Misir Mərdanov: “Süni intellektin sürətli inkişafı fundamental elmlər sahəsində...”
Görkəmli alim, Azərbaycanın sabiq təhsil naziri, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov müsahibə verib. Azərbaycanın elm və təhsil tarixində mühüm xidmətləri olan, uzun illər ölkənin təhsil siyasətinin formalaşmasına töhfələr vermiş görkəmli alim elmin müasir çağırışları, ali təhsil sahəsində aparılan islahatlar, rəqəmsal transformasiya, süni intellekt dövründə riyaziyyatın rolu və s. ilə bağlı suallarımızı ətraflı cavablandırıb.
- Hörmətli Misir müəllim, hazırda fəaliyyətinizi Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində davam etdirirsiniz. Son dövrlərdə fakültədə müasir çağırışlar və rəqəmsallaşma fonunda hansı islahatlar həyata keçirilir?
- Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin rəqəmsal texnologiyalarla səmərəli inteqrasiyasını təmin etməkdir. Rəqəmsal transformasiya təkcə yeni texnologiyaların tətbiqini deyil, eyni zamanda təhsil prosesinin məzmununun, idarəetmə mexanizmlərinin və elmi fəaliyyətin təşkilinin müasirləşdirilməsini nəzərdə tutur. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı universitetlərin fəaliyyət modelində mühüm dəyişikliklərə səbəb olub, tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradıb.
Bu baxımdan universitetin Mexanika-riyaziyyat fakültəsində rəqəmsal təhsil mühitinin formalaşdırılması və süni intellektin, müasir texnologiyaların tədris prosesinə inteqrasiyası prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Fakültədə elektron təhsil resurslarının, rəqəmsal təlim platformalarının, virtual laboratoriyaların və müasir proqram təminatlarının tətbiqi imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Elektron tədris materiallarının hazırlanması, distant və hibrid təhsil modellərinin tətbiqi, eləcə də rəqəmsal qiymətləndirmə mexanizmlərinin istifadəsi tədris prosesinin çevikliyini və əlçatanlığını artırmağa xidmət edir.
Eyni zamanda, fakültədə müasir elmin prioritet istiqamətləri nəzərə alınmaqla tədris proqramları yenilənir və zənginləşdirilir. Xüsusilə süni intellekt, maşın öyrənməsi, məlumatların analizi (Data Analytics), böyük verilənlər (Big Data), riyazi modelləşdirmə, hesablama riyaziyyatı və tətbiqi statistika kimi sahələr üzrə bilik və bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətlər üzrə yeni fənlərin tədris planlarına daxil edilməsi tələbələrin müasir əmək bazarının tələblərinə uyğun hazırlanmasına xidmət edir.
Bundan başqa, tələbələrin elmi fəaliyyətə cəlb olunması, onların tədqiqat layihələrində fəal iştirakının təmin edilməsi və beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi fakültənin strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur. Məqsəd yalnız yüksək nəzəri biliklərə malik mütəxəssislərin hazırlanması deyil, eyni zamanda innovativ düşüncə tərzinə malik, müasir texnologiyalara bələd və qlobal elmi mühitdə uğurla fəaliyyət göstərə bilən kadrların formalaşdırılmasıdır.
Nəticə etibarilə, rəqəmsal texnologiyaların tədris və elmi fəaliyyətə inteqrasiyası ali təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi və innovativ inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mexanika-riyaziyyat fakültəsində həyata keçirilən yeniliklər də məhz bu məqsədlərə xidmət edir və fakültənin müasir dövrün çağırışlarına uyğun inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. İnanırıq ki, həyata keçirilən tədbirlər yaxın zamanlarda öz bəhrəsini verərək fakültənin tədris və elmi fəaliyyətində daha yüksək nəticələrin əldə olunmasına və beynəlxalq elmi mühitə inteqrasiyanın daha da güclənməsinə şərait yaradacaqdır.
- Ömür yolunuza nəzər saldıqda – alim, müəllim və dövlət xadimi kimi fəaliyyətinizdə ən vacib missiyanız, xidmətləriniz nədən ibarətdir?
- Həyatım və peşə fəaliyyətim boyu qarşıma qoyduğum əsas məqsədlərdən biri ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq savadlı, yüksək intellektual potensiala malik, milli-mənəvi dəyərlərə sadiq və beynəlxalq rəqabət mühitində uğurla fəaliyyət göstərə bilən gənc nəslin formalaşmasına töhfə vermək olub. İnanıram ki, hər bir cəmiyyətin davamlı inkişafı ilk növbədə insan kapitalının keyfiyyətindən, gənclərin aldığı təhsilin səviyyəsindən və onların vətəndaş mövqeyindən asılıdır.
Fəaliyyətim ərzində təhsil sisteminin inkişafına, elmi potensialın gücləndirilməsinə və milli kadr hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişəm. Müasir dövrdə təhsil və elm bir-birini tamamlayan, cəmiyyətin sosial-iqtisadi tərəqqisini təmin edən əsas amillərdir. Milli kadr potensialının inkişafı hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Buna uyğun olaraq fəaliyyətimdə tədris prosesi ilə yanaşı, tələbələrdə tədqiqat bacarıqlarının formalaşdırılması, analitik düşüncənin inkişafı, innovativ yanaşmaların təşviqi və elmi yaradıcılığa marağın artırılmasına xüsusi önəm vermişəm. Hesab edirəm ki, müasir müəllimin əsas missiyası yalnız bilik ötürmək deyil, eyni zamanda tələbələri müstəqil düşünməyə, araşdırmağa və yeni biliklər yaratmağa yönləndirməkdir.
Təbii ki, təhsil sahəsində əldə olunan nəticələrin ən mühüm göstəricilərindən biri də məzunların həyatın sonrakı mərhələlərində əldə edəcəkləri nailiyyətləridir. Bu baxımdan hesab edirəm ki, hər bir müəllimin ən böyük nailiyyəti və ən dəyərli mükafatı onun yetişdirdiyi tələbələrin cəmiyyətdə qazandığı uğurlar, əldə etdiyi elmi və peşəkar nəticələrdir. Müəllimin verdiyi bilik və aşıladığı dəyərlər tələbələrin həyat yolunda öz əksini tapdıqda, onların müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlər müəllimin əməyinin ən gözəl bəhrəsinə çevrilir. Tələbələrinin uğurları ilə qürur duya bilmək müəllimlik peşəsinin ən böyük mənəvi qazancıdır.
Bu baxımdan müəllim-tələbə münasibətləri təkcə auditoriya çərçivəsi ilə məhdudlaşmır, davamlı elmi və mənəvi məktəb formalaşdırır. Zaman keçdikcə bu məktəbin yetirmələrinin müxtəlif sahələrdə qazandığı uğurlar həmin ənənənin yaşadığını və inkişaf etdiyini göstərir.
Bu gün də fəaliyyətimin əsas məqsədi təhsil və elm sahəsində əldə etdiyim bilik və təcrübəni gənc nəslin inkişafına yönəltmək, onların müasir dövrün tələblərinə uyğun formalaşmasına dəstək olmaq və ölkəmizin intellektual potensialının gücləndirilməsinə töhfə verməkdir. İnanıram ki, savadlı, vətənpərvər, yaradıcı və məsuliyyətli gənclərin yetişdirilməsi Azərbaycanın gələcək inkişafının, elmi tərəqqisinin və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinin əsas təminatlarından biri olacaq.
- Misir müəllim, son illər dövlət başçımız İlham Əliyev tərəfindən süni intellektin, eləcə də bu çərçivədə elm və təhsilin inkişafı ilə bağlı mühüm çağırışlar səsləndirilir. Sizcə, bu strateji yanaşma ölkəmizdə fundamental elmlər sahəsində hansı keyfiyyət dəyişikliklərini zəruri edir?
- Süni intellekt texnologiyalarının son illərdə sürətlə inkişaf etməsi və həyatın müxtəlif sahələrinə nüfuz etməsi fundamental elmlərin strateji əhəmiyyətini daha da artırıb. Müasir süni intellekt sistemlərinin əsasını təşkil edən alqoritmlər, maşın öyrənməsi modelləri, neyron şəbəkələri və verilənlərin emalı metodları bilavasitə riyaziyyat, fizika və informatika kimi fundamental elm sahələrinin nailiyyətlərinə əsaslanır. Bu səbəbdən süni intellektin inkişafı yalnız texnoloji yeniliklərin tətbiqi ilə deyil, eyni zamanda fundamental elmi biliklərin dərinləşdirilməsi və yeni nəzəri yanaşmaların formalaşdırılması ilə sıx bağlıdır.
Bundan əlavə, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda insan kapitalının inkişafı və yüksəkixtisaslı kadr hazırlığı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Strategiyada süni intellekt sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması məqsədilə təlim və elmi proqramların genişləndirilməsi, ali təhsil müəssisələrində müasir tələblərə cavab verən yeni tədris proqramlarının hazırlanması və bu sahədə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.
Əminliklə demək olar ki, riyaziyyat süni intellektin nəzəri əsasını təşkil edən başlıca elm sahəsidir. Xətti cəbr, riyazi analiz, ehtimal nəzəriyyəsi, statistik metodlar, optimal idarəetmə və diferensial tənliklər kimi istiqamətlər müasir süni intellekt sistemlərinin qurulmasında mühüm rol oynayır. Fizika mürəkkəb sistemlərin modelləşdirilməsi, hesablamaların optimallaşdırılması və təbii proseslərin öyrənilməsi baxımından süni intellektin inkişafına əhəmiyyətli töhfələr verir. İnformatika isə alqoritmlərin yaradılması, proqram təminatının hazırlanması, verilənlərin idarə olunması və hesablama sistemlərinin inkişafı vasitəsilə bu texnologiyaların praktik reallaşdırılmasını təmin edir. Beləliklə, süni intellekt müxtəlif elmi sahələrin inteqrasiyası nəticəsində formalaşan multidissiplinar istiqamət kimi çıxış edir.

Elmi potensialın gücləndirilməsində gənc alimlərin rolu xüsusilə böyükdür. Gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların beynəlxalq təcrübə proqramlarında iştirakının təşviq olunması, qrant layihələrinə çıxış imkanlarının genişləndirilməsi və elmi karyera üçün əlverişli şəraitin yaradılması fundamental elmlərin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edim ki, süni intellekt sahəsində əldə olunan nailiyyətlərin davamlı və səmərəli olması beynəlxalq elmi əməkdaşlığın inkişafından da asılıdır. Müasir elmi problemlər çox vaxt bir ölkənin və ya bir elmi mərkəzin imkanlarını aşdığı üçün beynəlxalq tədqiqat şəbəkələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi və elmi bilik mübadiləsinin genişləndirilməsi önəmlidir. Xaricdə fəaliyyət göstərən ali məktəblər, tədqiqat mərkəzləri, institutlar və texnologiya şirkətləri ilə elmiəlaqələrin qurulması yeni biliklərin əldə edilməsinə, qabaqcıl təcrübələrin mənimsənilməsinə imkan yaradır.
- Misir müəllim, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması ilə bağlı mühüm strateji vəzifələr müəyyənləşdirilib. Sizin fikrinizcə, bu istiqamətdə ali təhsil qurumları və elmi müəssisələrdən əsas gözləntilər nədən ibarətdir?
- Doğrudur, cənab Prezident son zamanlarda çıxışlarında Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması və bu istiqamətdə strateji hədəflərin müəyyənləşdirilməsi ilə bağlı mühüm mesajlar verib. Bu yanaşma ölkənin gələcək inkişaf modelində rəqəmsallaşmanın və innovativ texnologiyaların əsas yer tutduğunu bir daha göstərir.
Məlumdur ki, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə də kadr hazırlığı məsələsi əsas prioritetlərdən biri kimi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində peşəkar kadrların hazırlanması uzunmüddətli və davamlı prosesdir. Bu baxımdan həm ölkə daxilindəki ali təhsil müəssisələrində, həm də dövlət proqramları çərçivəsində xaricdə təhsil alan tələbələrin bu istiqamətdə hazırlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Fikrimcə, bütün bu çağırışları nəzərə alaraq, ali təhsil müəssisələri və elmi təşkilatlar qarşısında əsas gözləntilər tədris və tədqiqat proseslərinin müasir texnoloji tələblərə uyğunlaşdırılması, rəqəmsal bacarıqlara malik kadrların hazırlanması və elmi nəticələrin praktiki tətbiq imkanlarının genişləndirilməsi ilə bağlıdır. Eyni zamanda, universitetlər və elmi mərkəzlər innovasiya yönümlü fəaliyyətlərini gücləndirməli, rəqəmsal transformasiya prosesində fəal iştirak etməlidirlər.
Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyəti yalnız biliklərin ötürülməsi və yüksəkixtisaslı kadrların hazırlanması ilə məhdudlaşmamalıdır. Qlobal iqtisadiyyatın və texnoloji inkişafın sürətlə dəyişdiyi bir şəraitdə universitetlər eyni zamanda innovasiya, tədqiqat və texnoloji tərəqqinin aparıcı mərkəzləri kimi fəaliyyət göstərməlidirlər. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə universitetlər yalnız təhsil verən qurumlar deyil, həm də yeni ideyaların formalaşdığı, elmi yeniliklərin meydana gəldiyi və onların iqtisadiyyata transfer olunduğu strateji platformalar rolunu oynayırlar.
Məlumdur ki, rəqəmsal transformasiya və IV Sənaye İnqilabı şəraitində əmək bazarının tələbləri də əhəmiyyətli dərəcədə dəyişib. Buna görə də ali təhsil müəssisələri tədris proqramlarını müasir dövrün çağırışlarına uyğunlaşdırmalı, tələbələrdə yalnız nəzəri biliklər deyil, həm də rəqəmsal bacarıqlar, innovativ düşüncə və praktik problem həll etmə qabiliyyətləri formalaşdırmalıdırlar.
Elmi müəssisələrin fəaliyyəti də müasir inkişaf strategiyalarına uyğun olaraq yalnız fundamental tədqiqatların aparılması ilə məhdudlaşmamalıdır. Elmi nəticələrin innovativ məhsullara, texnologiyalara və praktik həllərə çevrilməsi müasir elmin əsas məqsədlərindən biri hesab olunur. Bu baxımdan tədqiqat institutları və elmi mərkəzlər yeni texnologiyaların yaradılması, onların tətbiqi və kommersiyalaşdırılması prosesində daha fəal iştirak etməli, dövlət və özəl sektorla səmərəli əməkdaşlıq mexanizmləri qurulmalıdır.
Nəticə etibarilə, müasir universitetlər və elmi müəssisələr ölkənin intellektual və texnoloji inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış etməlidir. Onların fəaliyyətində təhsil, elm, innovasiya və istehsalat arasında sistemli inteqrasiya təmin olunmalı, elmi nəticələrin praktik tətbiqinə və iqtisadi dövriyyəyə çıxarılmasına imkan verən institusional mexanizmlər formalaşdırılmalıdır. Bu yanaşma elmi nailiyyətlərin cəmiyyətin sosial-iqtisadi inkişafında daha səmərəli transformasiyasına şərait yaradır.
Beləliklə, qeyd olunan istiqamətlər üzrə ardıcıl və kompleks fəaliyyət ölkənin qlobal elmi-texnoloji rəqabət qabiliyyətinin yüksəldilməsinə, insan kapitalının inkişafına və bilik iqtisadiyyatının möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
- Məlumdur ki, bu gün süni intellekt və rəqəmsal texnologiyaların əsasında məhz riyaziyyat elmi dayanır. Necə düşünürsünüz, ölkəmizdə orta təhsil müəssisələri və ali məktəblərdə riyaziyyatın tədrisinin müasir texnoloji reallıqlara uyğunlaşdırılması üçün hansı islahatların həyata keçirilməsi zəruridir?
- Əvvəla qeyd etmək lazımdır ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə riyaziyyatın digər elm və texnologiya sahələri ilə inteqrasiyasına xüsusi diqqət yetirilməlidir. Məktəblərdə və ali təhsil müəssisələrində proqramlaşdırma, məlumatların təhlili, süni intellekt, statistik modelləşdirmə və riyazi modelləşdirmə kimi istiqamətlərin tədris prosesinə daha geniş şəkildə daxil edilməsi tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə şərait yaradar. Riyazi biliklərin praktiki problemlərin həllində tətbiqi həm tədrisin keyfiyyətini yüksəldər, həm də gənclərdə bu elmə marağın artmasına səbəb olar.
Təhsil sisteminin uğuru, ilk növbədə, müəllimin peşəkarlığından asılıdır. Buna görə də riyaziyyat müəllimlərinin davamlı peşəkar inkişafı, onların yeni pedaqoji texnologiyalar, rəqəmsal tədris vasitələri və innovativ qiymətləndirmə metodları ilə tanış olması mühüm əhəmiyyət kəsb edir. Müəllimlərin ixtisasartırma proqramlarında, beynəlxalq təlimlərdə və elmi-metodik seminarlarda müntəzəm iştirakı tədris prosesinin müasirləşdirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Eyni zamanda, riyaziyyatın tədrisində şagird və tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların müstəqil düşünməyə təşviq olunması və tədqiqat bacarıqlarının formalaşdırılması prioritet istiqamətlərdən biri olmalıdır. Belə yanaşma gələcəkdə yalnız yüksək səviyyəli riyaziyyatçıların deyil, həm də müxtəlif sahələrdə mürəkkəb problemləri həll edə bilən, innovativ düşüncəyə malik mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcəkdir.
- Və son olaraq, uzun illər Azərbaycanın təhsil naziri kimi fəaliyyət göstərən bir şəxs kimi orta məktəb şagirdlərinə, xüsusən də gənc riyaziyyatçı alimlərə özlərini daha da inkişaf etdirmələri və elm sahəsində uğur qazanmaları üçün hansı tövsiyələri vermək istərdiniz?
- Qloballaşan dünyada xarici dillərin, xüsusilə ingilis dilinin yüksək səviyyədə mənimsənilməsi elmi fəaliyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. Xarici dilləri bilmək beynəlxalq elmi ədəbiyyata, nüfuzlu elmi jurnallara və müasir tədqiqat nəticələrinə çıxış imkanı yaradır. Bu isə, gənc tədqiqatçıların elmi dünyagörüşünün genişlənməsinə, yeni ideyalarla tanış olmasına və elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun qurmasına şərait yaradır. Həmçinin müasir informasiya-kommunikasiya texnologiyalarından, süni intellekt alətlərindən və rəqəmsal elmi platformalardan səmərəli istifadə etmək tədqiqat prosesinin keyfiyyətini və məhsuldarlığını artıran vacib amillərdəndir.
Əlbəttə ki, müasir elmin inkişafı beynəlxalq əməkdaşlıq olmadan təsəvvür edilə bilməz. Bu baxımdan xarici ölkələrdə çalışan alimlərlə elmi əlaqələrin qurulması, beynəlxalq konfranslarda, simpoziumlarda və seminarlarda fəal iştirak edilməsi, müxtəlif elmi layihələr çərçivəsində birgə tədqiqatların aparılması önəmlidir. Belə əməkdaşlıq həm elmi təcrübə mübadiləsinə, həm də yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Bundan əlavə, beynəlxalq elmi mühitdə fəaliyyət göstərmək gənclərin peşəkar inkişafını sürətləndirir, onların elmi nəticələrinin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır və ölkənin elmi potensialının gücləndirilməsinə mühüm töhfə verir.
Xüsusilə, gənclər unutmamalıdırlar ki, elm sahəsində böyük nailiyyətlər qısa müddətdə əldə olunmur. Hər bir uğurun arxasında uzun illərin zəhməti, ardıcıl axtarışlar, qarşıya çıxan çətinliklərin dəf edilməsi və məqsədə doğru inamla irəliləmək dayanır. Buna görə də məqsədyönlülük, əzmkarlıq, məsuliyyətlilik və zəhmətdən çəkinməmək elmi fəaliyyətin əsas prinsipləri hesab edilməlidir. İnanıram ki, bilik və bacarıqlarını daim inkişaf etdirən, yeniliklərə açıq olan və elmi fəaliyyətə ciddi yanaşan gənclər gələcəkdə həm ölkəmizin, həm də dünya elminin inkişafına əvəzsiz töhfələr verəcəklər.
Gənclərin elmi uğur qazanmasında düzgün istiqamət seçimi və güclü elmi mühitdə formalaşması xüsusi əhəmiyyət daşıyır. Təcrübəli alimlərin rəhbərliyi altında çalışmaq, elmi müzakirələrdə fəal iştirak etmək və müxtəlif tədqiqat layihələrinə qoşulmaq onların həm nəzəri biliklərini, həm də praktik tədqiqat bacarıqlarını daha da gücləndirir.
Digər mühüm məqam isə gənclərin yalnız dar ixtisas çərçivəsində deyil, fənlərarası yanaşma ilə bilik və bacarıqlara yiyələnməsidir. Müasir elmin inkişaf tendensiyaları göstərir ki, müxtəlif sahələrin kəsişməsi daha müsbət nailiyyətlərin əldə olunmasına imkan yaradır. Buna görə də riyaziyyat, informatika, fizika və digər fundamental elmlər arasında əlaqələri dərk edən və bu bilikləri inteqrasiya edə bilən gənclər gələcəkdə daha innovativ və rəqabətqabiliyyətli fəaliyyət göstərə biləcəklər.
Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
Digər Xəbərlər
09 Iyun 2026 11:27
Əliyalınlıq qeyrətiyalınlıq deyilmiş!
08 Iyun 2026 19:00
AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev ilə - MÜSAHİBƏ
27 May 2026 15:10
Aqil Abbasın Rəmiş oğurluğu
21 May 2026 13:27
Nigar Carullaoğlu: “Orada bütün zəngin insanları təhsilin inkişafına cəlb edirdilər”
19 May 2026 09:01
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - FOTOLAR
08 May 2026 11:13
Talassemiya daşıyıcıları nələri bilməlidir? - Səhiyyə Nazirliyinin hematoloqu cavablandırır
06 May 2026 19:10
Dəli şeytan deyir ki...
01 May 2026 11:07


Bakı -°C

