıda, Qubada rast gəlmişik. 

Aydındır ki, meşə yanğınları başlayanda ilk növbədə onun söndürülməsi ən vacib məsələlərdən biridir. Çünki ölkəmizdə yanğınlar zamanı yüz hektarlarla meşə zolağı yanaraq külə dönüb. Bu yanğınlar təbii ki, həm ekoloji tarazlığı pozur, həm də atmosferi çirkləndirir. Yanğınların qarşısını almaq üçün ilk növbədə biz Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərin fəaliyyətini  qiymətləndirməliyik. Çünki hamıya gün kimi aydındır ki, meşə yanğınları dağlıq ərazidə  baş verdiyinə görə çox vaxt onu qurudan söndürmək  mümkün olmur. Düzdür, yanğınsöndürən maşınlarla, eləcə də digər avadanlıqlarla dağlıq ərazilərdə yanğının qarşısını xeyli almaq mümkün olur, amma tam o yanğını dayandırmaq həddindən artıq çətinləşir. Bax, bu zaman Fövqəladə Hallar Nazirliyinin təyyarələrindən və helikopterlərindən istifadə olunur. Bu isə o qədər asan məsələ deyil. Çünki  havadan yanğını söndürmək üçün çoxlu xərc tələb olunur və üstəlik də helikopterin və təyyarənin qəzaya düşmə ehtimalı da mövcuddur. Amma bütün bunlara  baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları riskə gedərək  helikopter və təyyarələrlə çətinliklə də olsa yanğını söndürməyi  bacarır. Burda bir vətənpərvərlik, millətsevərlik elementləri də var.

Biz həmişə ən çətin vəziyyətlərdə Fövqəladə  Hallar  Nazirliyinin şiddətli yanğınlar zamanı necə qəhrəmanlıq göstərdiyinin şahidi olmuşuq. Şahidi olmuşuq ki, onlar yanğın zamanı xəsarət alsalar belə axıra qədər tapşırılan işə məsuliyyətlə yanaşır və baş vermiş yanğının geniş yayılmasına  imkan vermir, yüksək peşəkarlıq və operativliklə yanğını söndürməyə nail olurlar. 

Bəs, biz vətəndaşların üzərinə təbiəti qorumaq üçün hansı vəzifələr düşür? Böyük Məmməd Araz yazır ki, vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Amma bir çoxları nəinki ölkə vətəndaşları olur, əksinə, ölkə üçün çox böyük problem yaradır. Elə bu ilk  növbədə meşələrimizlə bağlıdır. 
Bu yaxınlarda Laçında olan yaxın dostum Arif qardaşımız deyir ki, gördüm ki, meşənin içində ocaq qalayıb kabab bişirirlər, kənarda da samovar qaynadıb çay dəmləyirlər, masanın da üstündə nə qədər spirtli içki var idi. Mən də kənarda bir dostumla nahar edirdim. Dostum dedi ki, çıxaq gedək, bildirdim ki, hələ bir az dayan, görək bunların axırı nə olur? Bir saatdan sonra gördüm ki, onların hamısı sərxoşdu, ocağı da yanılı qoyub çıxıb getdilər. Ətrafda bulaqdan su gəlirdi, maşındakı vedrəni götürüb su ilə doldurdum və gətirib tökdüm sönməmiş ocağın üstünə. İki vedrə su tökəndən sonra gördüm ki, ocaq tamamilə söndü. Meşədən çıxmaq istəyəndə bir külək qalxdı ki, gəl görəsən. Əgər o ocağı söndürməsəydim heç şübhəsiz, meşədə yanğın baş verəcəkdi. 

Bax, görürsünüzmü hər bir insan öz üzərinə düşən vəzifəni yerinə yetirsə, yəni meşələrə gedib istirahət edərkən yandırdığı ocağı söndürsə, meşə yanğınları da bir o qədər baş verməz. Düzdür, elə meşə yanğınları var ki, onu insanlar törətmir, təbii  proseslər zamanı baş verir. Bir də görürsən ki, ildırım düşdü, meşədə yanğın yarandı, amma bu tam başqa bir məsələdir. Ancaq görünən odur ki, biz özümüz məsuliyyətli olsaq, meşələrimizdə istirahət edib qayıdarkən yandırdığımız ocağı söndürsək meşə yanğınları bir o qədər də çox olmaz. Başqa sözlə demiş olsaq, bəlkə də heç baş verməz!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.