BİZ MÖHTƏŞƏM QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN QANI HESABINA QAZANDIQ
Heç bir qələbə, heç bir mücadilə asanlıqla əldə olunmur. Başqa sözlə demiş olsaq, əgər torpağını işğaldan azad etmək istəyirsənsə, bunun üçün sənin hər bir vətəndaşın, hər bir əsgərin, hər bir zabitin və hər bir generalın böyük döyüşə və müharibəyə hazır olmalıdır. Əgər bu yoxsa heç şübhəsiz, düşmən üzərində qələbə qazanmaq mümkün olmayacaq. Amma bu dediyimiz elementlər varsa, gec-tez yağı düşmən üzərində qələbə qazanılacaq, işğal altında olan torpaqlar azad olunacaq və həmin yerlərdə sənin bayrağın sancılaraq dalğalanacaq.
Bax, 30 ildən çox Azərbaycan ərazisinin 20 faizi işğal altında qalmışdır. Və ermənilər də düşünürdülər ki, bu işğal uzun müddət qalacaq və onlar da zəbt etdikləri yurdlarımızda, yuvalarımızda, torpaqlarımızda çox rahat və firavan yaşayacaqlar. Belə baxanda onlar 30 il bizim torpaqlarımızın altını üstünə çevirdilər, ev-eşiklərimizi tari-mar elədilər. Hətta onun inşaat materiallarını sataraq çoxlu pul qazandılar. Hələ bu da hamısı deyildi, onlar Azərbaycan meşələrinin faunasını və florasını məhv etdilər. İşğal altında olan torpaqlarımızın təbii sərvətini, var-dövlətini apardılar. Meşələrimizdəki nadir və qiymətli ağacları qırıb tikinti materialı kimi istehsal etdilər, hətta xarici ölkələrə ixrac olundu. Amma hər bir qaranlıq günün işıqlı anı və hər bir cinayətin də ağır cəzası var.
Baxmayaraq ki, ermənilərin havadarları dünyanın çox böyük süper dövlətləri idi və onlara arxa dururdu, üstəlik də BMT-nin dörd qətnaməsi icra olunmurdu, amma bütün bunların həlli yolunu Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev çox yaxşı tapdı. Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin beynəlxalq təşkilatlardakı müdrik çıxışları dünyanı inandırdı ki, Azərbaycan ədalətli mövqe tutub, beynəlxalq hüququn normalarına uyğun hərəkət edir və buna görə də heç bir xarici ölkə dövlətimizə bir söz deyə bilməz. Çünki Azərbaycanın 20 faizindən artıq ərazisi düz 30 ildən çox işğal altında idi. Artıq dünya buna inandı və əsl həqiqəti qəbul etdi.
Ali Baş Komandan, prezident İlham Əliyevin əmri ilə 2020-ci ilin sentyabrın 27-də ordumuz ermənilər üzərində əks hücuma keçdi. Ona görə «əks hücuma» deyirik ki, onlar tez-tez işğal olunmuş ərazilərimizdən hərbi mövqelərimizi və yaşayış məntəqələrimizi fasiləsiz olaraq atəşə tuturdu. Təbii ki səbrin də bir həddi vardır və artıq bu səbr tükənmişdir. Ona görə də ordumuzun sentyabrın 27-də ermənilərə qarşı əks hücumu başladı. Düşünmək olardı ki, ermənilər nəsə müqavimət göstərəcək. Düzdür, onlar müqavimət də göstərirdi, mübarizə də aparırdı, döyüşürdülər də.
Azərbaycan Ordusu təpədən-dırnağa qədər silahlandırılmış erməni ordusuna qarşı böyük döyüşə başladı. Və bu döyüş elə-belə döyüş deyildi, yəni ölüm-qalım mübarizəsi idi. Öz yurdunu işğaldan azad edən Azərbaycan əsgəri ilə işğalçı erməni əsgəri üzbəüz döyüşürdü. Əlbəttə, Vətən eşqi, torpaq həsrəti və bir də Allahın verdiyi güc bizim əsgərləri qələbəyə aparırdı. Artıq bir neçə gündə əsgərlərimiz bu qələbə sevincini yaşadılar. İşğal altında olmuş Füzulinin və Cəbrayılın səkkiz kəndi iki-üç gündə azad olundu.
Düzdür, bu kəndlərimiz uğrunda gedən ağır döyüşlərdə şəhidlərimiz oldu, əsgərlərimiz güllə yarası aldı. Amma onları nə şəhidlik, nə də güllə yarası qorxutdu. Əksinə, bizim əsgərlərin hər biri and içirdi ki, şəhid olan əsgərlərin və yaralı oğullarımızın qisasını ermənilərdən üç-dörd qat alacaqlar. Və elə belə də oldu, Cəbrayıl və Füzuli istiqamətində şiddətli döyüşlər getdi. Ermənilərin keçilməz səddi olan «Ohanyan səddi» darmadağın oldu.
Bu yaxınlarda Cəbrayıldan qayıdarkən «Ohanyan səddi»ni gördüm. Düz beş-altı səddən ibarətdir, dərin kanallar qazılıb, keçilməz sədlər qurulmuşdu. Heç həmin sədləri tanklar, ağır texnikalar belə keçə bilməzdi. Keçsə də minalanmış ərazidə həmin texnikalar sıradan çıxmalı idi. İndi siz Azərbaycan ordusunun əsgərlərinin, zabitlərinin və generallarının peşəkarlığına baxın ki, döyüşə-döyüşə həmin yerlərdən minaları necə təmizləyib, ağır texnikalarımız və əsgərlərimiz o döyüş mövqelərini necə ələ keçirib. Həmin yerlərə baxanda sanki hər şey film kimi canlanırdı. Çünki bu səddi keçmək, həmin ərazilərdəki minaları təmizləmək ən yüksək peşəkarlığa malik olan orduya aid ola bilərdi. Azərbaycan Ordusu bunu bacardı və dünyada heç bir ordunun göstərmədiyi şücaəti, mücadiləni və möhtəşəm qələbəni tarixə yazdı.
Artıq ağır döyüşlər zamanı Cəbrayıl şəhəri erməni işğalından azad olundu… Sonra strateji əhəmiyyətli Xudafərin körpüsü azad edildi… Hadrut azad edildi… Füzuli şəhəri azad edili… Artıq yol Qubadlıya gedirdi… Zəngilana gedirdi… Laçına gedirdi…
Azərbaycan Ordusu və Azərbaycan əsgəri döyüşə-döyüşə ən yüksək zirvəyə - noyabrın 8-də Azərbaycanın and yeri olan Şuşaya çatdı. O qayalardan, o daşlı-kəsəkli yerlərdən qalxaraq xüsusi təyinatlılarımız və əsgərlərimiz Şuşa qalasına daxil oldu. Hansı ki həmin yerlər minalanmışdı və kameralarla nəzarətdə saxlanılırdı. Vallah, bu mücadiləni və bu döyüşü Azərbaycan əsgərindən başqa heç bir əsgər bacara bilməz. Çünki həmin an ermənilər vahiməyə düşmüşdülər, başlarını itirmişdilər və çıxış yolu tapa bilmirdilər. Xırda silahla hücuma keçən xüsusi təyinatlılarımız şəhərin içərisində erməni ordusunu çaş-baş salmışdı. Onlar çaşıb bizim əsgərlərə atəş açmaq əvəzinə özlərini vururdular. Yüksək peşəkarlıq göstərən xüsusi təyinatlılarımız onların ağır texnikalarını, tanklarını, BTR-lərini ələ keçirib özlərinə qarşı çevirmişdilər.
Ancaq filmlərdə belə ola bilərdi. Amma Azərbaycan əsgəri İkinci Qarabağ savaşında, 44 günlük möhtəşəm döyüşdə bu əməliyyatları həyata keçirdi. 44 günlük əməliyyat dünya hərb tarixində misli görünməmiş bir hərbi əməliyyat idi. O hərbi əməliyyat ki Ali Baş Komandan, prezident İlham Əliyevin və Azərbaycan Ordusunun rəhbərliyi ilə həyata keçirildi və tarixə qızıl hərflərlə yazıldı!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
31 Iyul 2026 12:50
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib
31 Iyul 2026 09:00
SUS KƏNDİNƏ QAYIDANLARIN SEVİNCİ
29 Iyul 2026 19:17
Şərqi Zəngəzurda ilk qadın kooperativi fəaliyyətə başladı
24 Iyul 2026 09:00
MEŞƏLƏR YANIRSA…
20 Iyul 2026 10:27
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” layihənin ilk tədbirini keçirdi
17 Iyul 2026 09:00
ŞÜKÜRBƏYLİ SAKİNLƏRİ DOĞMA YURDA QAYITDI
16 Iyul 2026 10:45
Naxçıvanda ilk "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirildi
10 Iyul 2026 20:11


Bakı -°C

