BİRDƏFƏLİK ÖLÜM - Qəşəm İsabəyli yazır
(hekayə)
Uşaqlıqda ölməkdən qorxardım. Əslində ölməkdən çox dəfn olunmaq qorxusu vardı canımda. Ona görə də arzu eləyirdim – ölsəm birdəfəlik ölüm.
Ölüb-dirilən adamlar haqqında nağıllarda çox oxumuşdum...
Düzdü, öləndən sonra dirilmək yaxşı şey olsa da, adamlar ölüb-dirilənlərə, lap elə paxıllıqdan “xortdan” deyirdilər. Xortdan olmaq qorxusundan mən də birdəfəlik ölüm arzulayırdım özümə.
Amma dəfn... məndən ötrü əsl əzab idi.
Uzaq qohumlarımdan biri sətəlcəmdən ölmüşdü. İslam adətiylə həmin günü də aparıb qoy-muşdular qəbir evinə. Gecə böyük qardaşı yuxu görür. Ölü ağlaya-ağlaya deyir:
–Niyə mənə işıqlı dünyadan elədin, qardaş?!
Səhər yuxudan oyanan kimi beş-altı nəfərlə gedib qəbri açırlar. Kəfənin baş tərəfini qan içində görüb, böyük qardaş içini çəkə-çəkə ağlayır:
–Yazıq ölməyibmiş, demə! Burnundan qan açı-
lıb... dirilibmiş.
Eşitdiyimə görə, xristianlar dəfn məsələsində biz müsəlmanlardan daha uzaqgörəndi. Hətta ölüyə bir neçə gün dirilərlə ünsiyyət sükutu da verirlər. Sonra da aparıb tabutda dəfn eləyirlər. Bu da Əzrayılın əlindən canını qurtara bilənə işıqlı dünyaya çıxmaq imkanı deməkdir.
Müsəlman isə...
Qəbri qazırlar, ləhəd deyilən dar yer açırlar dibində. Mərhumu da sağ çiyni üstə qoyurlar ləhədə. Üstünə çəkil ağacından kəsdikləri qısa ağacları düzürlər, qamış döşəyirlər, yarım ton da torpaq... get... yaşa!
Bundan sonra ayıl, görüm, kimdən ötrü ayılırsan!
Bax, uşaqlıqda məni qorxuya salan da həmin bu ləhəd idi. Gecələr ölüb torpağın altına qoyulacağımı gözümün qabağına gətirəndə az qalırdı ürəyim partlasın. Tez yorğanı çəkirdim başıma.
Amma indi dəfn olunmaqdan, ləhəddən-məhəddən zərrə qədər də qorxmuram.
İndi mən... ölməkdən qorxuram!
Yolu yumrulansın Əzrayılın!
09-11.08.2026


Bakı -°C

