adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2023 20:00
926
ƏDƏBİYYAT
A- A+

“BALACA QARA BALIQ” KİTABININ SAHİBİ ÇAYDA BATARAQ DÜNYASINI DƏYİŞDİ

SƏMƏD BEHRƏNGİNİN ANADAN OLMASINDAN 84 İL ÖTÜR

Müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi olan Səməd Behrəngi 1939 – cu ilin İyun ayınında Təbrizdə anadan olub. Gənc yaşda dünyasını dəyişən yazıçı sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qəbul edə bilmirdi. Bu minvalla da yazılarında bunu qabarıq şəkildə qeyd edirdi. Lakin onun yazıları şah tərəfindən qadağan olunmuşdu. 

1957-ci ildən etibarən kənd məktəblərində dərs deyən, kitabları ilə yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazan Behrəngi yaxın dostu Bəhruz Dehqani ilə birgə Azərbaycan türkləri yaşayan kəndləri gəzərək Azərbaycan folkloruna aid nümunələri toplayır. Sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirir. 

Yoxsul ailədə dünyaya göz açan Behrənginin atası İzzət bəy fəhlə olmuş və dünyadan tez köçmüşdü. Anası Sara xanım altı övladını tək böyütmək məcburiyyətində qalır.

İlk təhsilini Təbrizdəki "Dəbristani-Tərbiyət və Daneşsərayi"də alıan nasir məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və s. bölgələrində ibtidai sinif müəllimi kimi çalışmağa başlayır. Lakin təhsilə olan böyük həvəsi yazıçını həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil almağa vadar edir. Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxan Behrənginin ilk ədəbi tənqidi və satirik qələm təcrübələri də elə bu dövrə təsadüf edir.

Əmək fəaliyyətinə  müəllim kimi başlamışdı Səməd Behrəngi...  Eyni düşüncəyə sahib olan dostları ilə birgə Azərbaycan kəndlərində folklor nümunələri toplayıb. Lakin onların topladıqları folklor nümunələri azərbaycan dilində olduğu üçün İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətlərinə görə çap olunmadı. Bir müddət keçdikdən sonra bu nağılları fars dilinə çevirərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirdi. Yazdığı nağıllar türk dilində Sirus Mədədi vasitəsilə “Azərbaycan nağılları” adı altında Tehranda çap olundu. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda dərc olunub. 

İlk hekayələri 1959-cu ildən çap olunmağa başladı. “Adət”, “Binam”, bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s... Səməd bir müddət “Mehdi Azadi” və “Adinə” qazetlərində məqalələrlə çıxış edib, sonra, məqalələrini “Məcmueyi məqaleha” (Məqalələr məcmuəsi) adı ilə kitab şəklində çap edib. 

Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur. Elə bu minvalla da İran uşaq ədəbiyyatının banisi desək yanılmarıq. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar. 

Bakıda ilk dəfə kütləvi tirajla buraxılan əsərləri 1987-ci ildə "Məhəbbət nağılı" adlandı. 

 “Balaca qara balıq” əsəri Behrənginin yazdığı ən uğurlu nağıla çevirildi, həm də İran inqilabının manifesti hesab edildi. Sözügedən əsər 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görüldü. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edildi.

1967-ci il avqustun 31- də  28 yaşında dünyasını dəyişir Behrəngi... Araz çayında müəmmalı şəraitdə boğulur. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar, lakin bunun əsaslı sübutu olmadığı üçün dəlil indiyə qədər tapılmayıb. Səməd Behrəngi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilir.

Ölümündən sonra Səməd Behrənginin xatirəsinə şeirlər yazılıb musiqilər bəstələnib. Dostu Əlirza Nabdil Oxtay  "Səməd könlümdədir" şeirini yazır daha sonra isə bu şeirə musiqi bəstələnir.

2014-cü ildən etibarən adına Azərbaycan Yazıçılar Birliyi ilə Dövlət Diaspor Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı tərəfindən "Səməd Behrəngi ədəbi mükafatı" təsis edilib. Mükafat Bütöv Azərbaycan ideologiyası, Güney və Quzey arası əlaqələrin inkişaf etdirilməsi yönündə həyata keçirilir. 

14 mart 2019 - cu il tarixində Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Səməd Behrənginin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

Şəlalə Camal