adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bir gözü yaşlı...

SAMİRƏ ƏŞRƏF
51203 | 2013-11-23 01:36
İsveç yazıçısı Fridrix Dürrenmattın "Yaşlı xanımın gəlişi" adlı çox məşhur bir pyesi var. Bir çox dünya teatrları həmin pyesə müraciət edib səhnələşdiriblər. Ötən yaz bizim aparıcı teatrımız olan Akademik Milli Dram Teatrı da həmin əsərə öz səhnəsində yer verdi. Rejissor Rövşən Almuradlının təqdimatında tamaşa yetərincə uğur qazandı.
Bilənlər bilir, bilməyənlərə isə əsər haqqında qısaca məlumat vermək istərdim. Pyesdəki yaşlı xanım Klara Fişer vaxtilə yaşadığı Hüllen şəhərindən çox biabırçı şəkildə qovulmuş bir qadın olur. Gənc yaşlarından şəhəri tərk edən Klara bir də həmin şəhərə uzun illərdən sonra yaşlanmış, lakin milyonlara sahib olan qoca qarı kimi geri dönür. Məhv olmuş, borc içərisində çapalayan şəhərə Klaranın dönüşü hava-su kimi çox vacib olur. Bir vaxtlar onu bu şəhərdən qovan, onu əxlaqsızlıqla damğalayan Hüllen əhalisi indi onu qolları üzərində geri qaytarır. Hər tərəf gül-çiçəyə bəzənir, şəhər çox qısa zamanda qonağın gəlişi üçün səliqəyə salınıb, abadlaşdırılır.
Mənə belə gəlir ki, tamaşa haqqında bu qədər yazmağım bəs edər. Kimin əsərin ardını bilməyə həvəsi, marağı varsa, hələ də dram teatrının repertuarında olan "Yaşlı xanımın gəlişi" tamaşısına gedib baxa bilər.
İlin, günün bu vaxtında həmin bu tamaşanı mənim yadıma salan ətrafımda baş verən çox maraqlı və ciddi hadisələr oldu. Belə ki, bir neçə gün bundan əvvəl uşaqları məktəbə aparanda hər gün addımladığımız əsas küçədə qarşılaşdığım görüntülər bizi heyrətə gətirdi. Uşaqlar sevindiklərindən gülür, mən isə təəccüb içərisindəydim. Çünki, hələ bircə gün əvvəl indi sevincimizə səbəb olan küçədən keçəndə ətrafdakı yeksənəklik, çirklilik, gölməçəli, ordan-burdan partlaq olan asfalt yollar adamın yaşamağa olan az-çox ümidini də əlindən alırdı. Lakin indi bir gün əvvəl geridə qoyduğumuz küçədən əsər-əlamət belə qalmamışdı. Partlaq yollar dümdüz asfaltla üzlənmiş, səkilərə mərmər piltələr döşənmiş, yolların boş qalan hissəsinə isə çəmənliklər salınıb, çiçəklər əkilmişdi. Yolboyu hündür son dəbli, bahalı çilçıraqlar qoşulmuşdu. Bir sözlə, bütün bunlar hamısı cəmi bir gecənin içərisində baş vermişdi. Elə bil hansısa gizli varlıq gecənin bir aləmi öz sehrli çubuğunu mənim yaşadığım qəsəbənin üzərinə toxundurmuşdu. Küçə ilə məktəb yoluna gedə-gedə öz-özümə fikirləşirdim ki, görəsən bu sürətli abadlaşmanın səbəbi nədədir?!
Aradan bir neçə gün də keçdi. Abadlaşmanın ərazisi getdikcə genişlənirdi. İndi bizim evimizdən xeyli aralı olan məktəb yolları da təmir olunur, çəmənliyə, çiçəkliyə qərq olunurdu. Təsəvvür edin ki, hər gün keçdiyim yollarda ayağımın altında mandarin, soğan, kartof qabıqları qalırdısa, indi bu zibillikdən əsər belə qalmamışdı. Hələ ötən il mənim indi üzünə mərmər piltələr döşənən yolda olan palçıq bataqlığının içərisində tuflimin bir tayı batıb qalmışdı. Həmin mərmərin üstü ilə gedə-gedə orda ilişib qalmış taykeş tuflimi fikirləşirdim. Dərdə baxın də, camaat qızılının, pulunun, itən qurd-quzusunun dərini çəkir, mən də taykeş tuflimin...
Bir neçə gün də keçəndən sonra məlum oldu ki, sən demə bizim qəsəbimizə avropa ölkələrinin birindən hörmətli bir qonaq gələcək. Bütün bu təqdimat, təmizlik və abadlıq işləri də elə həmin qonağın gəlişi üçün nəzərdə tutulub.
Bayaq uşaqları məktəbə qoyub evə gələndə yolboyu düzülən çilçıraqları hələ söndürməmişdilər. Səhərin təmiz havasını ciyərlərimə çəkə-çəkə gələndə gözümə maraqlı bir mənzərə sataşdı. Gördüm həmişə soyuqdan ora-bura zingildəyib qaçan, bir gözündən də daima yaş gələn küçə iti bərq vuran çilçıraqlardan birinin altında dayanıb diqqətlə üzü yuxarı narıncı işığa baxır. Mən itin yanından ötüb keçəndə ayaq saxlayıb onunla birgə işıqdan süzülən şəfəqə tamaşa elədim. Birdən işıqları söndürdülər. İt diksinən kimi oldu. Elə mən də. Sonra it mənə tərəf ani bir nəzər yetirdi. Onun bir gözündən yenə həmişə kimi yaş axırdı. İşıqların söndürülməsi ilə ətrafdakı sehrli mənzərə öz əsrarəngizliyini bir azca itirdi. Mən öz yoluma davam etdim. İt isə eləcə bir gözü yaşlı yolun ortasında çaşıb qalmışdı.

Samirə Əşrəf

TƏQVİM / ARXİV