adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2026 11:30
67
İQTİSADİYYAT
A- A+

“Qırğızıstanın əhəmiyyəti sadəcə 77 milyon dollarlıq mövcud ticarətlə ölçülməməlidir”

“Qırğızıstanın iqtisadiyyatında son illər çox ciddi müsbət dinamika var. Ölkə iqtisadiyyatı 2025-ci ildə 11,1%, 2026-cı ilin ilk 7 ayında isə yenidən 11,1% böyüyüb. Bu ilin yanvar-iyulunda sənaye 11,2%, əsas kapitala investisiyalar 58,8%, tikinti isə 60,6% artıb. Təxminən 7,5 milyon əhalisi olan ölkə üçün bunlar kifayət qədər yüksək göstəricilərdir”.

Adalet.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, Azərbaycanla Qırğızıstan arasında siyasi münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlib, amma iqtisadi əlaqələrə baxanda hələ istifadə olunmamış kifayət qədər böyük potensial görünür:

“Belə ki, 2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 77 milyon dollar olub. Bir il ərzində təxminən 1,9 dəfə artmasına baxmayaraq, bu rəqəm iki ölkənin imkanları ilə müqayisədə hələ aşağıdır. Əvəzində investisiya əməkdaşlığı sürətlənir. Azərbaycan-Qırğız İnkişaf Fondunun maliyyə imkanlarının 200 milyon dollara çatdırılması barədə razılıq əldə olunub, birgə layihələrin icrasına başlanılıb. Əlqərəz, Azərbaycan üçün Qırğızıstanın əhəmiyyəti sadəcə 77 milyon dollarlıq mövcud ticarətlə ölçülməməlidir. Sürətlə böyüyən iqtisadiyyat, Orta Dəhliz üzərində yerləşmə, turizm, logistika, energetika və birgə istehsal imkanları bu ölkəni Mərkəzi Asiyada maraqlı iqtisadi tərəfdaşlardan birinə çevirir”.

Vasif ƏLİHÜSEYN