adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Mart 2023 11:03
707
ƏDƏBİYYAT

Birgünlük saxtakarlar - Pərvanə Bayramqızı yazır

Özümüzünkülər belə deyirlər:

"Ər arvad saxlamaqda üç şeydən özünü saxlamalıdır:

Birinci – arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.

İkinci – ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır.

P.S. (Üçüncünü köçürməyə ərinirəm.)

"Əxlaqi-Nasiri" Nəsrəddin Tusi

Tusinin “öyüdü” ilə yetişən nəslin qadınla rəftarını bir çox Azərbaycan ailələrində, ictimai yerlərdə hamımız görürük. Ömür yoldaşından sevgisini gizlədən kişi ailəsini necə xoşbəxt edə bilər? O ailədə istilik olarmı? Bu cür ailələrdə uşaqlar fərəhsiz böyüməzlərmi? Həmin öyüdün təsiridir ki, müasir dünyanın tələbinə könülsüz tabe olanlar məclisdə: "Qadın başımızın tacıdır" deyib gedirlər arvadlarını “təpikləməyə”. Birgünlük saxtakarlar il boyu səmimi olurlar.

İl boyu təhqir olunanlarsa bir günün təbriki üçün yaşayırlar və... hər şeyi o təbrikə bağışlayırlar.

Ailə tanıyıram, ər arvadına şəxsiyyət kimi baxmır, insanların arasında həmişə təhqir edir. Kişi o təfəkkürdədir ki, qadınlar işdə problem olanda gəlib acığını onun üstünə tökmək üçün yaradılıb. O, nəslin xidmətçisi olmalıdır, "uşaqları da dədəsinin evindən gətirməyib" və s.

Qadın buna alışıb. Elə bilir ki, kişi bu cür düşünməkdə haqlıdır. Amma hərdən özünün xəbəri olmadığı heysiyyət hissi üsyan edəndə ərinə xəlvətcə qarğamaqla ürəyini boşaldır.

Bir gün toya getməli oldular. Kişi arvadına, qızlarına geyim aldı, özünə heç nə almadı, olanından geyinib getdi. Qadının gözləri doldu, "yazıq özünə heç nə almadı" deyə ərinə can yandırdı. Azərbaycan qadınını xoşbəxt etməyə nə var. Həmişə qışqıra-qışqıra təhqir edən əri kobud sözləri bircə dəfə səsinin tonunu aşağı salıb desə, qadın sevinəcək: "kişi yaxşılığa doğru dəyişib" deyib məmnun olacaq.

Bəzilərinin nəzərində normal ailə budur: "Ətini yesə də sümüyünü çölə atmır".

Nələri çölə atdıqlarnı görmürlər.

 

"Ədəbli kişi qadınlardan danışmaz, onlar barədə sual verməz və onlara salam da yollamaz. Onlar kişinin kölgəsidir, hətta çox vaxt onlar belə kölgədə özlərini yaxşı hiss edirlər. Bu da yaxşı və ağıllı bir işdir. Bizdə bir zərb-məsəl var: "Qadının ağlı toyuq tükü qədərdir". Ağlı olmayan məxluqlara nəzarət etmək lazımdır. Yoxsa həm öz başlarına, həm də başqalarının başına bəla gətirərlər. Mənim fikrimcə bu ağıllı qaydadır".

"Əli və Nino" Qurban Səid.

Bu da belə.

Özgənin A.S.Makarenkosu isə:

“Tutaq ki, siz özünüzə geridə qalmış bir arvad seçibsiniz. Hər şeydən əvvəl aydınlaşdıraq, görək geridə qalmış arvad nə deməkdir? Siz qəzeti surətlə oxuyursunuz, o isə sizdən yavaş oxuyur. Ona savad öyrədin. Lakin iş bunda deyildir. Uşaqların tərbiyəsi üçün sizin arvadınızın sizə nisbətən nə qədər inkişaf etmiş olduğu o qədər də əhəmiyyətli deyil. Elə etmək lazımdır ki, sizin arvadınız da, uşaqlarınız da həyatdan razı olsun. Qoy o, öz həyatı üçün sevinsin. Hərgah siz arvadınızı öz səviyyənizə qaldırırsınızsa, elə qaldırın ki, bu ona zövq versin, lakin "Mənim səviyyəm yüksəkdir, qalx, mənə çat" – deyə düşünsəniz, heç bir tərbiyə işi ola bilməz. Qoy o, şadlıqla yüksəlsin, qoy bu ona həzz versin, hərgah siz bunu sevinclə əldə edə bilmirsinizsə, onu qaldırmayın, ancaq qoy o, dolğun insan həyatı sürsün. Qoy yüksəkdə duran şəxs öz yüksəkliyi ilə çox güvənməmək və bunu addımbaşı gözə soxmamaq üçün özündə mətanət tapsın. Qoy o bütün davranışı ilə arvadını sevindirsin, o zaman arvad bu sevinc içində boy atacaq, inkişaf edəcəkdir. Mənim “Tərbiyənin sirri” adlı bir novellam var. Sirr ondan ibarətdir ki, kişi həmişə arvadına səadət vermək istəyir və ona görə onların övladları çox gözəl uşaq olurlar. Ər arvadına, arvad isə ərinə xoşbəxtlik arzuladığı hər yerdə uşaqlar yaxşı olurlar. Əlbəttə, burada söhbət iki ağıllı adam haqqında gedir. Zehnin müəyyən bir həddi var ki, valideynlər bu səviyyədən aşağı düşməməlidirlər, hər hansı bir xoşbəxt, lakin səfeh adam yaxşı uşaq tərbiyə edə bilməz. Müəyyən zehni səviyyə – ağıl, idrak, fəallıq, diqqət olmalıdır” deyir.

Özünüz fərqləndirin.

Ədalət hissinin vacib olduğu üçün mütləq qeyd etməliyəm: dözülməz insanların cinsi olmur.

Bütün günahları təkcə kişinin, yaxud da qadının üstünə atmaq doğru yanaşma deyil. Tündməcaz kişi də var, qadın da. Mənfi xüsusiyyəti bir cinsə aid etmək obyektivlikdən uzaqdır. Amma çoxluğu kişinin dözülməzliyi təşkil edir. Deyingənlik qadınlara məxsus xüsusiyyət kimi qəbul edilsə də, səhərdən-axşamacan hər işə qarışan, hər şeyin üstündə narazılıq edən, hər şeyi əyri görən kişilər də az deyil. Evlənir, ata evində əzizlənən bir qızı öz evinə gətirir. Əzizləyirmi? Xeyr! Qeydə qalmağı, qayğını ondan umur. Xörək bişirməyi, paltar yumağı, özü ilə bərabər valideynlərinin də qulluğunda durmağı tələb edir. Uşaqları da böyüt, üstəlik nəsil-nəcabətimin nazıyla da oyna" deyir. "Hünərin var, kiməsə qaş-qabaq elə". Amma qayınata da, qayınana da, ər də ona acıqlana bilər. Hələ uşaqlara pis şəkildə sərbəstlik verib anaya qarşı çıxaran atalar da var. Qadının ömür yolu burdan bəllidir.

Fiziki işlərin ağırlığından, fərəhsiz ailə həyatından, istəklərinin qəlbində ölməsindən getdikcə təravəti, şuxluğu, şənliyi itən qadında oynaq-əzələ xəstəlikləri başlayıb osteoxondroz əldən salanda kişi ekranda seyr etdiyi balerinaları göstərib deyir:

– O da səni kimi arvaddır, gör necə çevikdir.

Qadının ömürlük zəhməti bir kəlmə ilə heçə çevrilir. İl boyu daşıdığı mənəvi-fiziki yük heç kəsin gözünə görünmür. Qarışqatək torpaqda can qoyan qadını yalnız özü üçün yaşayan təminatlı qadınlarla müqayisə etməklə qədirbilməzliyini təsdiq edir.

İndi bir dilli-dilavər qadın qabağa çıxıb deyəcək:

"Aslanın erkəyi, dişisi olmaz".

Birgünlük bayramla başımızı yozmağa çalışmayın.

Martın təkcə səkkizi yox, doqquzu da, onu da, belə lap hamısı bizimdir.

Qadınları bu gün – müvəqqəti məmnunluq günü münasibəti ilə təbrik etmirəm. Onların ilboyu sevincli anlar yaşadıqlarını, həyatlarının ürəkləri istədiyi kimi olduğunu bilib təbrik etməyi arzulayıram.

Mətnində özünə aid heç nə tapmayan bəyləri isə əsl insan olduqları üçün alqışlayıram.

Bu məqamda onu xatırlamasam nankor olaram.

Ailəmizdə yeddi nəfər qadın vardı, işləyənsə təkcə atam idi, amma heç vaxt gileylənmədi, nə təbəssümünü əsirgədi, nə də sevincini. Əksinə xoşbəxt idi.