07 Oktyabr 2025 11:31
80
ƏDƏBİYYAT

YOL olan şairin məzar yolu kəsilir - Əntiqə Kərimzadə yazır

Son günlər gündəmin xüsusilə,  ədəbi mühitin gündəminin çox narahat bir mövzusu var. Hətta bu mövzu adamları küfr etməyə, əsəbiləşməyə də məcbur edir. Çünki söhbət Azərbaycanın ən böyük aydınların birindən  gedir. O aydından ki, o Türk dünyasnda, Turan aləmində İŞIQDIR, YOLDUR, KÖRPÜDÜR!!! Və bu işıq yol körpü  türkü- türkə bağlayır. Bir- birinin evinə, elinə aparır. Evlərimizi oymaq, oymaqlarımızı məmləkət edir . Yol sözün həm həqiqi, həm də məcazi mənasında mühüm əhəmiyyət daşıyır.

Yol insan üçün həm də əqidə deməkdir. Əqidəsi olan adamın yolu olur, yolu olan adamın isə əqidəsi. Bəzən yol açan insanın yolunu kəsənlər də olur.
Çox qəribədir, ömür boyu gənc nəsilə, ədəbiyyata, mədəniyyətə işıq yolu olan şair Şahmar Əkbərzadənin məzarına gedən yolun  bağlanması, daha dəqiq desək, başqa birisinə satılması dünyanın hansı ədalətinə sığır?!  

Şahmar Əkbərzadə  B. Vahabzadə,  X.Məmmədov, N.Rzayev ,  Ç. Aytmatov, O.Süleymanov kimi insanların söz, zəka ,ruh, mənəviyyat , məntiq və fəlsəfə kəhkəşanında bir ulduz idi. Yenə də ulduz olaraq qalır.

 Təəssüf  ki, söz dünyasında, Tanrı dərgahında haqqı olan yerdə ziyarətə gəlmək üçün yol verilmir.  Bax söhbət də, əsəb də, küfr də burdan başlayır. Tanınmış şair, publisist Şahmar Əkbərzadənin məzarının yolunu kəsərək , məzar kimi başqa birisinə satan Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov yəqin ki, şairin kimliyindən xəbərsizdir. 

İndi həmin bələdiyyə sədrinə sualımız budur ki, bizlər və doğmaları şairin məzarını ziyarət etmək üçün hasar aşaq, yoxsa helikopter sifariş edək?! 
Bütün bu çəkişmələrdə ən böyük haqq Allahındır, ən böyük yer də Ş.Əkbərzadədnin. 

Şairin oğlu Elşən Əkbərzadənin verdiyi məlumata əsasən, həmin yerdə üç ailənin rəhmətə gedən  qohumu var. Bu üç ailə öz doğmasını ziyarət etmək üçün hansı yolu keçməlidir, Anar Abbasov?!  Sizin keçdiyiniz yollardan keçməlidirlər, yoxsa daha alternativ yol təklif edirsiniz?!

“Yaxşı etmişəm. Torpaq Bələdiyyənindir, satmışam” kimi ifadələri işlətməyi özünüzə necə yaraşdırırsınız?! Onsuzda cəmiyyətdə çox işıqlı insanların yolunu kəsirlər. Heç olmasa, mərhumun məzarına gedən yol kəsilməsin!

Bizim düşüncəmizə və yaşadığımız sarsıntaya rəğmən gəldiyimiz nəticə budur ki, qanunu pozan da, haqsızlıq edən də, Ş. Əkbərzadənin haqqına girən də bələdiyyə sədri Anar Abbasovdur.

Ömrü boyu haqsızlıqla mübarizə aparmış bir aydının, bir şəxsiyyətin məzarının haqsızlığa uğraması bizi çox incidir, Anar Abbasov.
Şahmar Əkbərzadə heç kəsin yolunu kəsməmişdi axı... Kəsməmişdi…

Maraqlıdır, Anar Abbasovun doğmaları uyuduğu məkanda belə bir haqsızlıq olsaydı, o nə edərdi?! İnanıram ki, susmazdı, necə ki, şairin övladları bu haqsızlığa susmur. Və susmaq niyyətində deyillər.

Ölkədə hər “problem”ə bir “çarə” tapılır, amma məmur özbaşınalığına hələ də çarə tapılmır. Daha doğrusu tapmaq istəmirlər.

Ən azından Anar Abbasov vətəndaş olaraq, məmur olaraq bu addımı atmamalıdır. Əgər bu addımı atıbsa, qanun qarşısında cavab verməlidir.

Bütövlükdə isə bir müsəlman olaraq, biz bələdiyyə sədrinin hərəkətlərini heç bir kitaba, dəftərə  uyğun görmürük. Söz QANUNUNDUR!